"Prezident hər birimizi dinlədi" - Cəbrayıl sakini

 "Prezident hər birimizi dinlədi" -  Cəbrayıl sakini
  04 Oktyabr 2021    Oxunub:1153
Bu gün Cəbrayıl rayonun işğaldan azad olunmasından bir il ötür. Ötən il oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndinin - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğu müjdəsini vermişdi.
Həmin gün sevincli xəbəri döyüş bölgəsində eşidib, göz yaşlarına hakim ola bilməyənlərdən biri də Səbuhi Hüseynov olub. Səbuhi Cəbrayıl rayonunun Çaxırlı kəndindəndir. I Qarabağ müharibəsinin iştirakçısı olub. Kənddən sonuncu dəfə avqustun 20-də çıxıb. Döyüşlərdə yaralandığından, əməliyyat üçün hospitala aparılıb. 3 gün sonra isə rayon işğal edilib. Bədənində qəlpə parçası qalan II qrup Qarabağ əlili Səbuhi Hüseynov Vətən müharibəsində də iştirak edib, əsgərlərə təminat aparıb. Cəbrayılın işğaldan azad edilməsi xəbərini də rayonun Quyçax kəndinə əsgərlərə təminat apararkən eşidib: "Bilirdik ki, artıq bu torpaqlar bizdədir. Amma Ali Baş Komandanın Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbərini verməsi tamam başqa idi. Həmin an işğaldan azad edilmiş bütün rayon gözümdə canlandı. Bundan böyük sevinc, qürur hissi ola bilməzdi. O an sevinc göz yaşlarına boğulmuşduq”.

Səbuhi Hüseynov Cəbrayılın işğaldan azad olunmasının ildönümünü Prezidentlə bərabər qeyd etdiklərini deyib:
- Bu gün Prezident İlham Əliyevlə Cəbrayılda təməlqoyma mərasimlərində iştirak etdik. Möhtəşəm görüş oldu, qürurverici anlar yaşadıq. Dövlət başçısı Cəbrayıl sakinləri ilə görüşdü, hər birimizi dinlədi. Eyni zamanda hərəmiz bir bellə təməl atdıq ki, bünövrəsi möhkəm olsun. Bu, çox böyük hissdir. Erməni vandalizminə baxmayaraq, rayonumuz yenidən abadlaşdırılacaq.

Səbuhi hələ müharibə gedərkən öz kəndlərində də olub, amma doğulub, boya-başa çatdığı evi tapa bilməyib. Çünki həmin kənddən əsər-əlamət qalmamışdı.
- Erməni vandalları evin bünövrəsini söküb dağıtmışdılar. Hər yan xarabalıq idi. 21 il yaşadığım ata yurdumu çətinliklə tapdım. Amma Prezident İlham Əliyev buranın tezliklə bərpa ediləcəyini, insanların doğma torpaqlarına qayıdacağını dedi. Hətta onların işlə təminatı üçün artıq bir sıra müəssisələrin təməli qoyuldu. Bu anlar çox qürurverici idi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cəbrayıl  





Xəbər lenti