Azərbaycan İsraildən “Arrow 3” almağı düşünür - Raket kompleksinin göstəriciləri

  06 Oktyabr 2021    Oxunub :2719
 Azərbaycan İsraildən “Arrow 3” almağı düşünür -  Raket kompleksinin göstəriciləri
“Cənubi Qafqaz regionunda artan gərginlik fonunda Azərbaycan İsrail istehsalı olan “Arrow 3” raketdən müdafiə sisteminin əldə edilməsi imkanını nəzərdən keçirir”.
Azvision.az xəbər verir ki, bu barədə “Israel Hayom” nəşri məlumat yayıb. Qeyd olunub ki, rəsmi Bakının sistemi almaq niyyətində olması regional müdafiə perspektivlərində ciddi dəyişiklik yarada bilər. “Arrow 3” sistemi kifayət qədər bahalıdır. Təkcə bir raketin dəyəri 3 milyon dollardır.

“Arrow” İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılıb. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan “Arrow” 1 döyüş raketinin ardınca “Arrow 2” rakelərinin yaradılmasına başlanılıb. “Arrow”, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan “Arrow 3” isə 2013-cü ilin fevral ayında bazara çıxarılıb. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənib.



Hazırda Azəbaycan Ordusnun arsenalında “ARROW” raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi mövcuddur.
"ARROW" raketdən müdafiə sistemi dünyada yer-yer tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı "ARROW" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Green Pine” radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları “Arrow” sisteminə ötürmək imkanına malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur.



ARROW öz göstəricilərinə görə bütün rəqiblərini üstələyir. Texiki göstəricilərinə görə ARROW-un hədəfi müəyyən etmə ehtimalı 99.9 %, hədəfi məhv etmə ehtimalı isə 90 %-dir. Sistem hədəfləri 3 000 km-ə qədər məsafədə müəyyən edir, izləyir, 100 km radiusda isə məhv edir. İntellektual sistem əsas döyüş başlığını decoy-dan ayırmaq imkanı verir. Buraxıcı qurğudan ayrıldıqdan sonra raketin sürəti 3 km/saniyəyə çatır. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.
Kompleksin "Super Green Pine" radarından, "Citron Tree" döyüş əməliyyat sistemindən və "Hazlenut Tree" raket buraxılışına nəzarət mərkəzindən ibarətdir.



"Arrow -3" kompleksi ən son hazırlanan müasir və effektiv raket əleyhinə müdafiə (RƏM) komplekslərindən biridir. Onun 2 000 kilometrə məsafədə və 100 km-ə qədər yüksəklikdə uçan raketləri ələ keçirməsi, kompleksin "İskəndər-M" raketlərini sıradan çıxarmaq üçün yetərli olduğunu göstərir. İsrail Raketdən Müdafiə Təşkilatı "Arrow 3" ballistik raketdən müdafiə sisteminin yerli sınaqlarını 2019-cu ilin əvvəlində keçirib. "Israel Aerospace Industries" şirkətinin rəhbərlik etdiyi sınaq uğurla nəticələnmişdi. 7 ay sonra isə ABŞ və İsrail Alyaskada adı çəkilən raketdən müdafiə sisteminin növbəti sınağını uğurla həyata keçirdi.



Sınaqlar kompleksin birgə hazırlandığını göstərir. "Arrow 3" kompleksində istifadə edilən raket isə İsrailin Müdafiə Nazirliyi ilə ABŞ-ın Raketdən Müdafə Agentliyi tərəfindən birgə təkmilləşdirilib. Kompleksin əsas təyinatı rəqibləri qitələrarası ballistik raketlərini Yerin atmosferinə daxil olmadan, yəni daha yüksək hündürlüklərdə zərərsizləşdirməkdən ibarətdir. Müştəri istehsalıçıya əldə etdiyi silah və avadanlıqların son istifadəçisi ("end user") haqqında sertifikat verməyə borcludur.

Azvision.az

Teqlər: Ordu   İsrail  







Xəbər lenti