"Qorxmuyoruq, naoborot qızışıyoruq” - Gəncə terrorunun bir ili - FOTOLAR

     "Qorxmuyoruq, naoborot qızışıyoruq”    - Gəncə terrorunun bir ili -    FOTOLAR
  04 Oktyabr 2021    Oxunub:2218
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində əks-hücum əməliyyatları uğurla davam edirdi. 30 ilə yaxın davam edən işğaldan boğaza yığılmış qəhrəman əsgərimiz böyük şücaət və qəhrəmanlıqlar göstərərək sürətlə irəliləyir, düşməni tülkü kimi qovurdu. Ordumuz cəmi bir həftə əzində tarixdə görünməmiş hünərlə doğma torpağımızın xeyli ərazisini murdar erməni tapdağından təmizləmişdi. Artıq Tərtərin Suqovuşan, Füzulinin Qaraxanbəyi, Aşağı Əbdülrəhmanlı, Yuxarı Əbdülrəhmanlı, Qərvənd, Horadiz, Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndləri, Tərtərin Talış kəndi, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybən, Quyucaq kəndləri, Cəbrayıl şəhəri, böyük strateji əhəmiyyətə malik Murovdağ zirvəsi və bir çox digər mövqelər işğaldan azad olunmuşdu.
Üzbəüz, açıq və mərdi-mərdanə döyüşdə ard-arda qazanılan parlaq qələbələr Ali Baş Komandan İlham Əliyevin yürütdüyü düzgün döyüş taktikası, etdiyi inamlı çıxışlar, verdiyi mesajlar ordumuzu və xalqımızı ruhlandırdıqca, düşmən daha çox vəlvələyə düşür, özünü tələyə düşmüş siçan kimi ora-bura təpir, girməyə dəlik axtarırdı. Ermənistan siyasi rəhbərliyinin etdiyi siyasi, diplomatik səylər heç bir nəticə vermir, düşmən orduda fərarilik halları hər gün artırdı, hay generalları başlarını tamamilə itirmişdilər.



Çıxılmaz və miskin duruma düşmüş ermənilər yenə də öz xain xislətlərinə sadiq qalaraq, bütün beynəlxalq normaları, müharibə qanunlarını, kobudcasına pozaraq, ən əsası da elementar humanist-mənəvi dəyərləri ayaq altına alaraq Azərbaycanın mülki yaşayış məntəqələrini, dinc əhalini hədəf almağa başladılar. Bununla onlar döyüş bölgəsinə yaxın ərazidə yaşayan əhalini qorxutmağa, insanlar arasında panika yaratmağa, verdikləri itkilərin əvəzini çıxmağa çalışırdılar. Onlar həm də bu anti-insanı üsulla dinc əhalini ərazidən uzaqlaşmağa məcbur edə biləcəklərini düşünürdülər. Ancaq bu namərd hərəkət suda boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyildi. Raket-top zərbələri nəticəsində ağır qurbanlar verən xalqımız öz ev-eşiyini, məhəlləsini, şəhərini bir saniyə də tərk etmədi və aqoniya vəziyyətində olan cinayətkar erməni yaraqlılarının murdar arzularını gözündə qoydu. Xalqımız bu zaman həm də öz Prezidentinin, Ali Baş Komandanının dəmir iradəsinə, qətiyyətinə güvəndi, qəhrəman ordumuzdan, igid əsgərlərimizdən və etiraf edək ki, həmin günlərdə onunla birlikdə olan, onu tərk etməyən məmurlarımızdan, jurnalistlərimizdən güc aldı.



Xankəndi ərazisində yerləşən Ermənistan silahlı qüvvələri əvvəlcə Tərtər şəhərini və Füzuli rayonunun Horadiz qəsəbəsini raket atəşinə tutdular. Azərbaycan Ordusu da, təbii ki, düşmənə qarşı adekvat cavab tədbirləri görürdü. Bununla belə, dalbadal uğradığı məğlubiyyətdən azğınlaşmış və quduzlaşmış təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirirdi.



İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərini ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakini İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evin dağıntılar altında qalaraq həlak oldular. Şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələri 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızını ağır yaraladı. Şəhərdə çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəydi.



Təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşən top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.



