"Ölkəmiz məhv olmaq üzrədir" - Erməni deputat

  "Ölkəmiz məhv olmaq üzrədir"  - Erməni deputat
  05 Oktyabr 2021    Oxunub:1374
Erməni deputat, “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı xalqa müraciət edib. Yerli mediada çap olunan müraciətdə Tevanyan ölkəsinin gələcəyi olmayan bir istiqamətdə irəliləməsindən gilelyənib.
Azvision.az erməni deputatın 44 günlük müharibənin səbəbləri, erməni xalqının məğlubiyyəti və mövcud vəziyyətdən çıxış yolu haqqında olan fikirlərindən maraqlı hissələri təqdim edir.

- Əziz həmvətənlər! Artıq bir ildir ki, fərqli bir Ermənistanda yaşayırıq. Bu, 2018 -ci ildə bizə söz verilən "yeni Ermənistan" deyil. Ölkəmiz məhv olmaq üzrədir. Artıq İrəvan “Artsax”(Qarabağda mövcud olmuş qondarma rejim) təhlükəsizliyinin qarantı da deyil. Bu müharibəni uduzan Ermənistandır.

Müharibə qaçılmaz idimi? Əlbəttə yox. Məğlubiyyətin bir sıra əsas səbəbləri oldu. Birincisi, 2018 -ci ilin mayın 9-da Paşinyan bəyan etdi ki, Qarabağ adına danışıqlar aparmayacaq və o "rəsmi Xankəndinin" danışıqlar masasına əyləşməsinə şərait yaratmaq istədi. Bunu isə vasitəçilər və Azərbaycan qəbul etmədi. Beləliklə, Ermənistan tək qaldı.

"Məğlubiyyətdən sonra Ermənistan Suriyaya çevrilir"- Erməni deputat
Danışıqlara sıfır nöqtəsindən başladığını ifadə edən Paşinyan, əvvəlki razılaşmaları da rədd edərək, əslində Bakının əlinə hərbi əməliyyatlara başlamaq üçün şans verdi.
Üstəlik Ermənistan lideri qəribə davranışları ilə vasitəçilərin, Rusiya, ABŞ və Fransanın nüfuzuna xələl gətirərək Türkiyə ilə Azərbaycana imkan verdi ki, onlar son 25 ildə danışıqlar prosesinin irəliləmədiyini bəyan etsinlər. Yəni bu, Paşinyanın təqsiri üzündən belə olub.

İkincisi, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Rusiya strateji münasibətləri ciddi şəkildə pozuldu . Bu, KTMT-yə qarşı kampaniyada, şəxsən Putin və Lavrovun əleyhinə olan davranışlarda, Ermənistan rəhbərinin bəyanatlarında, İrəvanın yürütdüyü kadr siyasətində, siyasi təqiblərdə özünü aşkar şəkildə göstərdi.

Ankara Ermənistan-Rusiya münasibətlərinin pisləşəcəyini gözləyirdi. 2018-ci ildə hakimiyyət dəyişikliyi Türkiyənin oyuna daxil olmasına və Azərbaycanın Ermənistana qarşı hərbi koalisiya yaratmasına imkan verdi.

Erməni siyasətçi həmçinin qeyd edib ki, 2020 -ci ilin iyul ayında baş verən Tovuz hadisələrindən sonra Azərbaycanın qaçılmaz müharibəyə hazırlaşmaq imkanı yarandı.

- Bunlar müharibəyə və məğlubiyyətə səbəb olan əsas səbəblərdən sayılır. Məğlubiyyət səhifəsini bağlayıb, inkişaf səhifəsini açmaq üçün yeni insanlara, yeni fikirlərə, yeni bir hökumətə ehtiyacımız var.

Tural Tağıyev

Azvision.az



Teqlər:   Müharibə   Məğlubiyyət   Ermənistan  





Xəbər lenti