"Yüksələn və güclənən Azərbaycan İranı narahat edir" - Ekspert

   "Yüksələn və güclənən Azərbaycan İranı narahat edir"  -    Ekspert
  06 Oktyabr 2021    Oxunub:2073
"İranın Azərbaycana qarşı son siyasəti əslində Azərbaycan-Ermənistan müharibəsi zamanı verə bilmədiyi təpkini indi bir bəhanə ilə reallaşdırmaq cəhdidir".
Bunu Azvision.az - a açıqlamasında Türkiyənin Yıldırım Bəyazıt Universitetinin professoru, Ankara Rusiya Araşdırmaları İnstitutunun rəhbəri Dr. Salih Yılmaz deyib.

Onun sözlərinə görə, İranın Azərbaycan sərhədinə yaxın hərbi təlimlər keçirməsi, Ermənistandan rəsmi nümayəndə heyətinin bu ölkəyə səfəri rəsmi Tehranın Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək üçün yeni siyasətlər hazırladığını göstərir. Bununla eyni zamanda sərhədlərin dəyişməzliyini vurğulayır: "Amma İran burada özü-özünə zidd gedir. Çünki İran Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə Ermənistana sərhədlərin dəyişməzliyi barədə xəbərdarlıq etmədi. Hətta işğal olunmuş torpaqlarda yollar və bəndlər qurmağa çalışdı.Yüksələn və getdikcə güclənən Azərbaycan İranı narahat edir. İran İslam dünyasından özünə gələn təpkinin qarşısını almaq üçün İsraillə əməkdaşlığı bəhanə edir. Bununla belə, İran 2013-cü il embarqosuna qədər İsrailə ən çox neft satan ölkələrdən biri idi".

Politoloq vurğulayıb ki, İran İnqilab Keşikçiləri Korpusu Azərbaycanda öz tərəfdarlarından istifadə edərək bu böhrandan daxili siyasi qüvvələr üçün yararlanmağa çalışır: "İrandakı iqtisadi böhran və İnqilab Keşikçilərinə qarşı təpki bəlkə də onları yeni düşmən axtarmağa sövq edir. İran bunu əvvəllər də etmişdi. İsrailin “Haşdi-Şabi” qüvvələrinə hücumları Azərbaycan üzərindən həyata keçirdiyi iddiası ilə İraqda güc qazanmağa çalışdı. İraqdakı "Kataib Hizbullah"ın lideri Əbu Mehdi əl-Mühəndis İranın istəyi ilə o zaman Azərbaycanı ittiham etdi".

S.Yılmaza görə, İranın İsraili bəhanə edərək sərhəddə təlimlər keçirməsi əslində Türkiyə və Rusiyaya da verilən cavabdır: "İran uzun illərdir ki, Dağlıq Qarabağ üzərindən qanunsuz ticarətdən çoxlu qazanc əldə edib. İndi onların yük maşınlarının Dağlıq Qarabağa getməsini əngəlləmək, alışdıqları qazancları yox etdi. İran üçtərəfli razılaşmaya əsasən Zəngəzur dəhlizinin açılması ilə iqtisadi itkilərinin artacağını düşünür. Bu təpkini birbaşa Rusiya və Türkiyəyə göstərə bilmir. Ona görə Azərbaycana qarşı bu cür mövqeyi ilə digər 2 böyük dövlətə mesaj verməyə çalışır. Ancaq Türkiyə-Rusiya razılığa gəlibsə, İranın heç bir layihəni əngəlləmək imkanı yoxdur. Rusiya istəmədiyi müddətdə İran Ermənistanda heç bir hərbi mövcudluğunu nümayiş etdirə bilmədiyi kimi, Zəngəzur dəhlizinin də qarşısını ala bilməz.
İran Azərbaycana təpki göstərərək Ermənistana da mesaj göndərir. Başqa sözlə, bununla keçmişdə Ermənistanla bağladığı ittifaq və razılaşmalara sadiqliyini göstərir".

Türkiyəli ekspert İranın son vaxtlar Azərbaycanda məzhəb xaosu yaratmaq istədiyi barədə fikirlər səsləndirildiyini vurğulayıb: "Azərbaycan lideri çox balanslı bir siyasət yürütməklə iqtisadi və mədəni inkişafa nail olub. Azərbaycan İranın daxilində həyata keçirilən proseslərə diqqət çəkməyib. Bakının öz daxilində İranın təsirini azaltmaq üçün dini təhsil, müftilər, imamlar və s. istiqamətlərdə islahatlar aparması lazım ola bilər. Məscidlərin arxitekturası daxil olmaqla, orada çalışan imamların İranda təhsil alanlardan yox, Türkiyədə və ya ölkənin özündə təhsil alanlardan seçmək doğru ola bilər. Azərbaycan İran məzhəbinin təsirini azaltmaq üçün strategiyalar həyata keçirməlidir. İran Azərbaycanın dünyəviliyindən və Türk dünyasına doğru sürətlə keçməsindən narahatdır. Tarix boyu məzhəblər üzərindən nəzarət etdiyi Azərbaycanı indi özü üçün dini dayağı olaraq qəbul edir. İranın Azərbaycanla bağlı narahatlığında dinin də təsiri var. O, həmişə Azərbaycanı öz dini təsiri altında saxlamağa çalışır".

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Azərbaycan   İran   Türkiyə  





Xəbər lenti