Bu iki jurnalist kimdir və Nobel mükafatını niyə alıblar

 Bu iki jurnalist kimdir və   Nobel mükafatını niyə alıblar
  09 Oktyabr 2021    Oxunub:2346
Nobel sülh mükafatının laureatları “Novaya qazeta”nın (“Yeni qəzet” – N.Q.) baş redaktoru Dmitri Muradov və filippinli xanım jurnalist Mariya Ressa olublar. Azvision.az Nobel Komitəsinin saytına istinadən xəbər verir ki, onlar bu mükafatı söz azadlığının qorunmasında göstərdikləri səylərə görə qazanıblar.
“Norveç Nobel komitəsi 2021-ci il Nobel mükafatının demokratiyanın və davamlı sülhün əsas şərti olan ifadə azadlığının müdafiəzində göstərdikləri səylərə görə Mariya Ressaya və Dmitri Muradova verilməsi haqda qərar qəbul edib. Xanım Ressa və cənab Muradov Sülh Mükafatını Filippində və Rusiyada söz azadlığı uğrunda cəsur mübariz olduqlarına görə alırlar”, - məlumatda deyilir.

Mükafatın press-relizində Muradovun Rusiyada onillər boyu söz azadlığını qoruduğu, “Novaya qazeta”nın “Rusiya cəmiyyətinin başqa KİV-lərdə nadir rastlanan qınanmalı cəhətləri haqqında mühüm informasiya mənbəyi” olduğu deyilir. Nəşr Rusiyanın yeganə müstəqil qəzeti adlandırılıb.

“Mənə gülməlidir. Belə bir şeyi gözləmirdim. Adam lap dəli olar. Norveçdən zəng gəldiyini gördüm, ancaq bunu arzuolunmaz zəng saydım. Onu deyə bilərəm ki, biz bu mükafatın əvəzini hazırda repressiya ilə üz-üzə olan Rusiya jurnalistikasına verəcəyik. Vəssalam. Hazırda agent hesab edilən, təqib olunan və ölkədən qovulan insanlara kömək etməyə çalışacağıq”, - Dmitri Muradov “Podyom” (“Yüksəliş” – N.Q.) Teleqram kanalına söyləyib.

Dmitri Muradov bu mükafata layiq görülən üçüncü rusiyalıdır. Ona qədər Nobel sülh mükafatı hüquq müdafiəçisi Andrey Saxarova və SSRİ-nin prezidenti Mixail Qorbaçova verilib. 2021-ci ilin laurealtları göstərdi ki, mükafatın kimlərə veriləcəyi ilə bağlı proqnozların heç bir mənası yoxdur. KİV favoritlər siyahısında Dünya Səhiyyə Təşkilatının (DST), rus müxalifətçi Aleksey Navalnının, 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərinin iştirakçısı Svetlana Tixanovskayanın, ekoloji hərəkat fəalı Qreta Tunberqin və ABŞ prezidenti Co Baydenin adını çəkirdi.

“Dmitri Muradov on illər boyu və çətin şəraitdə Rusiyada söz azadlığını qoruyub. 1993-cü ildə o, “Novaya qazeta”nın təsisçilərindən biri olub, 1995-ci ildən başlayaraq 24 il bu nəşrə rəhbərlik edib. “Novaya qazeta” bu gün Rusiya hakimiyyətinə tənqidi mövqedə olan ən müstəqil qəzetdir, - Nobel komitəsinin sədri Berit Reyss-Andersen öz nitqində söyləyib. – Nəşr lap əvvəldən, yəni 1993-cü ildən başlayaraq korrupsiya, polis zorakılığı, qanunsuz həbslər, seçki saxtakarlığı, troll fabrikasiyasından tutmuş silahlı qüvvələrdən Rusiya və onun hüdudlarından kənarda istifadəyə dair tənqidi məqalələr dərc edib”. Xanım Andersen-Reys qeyd edib ki, opponentlərə “zəhərləmələr, təhdidlər, zor və qətllərlə cavab verilib: Çeçenistandakı müharibə haqqında ifşaedici məqalələr yazan Anna Politkovskaya daxil olmaqla altı jurnalist öldürülüb”.

“Ancaq baş redaktor öz müstəqil mövqeyindən dönməyib. Nə qədər ki jurnalistikanın peşəkar və etik standartları aktualdır, o istədiyini yazan jurnalistlərin hüquqlarını müdafiə edir”, - Berit Reyss-Andersen fikrini tamamlayıb.