Düşmən təxribatı nəticəsində ölənlərin sayı 22-yə, yaralıların sayı 74-ə çatdı. 248 yaşayış evinə, 49 mülki obyektə ciddi ziyan dəydi.



Düşmən Füzuli rayonu ərazisini, Ağdam və Tərtərin kəndlərini də artilleriya atəşinə tuturdu.

Eyni vaxtda erməni KİV-ləri Ermənistan ordusunun hərbçiləri arasında ölənlərin və yaralıların hədsiz çox olduğu haqda xəbərlər verirdilər. Ermənistanın “Znak.com” saytı yaralıların yerləşdirildiyi hospitalın cərrahına istinadən son iki gündə yaralananların sayının kəskin dərəcədə artması barədə məlumat yaymışdı. O, bir gündə hospitala 60 yaralı gətirildiyini, “ölü sayının həddən artıq olduğunu” bildirirdi.



Erməni ordusu verdiyi ağır itkilərin hayıfını Azərbaycanın dinc əhalisindən çıxmağa çalışırdı. Qurşaqdan aşağı zərbəyə alışmış erməni xislətindən başqa nə gözləmək olardı ki?!

Bəli, namərd düşmən okytabrın 4-də səhər saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyatı olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmağa başladı.




Elə həmin gün hadisə yerinə yollanan Prezidentin köməkçisi Hikmət Hacıyev saat 15.04-də “Ermənistan ərazisindən Gəncəyə raketlər atıldığını” təsdiqləyən bəyanatla çıxış etdi. O bildirdi ki, “Ermənistan silahlı qüvvələri beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə edir…
Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq, aidiyyəti beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya və raket atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar edib. Ancaq onlar buna əməl etməkdənsə, növbəti dəfə riyakarlıq nümayiş etdirdilər. Bu bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır”, - Prezidentin köməkçisi öz çıxışında vurğuladı.



Saat 15 radələrində Ermənistan ordusunun sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olduğu, 4 nəfərin yaralandığı, şəhərə böyük ziyan dəydiyi haqda məlumat bütün dünyaya yayıldı.



Həmin günlər ərzində Ermənistan insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdı. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəymişdi.

Saat 17 radələrində Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Twitter” səhifəsində bunları yazdı: “Mülki obyektlərə və dinc sakinlərə zərbə endirmək olmaz… Təəssüf ki, hərbi əməliyyatlar zamanı bundan tamamilə qaçmaq mümkün deyil. Ancaq şəhərlərə zərbə endirməyə hazır olmaqla bağlı bəyanat qırmızı xətti keçməkdir. Birmənalı olaraq - Haaqa”.



Saat 17.56-da yenidən brifinq keçirən Hikmət Hacıyev Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı cinayətləri davam etdirdiyini, bu gün yenə Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən, o cümlədən “Smerç” raketlərindən atəşə tutduğunu, mülki insanlar arasında yaralananlar və həlak olanlar olduğunu bildirdi.



Axşam saat 19.24-də Azərbaycanın Baş Prokuroru Kamran Əliyev ermənilərin Gəncə şəhərini atəşə tutması nəticəsində 1 nəfərin həlak olduğu, 32 nəfərin xəsarət aldığı haqda bəyanat verdi: "Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir".



Gəncənin və Azərbaycanın digər yaşayış məntəqələrinin xaincəsinə atəşə tutulması, çoxsaylı qurbanlar və yaralılar (ümumilikdə 24 mülki şəxs ölmüş, 111 nəfər yaralanmışdı) düşməni gözləntisinin əksinə xalqımızın gözünü qorxutmadı. Millətimiz daha da sıx birləşərək, səfərbər oldu, ordumuza daha çox maddi və mənəvi dəstək oldu. Gəncənin bombardman olunduğu həmin günlərdə çəkilən bir süjet, demək olar, bütün dünyaya yayıldı və populyar oldu. Bir türk televiziyasına müsahibə verən orta yaşlı gəncəli kişinin müxbirin “korkmuyor musunuz?” sualına “naoborot, qızışıyoruq” cavabı hamımız güldürüb, ruhlandırmaqla yanaşı, xalqımızın nə dərəcədə qorxmaz, cəsur, yenilməz olduğunu bütün dünyaya göstərdi.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Gəncə-terroru   1-ciildönüm  





Xəbər lenti