İran "yeni era"ya adlayır və təhlükəli dövlətə çevrilir - "Foreign Affairs"

   İran "yeni era"ya adlayır və təhlükəli dövlətə çevrilir -    "Foreign Affairs"
  08 Oktyabr 2021    Oxunub:813
«Foreign Affairs» оurnalının sonuncu – sentyabr/oktyabr buraxılışında “İranın Daxili Müharibəsi” (Iran’s War Within) adlı məqalə dərc olunub. Məqalənin müəllifi İranın daxili və xarici siyasətində yaxın və uzaq perspektivdə baş verə biləcək dəyişikliklər nöqteyi-nəzərdən maraqlı analitik yanaşma təqdim edir.
Məqalədə son bir neçə onillik ərzində İranın “seçilmiş” hökuməti və Ali Dini rəhbərliyi arasındakı ziddiyyətlərin dövləti necə zəiflətdiyi təsvir edilir. Bu müddət ərzində bir-birini əvəzləmiş prezidentlər daha çox “dünyəvi, liberal, anti-inqilabi” kimi xarakterizə olunur və Ali Dini rəhbərlərin bu hökumətlərə nəzarət etmək cəhdlərinin ümumilikdə İranı daha da zəiflətdiyi vurğulanır.

Məqalədə İranın daxili siyasətindəki parçalanmaları göstərmək üçün 2015-ci ilin aprelində mətbuata sızdırılmış məxfi audio fayl barədə də məlumat verilir və bildirilir ki, səs yazısında Xarici işlər naziri Cavad Zərifin “İranın xarici siyasətinin davamlı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xidmətində olduğunu” deməsi eşidilirdi. Zərif həmçinin İİKK-nu Rusiya ilə əməkdaşlıq etməkdə suçlayaraq, bildirirdi ki, İran-Qərb yaxınlaşması Rusiyanın maraqlarına zidd olduğu üçün Rusiya İİKK ilə birgə nüvə sazişi üzrə bütün diplomatik cəhdlərin qarşısını almağa çalışıb. Səs yazısında Rusiyanın Suriyada Bəşər Əsəd əleyhinə vuruşan dəstələrə zərbə endirmək üçün uçuşları məhz İran üzərindən həyata keçirdiyi, regional münaqişə vasitəsilə Vaşinqtonun Tehranı konflikt məngənəsində saxlmağa çalışması kimi fikirlər də eşidilirdi. Zərif açıq şəkildə deyirdi ki, "İİKK tərəfindən üzərində “İsrail yer üzündən silinməlidir” yazılı raket uçuşları, Rusiya ilə olan işlər, regional hadisələr, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə basqın, ABŞ gəmilərinin tutulması – bunların hamısı JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı) icrasının qarşısını almaq üçün həyata keçirilib".

Müəllifin fikrincə, İ.Rəisinin hakimiyyəti gəldiyi sosial-iqtisadi şərait də İranın daxili və xarici siyasətində müəyyən dəyişiklikləri şərtləndirir. Qlobal pandemiya və ABŞ sanksiyaları orta təbəqənin demokratiya arzularının tədricən kollektiv izolyasiya və “qurban verilmə” hissləri ilə əvəzlənməsinə səbəb olub. Bu isə ölkənin tarixində yeni eranın – regionu öz baxışlarına uyğun formalaşdırmağa çalışan mərkəzləşdirilmiş, iddialı İranın formalaşması erasının başlanması ilə nəticələnə bilər. Sağçı liderlərin İran siyasətini yeniləməyə, İslam İnqilabı Keşikçiləri Korpusunun ölkənin iqtisadiyyatı üzərində nəzarəti gücləndirməyə, siyasi azadlıqların daha da azaltmağa, buna paralel olaraq isə, bəzi sosial və dini məsələlərdə tolerantlıq nümayiş etdirməyə tarixi imkanları yaranıb. Bu, İran milliyyətçiliyinin möhkəmlənməsinə, daxili populyarlığının və regional gücünün artmasına kömək edə bilər.

Bu siyasi xətt həmçinin, İranın dünya, o cümlədən, ABŞ ilə olan münasibətlərini dəyişə bilər. İİKK-nın dəstəyi ilə və daxili sabotaj risklərinin olmadığı bir şəraitdə İran ABŞ-a daha qətiyyətlə müqavimət göstərə bilər. Baxmayaraq ki, daxildə böyüyən iqtisadi və ekoloji böhranın qarşısının alınması üçün nüvə məsələsi üzrə bəzi kompromislər mümkündür, ümumilikdə yeni hökumət əvvəlki prezidentlərin Qərblə yaxınlaşmaq siyasətlərinin üzərində xətt çəkəcək və bunun əvəzində Çin və Rusiya ilə strateji tərəfdaşlıq istiqamətində çalışacaq. Əsas diqqət Orta Şərqə yönələcək ki, burada İran qonşularla ikitərəfli təhlükəsizlik və ticarət razılaşmaları üçün çalışacaq, həmçinin İraq, Livan, Suriya və Yəməndə özünün “müqavimət oxunu” gücləndirəcək.
ABŞ və İran arasında “böyük razılaşma” üçün imkan pəncərəsi güman ki, artıq qapanıb. İran İslam Respublikası ABŞ ilə toqquşmaya aparan yolda irəliləyir.

Müəllifə görə, İbrahim Rəisinin İranın yeni prezidenti seçilməsi ilə ölkədə daxili siyasi çəkişmələr sona çatacaq. Belə ki, İ.Rəisi İranın teokratik sisteminin sadiq funksioneridir, onilliklər ərzində prokuror və hakim vəzifələrində çalışarkən minlərlə siyasi məhbusun, solçu silahlı birləşmələrin cəzalandırılmasında aktiv rol oynayıb. “Şübhə yoxdur ki, prezident seçildikdən sonra da onun əsas fəaliyyət prioritetlərindən biri Ali Dini liderin inzibati orqanlar üzərində tam nəzarəti bərqərar etməsinə dəstək vermək olacaq”. Maraqlısı budur ki, Rəisi dəfələrlə dünyaya inteqrasiyanın tərəfdarı olduğunu bildirib. Bu, İranın ənənəvi, mühafizəkar dairələrin uzun illər tutduğu siyasi xətdən olduqca uzaq yanaşmadır.

Məqalənin müəllifi Rəisinin Xameneinin son illərində yürütdüyü böyük siyasi xəttin sadəcə kiçik bir parçası olduğunu bildirir. Paralel dövlət islamçılardan da kənara çıxaraq, qeyri-dindar milliyətçiləri də hədəfləyərək öz sosial bazasını genişləndirməyə çalışır. Nisbətən sakit başlanğıca baxmayaraq, Rəisi və onun gənc, sağçı texnokratlardan ibarət komandası İran elitasını, xüsusilə marginallaşmış konservatorları öz tərəflərinə çəkmək üçün paralel dövlətin patronajlığına ehtiyac duyacaqlar. Bununla yanaşı, hökumət yoxsullaşmış əhalinin ehtiyaclarını qarşılamalı və Rəisinin öz seçki kampaniyasında irəli sürdüyü iqtisadi vədləri yerinə yetirməsi zəruridir.


Teqlər: İran  





Xəbər lenti