Vətən Müharibəsinin 12-ci günü: Ermənilər cəbhədən qaçıb, mülki əhalini vururlar

 Vətən Müharibəsinin 12-ci günü:  Ermənilər cəbhədən qaçıb, mülki əhalini vururlar
  08 Oktyabr 2021    Oxunub:1236
Oktyabrın 8-də saat 04 radələrində ermənilər müharibə arealından on kilometrlərlə aralıda yerləşən Gəncə şəhərinə yenidən raket zərbələri endirdilər. Eyni zamanda səhər saatlarından başlayaraq bütün gün ərzində Ermənistanın silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Bərdənin kəndlərini artilleriya atəşinə tutublar. Mülki obyektlərə və dinc əhaliyə qarşı törədilən cinayətlər nəticəsində ölən və yaralananlar oldu. Bununla kifayətlənməyən erməni silahlı qüvvələri hətta təcili yardım maşınlarına da atəş açıblar.
Azərbaycanın baş prokuroru Kamran Əliyev MDB-nin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının videokonfrans formatında keçiriən 30-cu yubiley iclasında Ermənistanın cinayətləri nəticəsində sentyabrın 27-dən oktyabrın 8-dək 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxsin qətlə yetirildiyini, 148 mülki vətəndaşın ağır yaralandığını, ümumilikdə 778 yaşayış evinin, 117 mülki obyektin dağıdıldığını diqqətə çatdırıb.

İnsan haqlarının müdafiəsi üzrə dünyanın ən tanınmış təşkilatlarından biri sayılan “Amnesty International” təşkilatı Ermənistanın bu cinayətlərinə sərt reaksiya vermək əvəzinə öz rəsmi internet səhifəsində Azərbaycan əleyhinə qərəzli bəyanat yayıb.

Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Amnesty International” təşkilatına açıq məktub ünvanladı. Bəyanatda bu cür həssas bir dönəmdə Azərbaycana qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanatın yayılmasının yolverilməz olduğu vurğulanıb. Amma əksər hallarda sözü ilə əməli bir-birinə zidd olan bu qurum diqqətini erməni təcavüzünə fokuslamaqda maraqlı deyildi.

Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması əslində Ermənistanın təcavüzkar siyasətini dəstəkləmək təəssüratı bağışladı.
Maasın mövqeyinə rəğmən, tanınmış alman politoloqu Aleksandr Rar Azvision.az-a müsahibəsində Azərbaycanın Dağlıq Qarabağa bitişik əraziləri öz nəzarətinə qaytaracağını bildirib.

Oktyabrın 8-də Rusiyanın “Novaya qazeta” nəşrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən hazırladığı reportajda isə Cənub cəbhəsində baş verənlərdən danışan Artur Ohanesyan adlı könüllü belə davam edərsə, azərbaycanlıların hətta Ermənistana da gedib çıxa biləcəklərini vurğulayıb.

“Ermənistan hakimiyyəti insanları aldadır! Onlar 18 yaşlı əsgərləri yalnız avtomatla cəbhəyə göndəriblər. Deyirlər ki, “bağışlayın, patron yoxdur, bağışlayın, tanklar yoxdur”. Zirehli jiletlər tamamilə yararsızdır. Orada heç nə yoxdur. “Kormuşka” (yemək daşıyan maşın-red.) gəlir, amma hər şeyi yolun yarısında boşaldıb qayıdır. Əgər yemək tapmaq istəyirsənsə, “Qrad” atəşləri altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün ərzində gecələr yola çıxır, sağ qalanlar üçün yeməyə nəsə tapmağa çalışırdıq. İtkilərin sayının 200 nəfərə yaxın olması barədə Ermənistan hakimiyyətinin dedikləri ağ yalandır. 200 adam təkcə mənim gözlərim önündə öldü, bizim dayandığımız xətdə. Orada ölənlər isə minlərlədir…Mən bu müharibəni gördüm və başa düşdüm ki, əgər belə döyüşsək, bütün torpaqları əldən verəcəyik. Azərbaycanlılar Laçını götürmək istəyir, amma onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da keçə bilərlər”- Ohannesyan deyib.

Arturun dostu olan digər könüllü də onun danışdıqlarını təsdiqləyir: “Orada hər şey çox pisdir. Biz Cəbrayıl ətrafındakı ön xətdən gəlirik. Bizim başda duranlarımız **** (söyüş söyür), Ermənistanda deyirlər: “Cəbrayıla, irəli”, amma Cəbrayıl artıq yoxdur”.

