"Zəngəzur dəhlizi bölgə üçün yeni imkanlar yaradır" - Bağdad Amreyev

   "Zəngəzur dəhlizi bölgə üçün yeni imkanlar yaradır" -    Bağdad Amreyev
  06 Oktyabr 2021    Oxunub:763
Mən konfransda öz çıxışımda Zəngəzur dəhlizi haqqında danışdım. Azərbaycanın tarixi Zəfərindən sonra nəqliyyat dəhlizləri, tranzit daşımaların yaxşılaşdırılması istiqamətində çox gözəl imkanlar yaranıb. Hətta deyərdim ki, siyasi iradə olduqda çox böyük dəyişikliklər ola bilər. Bu cür siyasi iradəni isə Prezident İlham Əliyev nümayiş etdirdi. Azərbaycan Prezidenti bu tarixi məqamı maksimal şəkildə dəyərləndirməyi təklif edib. Ermənistanın da bu mövzuda konstruktiv mövqedən çıxış edəcəyinə ümid edirəm. Bilirəm ki, Türkiyə, Rusiya və İran da bu məsələyə müsbət yanaşır. Bu dəhliz əlbəttə ki, bizim üçün bütün türk ölkələrinin birləşməsi, bölgə üçün isə yeni imkanlar deməkdir. Bu, eyni zamanda, uzun müddət nəqliyyat layihələrindən kənar qalan Ermənistan üçün də yeni imkanlar yaradır.
Azvision.az xəbər verir ki, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev Azərbaycanın media nümayəndələrinə açıqlamasında bildirib.

Türkiyənin təşkilatçılığı ilə keçirilən XII Nəqliyyat və Rabitə Şurasının toplantısında bu sahə üzrə fəaliyyət göstərən nazirlərin, irimiqyaslı nəqliyyat şirkətlərinin rəhbərlərinin, dövlət nümayəndələrinin, diplomatların, bir sözlə dünyanın bütün aidiyyəti qurumlarının iştirak etdiyini bildirən B.Amreyev deyib: “Burada yeni logistik imkanlar və onların perspektivləri, bu sahə üzrə yeniliklər müzakirə olunur. Bu gün dünyada daşınacaq yükün həcmi sürətlə artır. Hazırda 2 və 2,5 dəfə artım müşahidə edilir. Bu böyük rəqəmdir və lojistika bunu qarşılaya bilmir. Əlbəttə ki, bu məsələnin həlli üçün yeni yollar, marşrutlar, həll üsulları tapmaq lazımdır. Belə həll yolları isə xüsusilə türk regionunda, Türk Şurasına üzv ölkələrdə var. Biz də onların dəyərləndirilməsi, ölkələrimiz arasında bu sahə üzrə mövcud qanunvericiliyin uyğunlaşdırılması istiqamətində aktiv şəkildə işləyirik. Xüsusilə, şərq-qərb istiqamətindəki yeni dəhlizlər dəyərləndirilir. Buna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da daxildir. Yükdaşıma rüsumlarının azaldılması da əsas müzakirə mövzularından biridir. Orta dəhlizin bizim və bütün dünyanın maraqları daxilində işləməsi, eləcə də aktivləşməsi istiqamətində işlər görürük. Dövlət səviyyəsində də bununla bağlı çox sayda görüşlər keçirilir. Oktyabrın 14-də nəqliyyat nazirlərinin Budapeştdə görüşləri nəzərdə tutulur. Orada da həllini gözləyən bəzi məsələlər müzakirə olunacaq. Hazırda elə dövrdə yaşayırıq ki, nəqliyyat yalnız gəlir mənbəyi olmamalı, ticarətin, iqtisadi inkişafın stimullaşmasında da rol oynamalıdır. Bizim üçün isə xüsusilə, ölkələrimiz arasında iqtisadi yaxınlaşmaya səbəb olmalıdır. Bu bizim əsas məqsədimizdir və düşünürəm ki, bir çoxları bu yanaşmada bizimlə həmfikirdir”.

Azvision.az


Teqlər:





Xəbər lenti