Vətən müharibəsinin xronikası: 3 oktyabr
• “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”, - Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barədə paylaşım edib.
• Dövlətimizin başçısı Azərbaycan Ordusunun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etməsi barədə məlumat verib.
• Prezident İlham Əliyev işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib.
• Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.
• Azərbaycanın Baş prokurorunun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs – 3 qadın və 2 azyaşlı həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.
Azvision.az
Teqlər: Vətənmüharibəsi