Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılıb

  07 Oktyabr 2021    Oxunub :303
   Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılıb. Dövlət Taxıl Fondu yeni yaradılmış Agentliyin sərəncamına verilib.

Fərmanla müəyyən edilib ki, Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Bu qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi – qurumun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, Agentliyin strukturunun təsdiq edilməsi, idarəetmə orqanının yaradılması, onun rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Agentliyin yenidən təşkili və ləğvi və s. məsələlər Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.

Nazirlər Kabinetinə Agentliyin illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

Agentliyə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunun, işçilərin say həddinin və əmək haqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi həvalə edilib.

Fərmanda Nazirlər Kabinetinə Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı, habelə qurumun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının normativ hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırıb. Nazirlər Kabinetinə Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər gömək, Agentliyin dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək, dövlət qeydiyyatına alındığı gündən Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək barədə də tapşırıq verilib.

Sənəddə qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi fəaliyyətini davam etdirsin. Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev  







Xəbər lenti