İrandan Rusiyaya ermənisayağı şikayət

  06 Oktyabr 2021    Oxunub :418
   İrandan Rusiyaya    ermənisayağı    şikayət
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rusiyanın xarici işlər naziri iranlı nazirlə görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Lavrov bu yolla Tehranla Vaşinqton arasında vasitəçi olmağa çalışıb. Rusiya İranın nüvə proqramıyla bağlı yeni sazişin imzalanmasında maraqlıdır.
Buna baxmayaraq, İran prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası yeni nüvə sazişinin imzalanması üçün Vaşinqtona şərtlər irəli sürüblər. Bu şərtlərdən əsası İrana qarşı sanksiyaların tamamının ortadan qaldırılmasıdır. Vaşinqton buna hazır deyil. Ona görə də yeni nüvə sazişinin imzalanması bu il də baş tutmaya bilər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada Azərbaycandan da şikayət edib. O, jurnalistlərə ilk açıqlamasında bunları deyib: “İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərin varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”.

İranın casus şəbəkəsi və Azərbaycandakı "5-ci kalon
Məsələni –a şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İran XİN rəhbəri “sərhədlərin dəyişdirilməsi, “terrorçular” və “sionistlər” dedikdə Azərbaycanı nəzərdə tutur.

- Azərbaycan işğal altındakı torpaqlarını azad edib və Ermənistanla sərhədə çıxıb, Gorus-Qafan yolunun 21 kilometri isə nəzarətə götürülüb. Tehran bunu “sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir. Halbuki, Azərbaycan özünə aid olanı götürüb. Maraqlıdır ki, Ermənistanın özü Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycana məxsus olduğunu etiraf etsə də, Tehran dirənib ki, “sərhədlər dəyişdirilməməlidir”.



Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq Azərbaycan tərəfdən “terrorçuların” savaşdığını səsləndirmişdi. Müharibədən sonra Qərbdə və Rusiyada “terrorçu” mövzusu unudulsa da, Tehran bu “mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır.

“Sionistlər” mövzusuna gəldikdə isə, politoloq deyir ki, Tehran Azərbaycanda İsrail izi axtarmağa davam edir.
- Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib. Tehran isə Moskvaya demək istəyir ki, “sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır. Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı Rusiya da anlayır. “Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kreml öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək.

Keçmişdə Ermənistan rəsmiləri Moskvaya Azərbaycandan şikayət etməyə gedərdilər. İndi onlara İran rəsmiləri də qoşulub. Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmayacaq. Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcək.

Tural Tağıyev

Azvision.az

Teqlər:   İran   Moskva   Lavrov   Ermənistan   Sərhəd  







Xəbər lenti