Onların bu qorxusu heç də əbəs deyildi. Azərbaycan Ordusunun Qarabağda apardığı əks-hücum əməliyyatları nəticəsində separatçıların liderlərindən biri, qondarma rejimin “xarici işlər nazirliyinin diaspor işləri şöbəsinin müdiri” Yervand Qaciyan məhv edildi. Həmin gün erməni əsilli Livan vətəndaşı, opera müğənnisi Qevorq Xacyan da Cəbrayıl istiqamətində gedən döyüşlərdə öldürüldü. Döyüşlər başlayan gündən könüllü kimi Dağlıq Qarabağa gələrək, erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı vuruşması bu macəra həvəskarının terrorçu xislətini ifşa etdi.

Dünyanın məşhur media qurumları isə, bir sıra ölkələrdən erməni əsilli şəxslərin və muzdluların Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşməsi barədə mütəmadi məlumatlar yayırdılar. Məsələn, “Franse 24” telekanalı Fransada yaşayan ermənilər də Azərbaycana qarşı döyüşmək üçün Ermənistana qayıtdıqlarını bildirirdi.

Azərbaycan Silahlı qüvvələri bu muzdluların və terrorçuların bir çoxunu döyüş meydanında layiq olduqları şəkildə cəzalandırdı. Onların bəziləri isə Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verdilər.

Hələ də öz xalqına itkilər barədə yalanlar sırıyan rəsmi İrəvan isə gün ərzində erməni tərəfin daha 30 hərbçi itirdiyi və beləliklə sentyabrın 27-dən oktyabrın 8-dək ölənlərin sayının cəmi 321-ə çatdığı barədə açıqlama verdi.

Rusiyalı jurnalist İlya Azar döyüş meydanlarında ağır məğlubiyyətlə üzləşən İrəvanın itkilərin əsl miqyasını gizlətdiyi, işğal altında olan Xankəndi və Şuşada yüzlərlə erməni hərbçisinin öldüyü barədə reportaj hazırladığına görə Ermənistan Xarici İşlər nazirliyi tərəfindən akkreditasiyadan məhrum edildi.

Müharibənin 12-ci günü Azvision.az-a müsahibə verən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Qarabağda gedən döyüşləri izlədiyini, Ordumuzun qələbəsini sevinclə qarşıladığını və İsrail xalqının Azərbaycanın yanında olduğunu bildirib.
- İsrail dövləti həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək. Xəbərləri izləyirik. Albertlə müasir Azərbaycan Ordusunun əsgərlərindən birinin tankda olan şəklinin birləşdirilməsini də görmüşəm. Bütün bunlar ailəmizi çox duyğulandırır. İstəyirik ki, Azərbaycan Ordusu tezliklə Qarabağı erməni terrorçularından xilas etsin. Torpaqlarımız azad edildikdən sonra Şuşaya getmək istəyirəm. Albertin heykəlini orada görmək arzumdur”,- Rantik Aqarunov deyib.

Həmin gün BMT-nin sabiq Baş katibi məhrum Butros Qalinin xanımı Leya Mariya Butros-Qali də Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, xalqımızla həmrəy olduğunu bildirib. “Zati-aliləri cənab Prezident. Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram. O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi” ,-məktubda deyilir.

Azərbaycan Ordusunun qazandığı uğurlarının müharibənin taleyini tezliklə həll edəcəyini anlayan ermənilər isə Dağlıq Qarabağı kütləvi şəkildə tərk edirdilər. Znak.com saytının ermənilərin acınacaqlı durumundan bəhs edən reportajında artıq Xankəndində bəzilərinin evlərini isitmək üçün məişət əşyalarını, mebelləri yandırdığı, işıq kimi şamlardan istifadə etdikləri bildirilir. Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindən əhalinin köçürülməsinə cəlb edilib. Amma yenə də nəqliyyat vasitələri çatmır, bəziləri günlərlə öz növbəsini gözləyir. Reportajda hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad tutaraq deyir: “Nə oturmusunuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındır, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”

Alik adlı hərbçinin sözləri də analoji ruhdadır: Mardakert (Ağdərə) qanlı sıyığa dönüb. Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir, - erməni hərbçi bildirib.

Separatçı rejim əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edirlər. Artıq kasıb və səfalət içində qalan ermənilər anlayırlar ki, onların bu gün yaşadıqları faciənin səbəbkarı Ermənistan rəhbərliyidir.

“BBC” telekanalının hazırladığı sujetdə də Dağlıq Qarabağda yeni hərbi əməliyyatlar başlayandan bəri minlərlə erməninin Ermənistana qaçdığı vurğulanır. Qarabağdan çıxan ermənilərin Qoris meriyasına gətirildiyi, oradan qohumları tərəfindən aparıldığı və ya otellərə yerləşdirildiyi, onların arasında hətta Qarabağda döyüşməyə gələn ABŞ və Livan ermənilərinin də olduğu bildirilir.

Ermənistanın tezliklə məğlubiyyətə uğrayacağını təsdiqləyən bu faktlar Vətən Müharibəsinin 12-ci gününün əsas hadisələri kimi tarixə düşdü.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Müharibə   Qarabağ  





Xəbər lenti