İlham Əliyev: "Suqovuşanın azad edilməsi böyük əhəmiyyət kəsb edirdi"

  04 Oktyabr 2021    Oxunub :264
      İlham Əliyev:    "Suqovuşanın azad edilməsi böyük əhəmiyyət kəsb edirdi"
Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edildi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin.
Azvision.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Talış kəndində və Suqovuşan qəsəbəsində dövlət bayrağını ucaltdıqdan sonra çıxış edərkən bildirib.

Suqovuşan qəsəbəsinin azad edilməsinin strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən ilin oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi”.

Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli cəhətindən danışan dövlətimizin başçısı deyib ki, birinci kəndlər - 6 kənd sentyabrın 27-də müharibənin ilk günündə azad olunmuşdu, oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi.

“Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”, - deyə Azərbaycan Prezidenti bildirib.

Azvision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti