“Əsrin müqaviləsi” ilə “Əsrin savaşı”nın Suqovuşanı - Sahib Alıyevin yazısı

  03 Oktyabr 2021    Oxunub :1052
   “Əsrin müqaviləsi” ilə “Əsrin savaşı”nın Suqovuşanı - Sahib Alıyevin yazısı
Sahib Alıyev
Milli Məclisin deputatı,
Siyasi şərhçi


Şuşa getmişdi, Ağdam getmişdi, Füzuli getmişdi. Qarabağın böyük bir hissəsi, Zəngilanı çıxmaqla Şərqi Zəngəzur bütünlüklə işğal altındaydı. Düz 28 il öncə belə bir vəziyyətdə Azərbaycanda prezident seçkisi keçirilirdi. Əslində xalq gözəl anlayırdı ki, bu seçkidə Heydər Əliyevin alternativi ancaq Heydər Əliyev özüdür. Yəni ancaq o özü seçilmək istəmədiyini desəydi, onda başqası üçün şans yarana bilərdi. Amma o başqası da yox idi axı. Hər kəs, qəti əleyhdarları da yaxşı fərqindəydilər ki, bu məmləkəti düşdüyü təhlükəli, təhlükəli olduğu qədər də acınacaqlı və alçaldıcı vəziyyətdən çıxaracaq bir adam varsa, o da elə Heydər Əliyevdir.
Xalqın Heydər Əliyevin bütün çətinlikləri aşa biləcəyinə əminliyi bəlkə də Ulu Öndərin özünün özünə, öz gücünə əminliyindən daha yüksək idi. Çünki xalqdan fərqli olaraq, Heydər Əliyev Azərbaycanın təkcə Ermənistanla savaşmadığını və düşmənə bir deyil, bir neçə dövlətin yardım etdiyini, hansı yırtıcılarla üz-üzə durduğumuzu, bizə necə tələlər qurulduğunu bütün incəliklərinə qədər bilirdi.

Düşmənə də, onun arxasında duranlara da bir lider böyükdürsə və xalqı da ondan ikiəlli yapışıbsa, bunun nəyə aparıb çıxaracağı tarixdən bəlli olduğundan, ilk növbədə Heydər Əliyevə güvəni öldürməyə çalışırdılar və seçkidən sonra da o yöndə addımlar atmağa başladılar. Ona görə də Prezident seçilməsindən heç bir ay ötməmiş Zəngilanı da işğal etdilər.

Və o zaman din qardaşlarının necə Araza doğru sıxışdırıldığını görən İran nədənsə heç bir hərbi təlim keçirmək fikrinə düşmədi. O taydakı soydaşlarımız çayı keçənlərə bacardıqları yardımı əsirgəməsələr də, molla rejimi bütün bu baş verənləri məmnunluq dolu baxışlarla seyr etməklə kifayətləndi. Sonradan həmin Zəngilandakı qarışıq işğal altındakı torpaqlarımızda 60-dan artıq məscidin dağıdılmasını, bəzilərinin içərisində donuz, mal-qara saxlanmasını da rəsmi Tehran görməzdən gəlməyi üstün tutdu.

Bir sözlə, düşmənə dəstək verən bəlli çevrələr aşılamağa çalışırdılar ki, Azərbaycanın müstəqilliyi üçün heç bir şans yoxdur və verməyəcəklər. Biz ya Ermənistandan betər forposta çevrilmək yolunu seçməli, ya da bölgə-bölgə parçalanmalıydıq. Ölkəmiz üçün cızılan plan bu idi.
Amma son dərəcə acınacaqlı durumda olmamıza rəğmən uğurlu Horadiz əməliyyatıyla Ulu Öndər göstərdi ki, bizi diz çökdürmək niyyəti təkcə proksi-Ermənistana deyil, ondan alət kimi faydalananlara da baha başa gələcək. Adını çəkməyə ehtiyac duymadığım digər əməliyyatlarla da bu ölkəni bölgə-bölgə parçalamağa qalxanların əl-qolu bağlandı, bir hissəsi isə zərərsizləşdirildi. Heydər Əliyev dəmir iradəsi, fövqaladə təşkilatçılıq bacarığı və uzaqgörənliyilə bəlli gücləri yaratdığı reallıqla hesablaşmağa məcbur etdi.

Bütün bunlar baş verməsəydi, Bişkek protokolundan söhbət belə getməyəcəkdi. Ermənistanda elə sanırdılar ki, bu protokol arxasında başqlarının durudğu, amma onların adına yazılan qələbəylə Azərbaycanın tam da olmasa, hər halda razılaşması, ən azından Qarabağın "dağlıq" adlandırılan hissəsindən vaz keçməsi deməkdir. Heydər Əliyevə isə o sənəd “Əsrin müqaviləsi”ni bağlamağa vaxt qazanmaq üçün lazım idi. “Əsrin müqaviləsi”nin nə demək olduğunu və nəyə aparıb çıxaracağını da onun özü qədər dəqiq görən yox idi. Əgər görə bilsəydilər, bəlkə də törətdiklərindən qat-qat artıq əngəllər yaratmaqla bunun qarşısını alardılar. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin qəti şəkildə bu anlaşmanın əleyhinə çıxmasına baxmayaraq, həmin ölkənin digər rəsmləri 1994-cü ilin 20 sentyabrında Bakıya göndərilməzdi.

İndi biz görürük ki, “Əsrin müqaviləsi”ndən Azərbaycanın düşmən və ondan geosiyasi məqsədlə faydalanlar üzərində qələbəsiylə nəticələnən “Əsrin savaşı” doğdu.

Bu günü - Heydər Əliyevin ilk Prezident seçildiyi 3 oktyabrı artıq “Əsrin savaşı”nda açar mövqelərdən biri - Suqovuşanın düşməndən azad olunması tarixi kimi qeyd etməyə başlamışıq ki, burada da bir rəmzlik yox deyildir. Bu o deməkdir ki, Suqovuşanın, eləcə də digər torpaqlarımızın işğaldan azad edilməsində müzəffər Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz qədər olmasa da, 1993-cü ilin 3 oktyabr seçkisində böyük Heydər Əliyevə səs verənlərin hamısının payı var. O payın arxasında onların zəhmət çəkib, evlərindən səsvermə məntəqələrinə gedib doğru seçim etmələri durur.

Qoy böyük zəfərimizin himini qoyan ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun! Tanrı dövlətimizi, ordumuzu, müzəffər Ali Baş Komandanımızı qorusun!

Teqlər: Vətən-Müharibəsi  







Xəbər lenti