"Evimizi görəndə gözlərimə inanmadım" - Gəncə terrorunun qurbanı

 "Evimizi görəndə gözlərimə inanmadım" -  Gəncə terrorunun qurbanı
  04 Oktyabr 2021    Oxunub:1582
2020-ci ilin bu günü ermənilərin Gəncəyə atdıqları uzaqmənzilli raket zərbələri nəticəsində zərər çəkən şəhər sakinlərindən biri Ceyran Musayeva olub. Müharibənin cəbhə xətində getdiyini düşünən Ceyran Musayeva bilməzdi ki, döyüş meydanından kilometrlərcə uzaqda olan Gəncəyə raket atılar, insanlar şəhid olar.
Dəhşətli anları yenidən xatırlayan C.Musayeva Azvision.az ilə söhbətində bir an belə ümidlərini itirmədiklərini deyib. O əmin idi ki, Azərbaycan Ordusu qalib gələcək, torpaqlarımız işğaldan azad olunacaq və şəhidlərin qisası alınacaq. Səhər gözlərini terrorla açsalarda, axşam Ali Baş Komandanın müjdəsini eşidib, sevinirdilər. Cəbrayıl işğaldan azad olunmuşdu:

- Ötən ilin bu günü mətbəxdə iş görürdüm. Qonşu ehsan verirdi, məni də çağırdı. Onunla söhbət edəndən sonra bir az pəncərədən baxdım. Elə bu an uğultu eşidildi. Baxdım ki, raket gəlir. Bunu deyib qışqırdım ki, qonşular evdən çıxsın. Heç kim inanmadı. Uşaqları götürüb dərhal zirzəmiyə düşdüm. İlk raketin düşməsinin canlı şahidi oldum. Bir az keçəndən sonra yenidən evə qalxıb, uşaqlar üçün yemək və isti paltar götürdüm. Üçüncü dəfə artıq zirzəmiyə qayıdanda raket düşdü, mən də pilləkənlərdən yıxıldım. Həmin vaxt qonşulardan bəzisi zirzəmiyə düşmüşdü, bəzisi çöldə qalmışdı. Çöldə qalanlardan yaralananlar çox oldu.


Oktyabrın 4-də Gəncəyə 3 raket atılıb. Birinci raket Əziz Əliyev küçəsinə, ikincisi çayın kənarına, üçüncüsü isə Ceyran Musayevanın evinə düşüb.
- Evdən əsər-əlamət qalmamışdı. Hər şey dağılmışdı. Oradan insanın sağ çıxması mümkün deyildi. Raket düşəndən 5 dəqiqə keçməmiş gənclərimiz gəlib, bizləri zirzəmidən çıxardılar. Sağ olsun Azərbaycan xalqı, gənclər həmin an canlarını belə düşünmədən, köməyə gəlir, insanları dağıntıların altından çıxarırdılar. Zirzəmidən çıxanda heç evə fikir verməmişdim. Sonra mənə evimizin dağıldığı deyiləndə, inanmadım. Səhərisi gün gəlib gözlərimlə görəndə, dəhşətə gəldim. Bu, insanlığa sığmayan hərəkət idi. Ermənilər uduzduqları müharibənin qisasını dinc sakinlərdən almaq istəyirdilər. Amma istəklərinə nail olmadılar, biz ruhən ölmədik. Gəncə əhalisi bir an belə şəhəri tərk etmədi. Biz hər bir qələbəni, Zəfər gününü də Gəncədə qeyd etdik.


Yeni evlərlə təmin edilən terror qurbanları bu gün hadisə yerinə toplaşıb, baş verənləri xatırladıblar. Hər kəs həmin gün nələr yaşadığını deyib. "Xəstəxanadan yoldaşımın qardaşıgilə getdik. Cəbrayılın işğaldan azad olunmasını orada eşitdik, çox sevindik. Səhərimizi terrorla açmağımız biz sarsıtmadı. Gəncənin qisasını ermənilərdən fərqli olaraq, döyüş meydanında aldıq. Terror ağır şeydir. O günləri heç kimə arzulamıram. İstəmirəm ki, uşaqlarımız bir də ölkəmizin üstündə qara buludlar görsünlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəncə   Terror  





Xəbər lenti