“Biz Dmirti Muradovu təbrik edə bilərik, o öz idealları üzərində ardıcıl işləyir, onlara sadiqdir, istedadlıdır və əlbəttə, bu yüksək qiymətdir, onu təbrik edirik”, - RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Exo Moskvı” nəşrinin baş redaktoru Aleksey Venediktov “Novaya qazeta”ya və onun baş redaktoruna münasibətindən asılı olmayaraq, mükafatı təkcə Dmitri Muradovun yox, bütün Rusiyanın, ölkə üçün vacib olan söz azadlığının qələbəsi adlandırıb.
Dmitri Muradov mətbuata mükafatının bir hissəsini “spinal əzələ atrofiyası”ndan əziyyət çəkən uşaqların müalicəsinə, eyni zamanda “jurnalistikanın problemlərinə” ayıracağını bildirib.



Dmitri Muradov 1961-ci ildə Rusiyanın Kuybışev (indiki Samara – N.Q.) şəhərində doğulub. 1983-cü ildə Kuybışev dövlət universitinin filologiya fakültəsini bitirib. Hərbi xidmətdən sonra “Voljskiy komsomoles” (“Volqa komsomolçusu” – N.Q.) qəzetində işləyib. 1987-ci ildə “Komsomolskaya pravda” (“Komsomol həqiqəti” – N.Q.) qəzetində komsomol həyatı şöbəsinin redaktoru təyin olunub. 1990-cı ildə qəzetin informasiya şöbəsinin redaktoru olub. 1992-ci ildə “KP”dən gedərək, jurnalistlərin “6-cı mərtəbə” cəmiyyətinin təsisçilərindən biri olub. Cəmiyyətə qəzetin redaksiya siyasəti ilə razılaşmayan jurnalistlər daxil idilər. Bir il sonra cəmiyyət yeni gündəlik qəzet “Novaya yejednevnaya qazeta”nı (“Yeni gündəlik qəzet” – N.Q.) təsis etdi. Muradov onun redaksiya heyətinə daxil oldu və baş redaktorun müavini vəzifəsinə təyin olundu.

1994-cü ilin dekabrında – 1995-ci ilin yanvarında Çeçnistandakı hərbi əməliyyat zonalarında qəzetin xüsusi müxbiri kimi fəaliyyət göstərib. 1995-ci ilin fevralında artıq “Novaya yejednevnaya qazeta”dan “Novaya qazeta”ya çevrilən nəşrin baş redaktoru oldu. Muradov qəzetlə paralel bir müddət televiziyada da fəaliyyət göstərib, 1997-ci ildə “Press-klub” (ATV-ORTV), 1998-2000-ci illərdə NTV kanalında “Sud idyot” (“Məhkəmə gedir” – N.Q.) proqramlarında aparıcılıq edib. 2004-cü ildə “2008: Azad seçki” komitəsinin təsisçilərindən olub, lakin 2005-ci ildə onu tərk edərək, “demokratların birləşmə cəhdlərindən tamamilə ümidsizləşdiyini” bəyan edib.

2004-cü ildə “Yabloko” (“Alma” – N.Q.) partiyasına daxil olub. 2005-ci ildə “Krokodil” (“Timsah” – N.Q.) satirik jurnalının sahiblərindən birinə çevrilib. Lakin 2008-ci ildə jurnalın fəaliyyəti dayandırılıb.

Dmitri Muradov 2013-ci ildən günümüzədək RF Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın tərkibinə daxildir. 2017-ci ildə “Novaya qazeta”nın baş redaktoru vəzifəsini tərk etsə də, 2019-cu ildə yenidən geri qayıdıb.

Muradov hesab edir ki, mükafatın ona verilməsi “Novaya qazeta”nın və həlak olmuş jurnalist həmkarları İqor Domnikovun, Yuri Şekoçixinin, Anna Politkovskayanın, Anastasiya Baburovanın, Natalya Estemirovanın və Stanislav Markelovun xidmətləridir.

Onu da qeyd edim ki, "Новая газета"nın baş redaktoru Dmitri Muradov Qarabağda erməni separatizminin əleyhdarı kimi tanınıb və daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.




Nobel Komitəsinin press-relizində bildirilir ki, “xanım Ressa “söz azadlığından istifadə edərək vətəni Filippindəki hakimiyyətdən sui-istifadəni, zorakılığı və artmaqda olan avtoritarizmi ifşa edir”.


Mariya Anxelita Ressa 1963-cü il, oktyabrın 2-də Filippinin paytaxtı Manilada doğulub. Atasını bir yaşında ikən itirib. Anası onu və bacısını qohumlarının himayəsinə verərək ABŞ-a köçüb. 10 yaşı tamam olanda Mariya Amerikanın Nyu-Cersi ştatındakı Toms-River şəhərinə anasının və onun yeni ərinin yanına gedib.
1982-ci ildə orta məktəbi bitirən Ressa əvvəlcə Priston universitetinin molekulyar biologiya fakültəsində oxuyub. Sonra ingilis dili kurslarına keçərək, 1986-cı ildə fərqlənmə dərəcəsi alıb və Fulbrayt proqramı təqaüdçüsü olub. Elə həmin il də Filippinə qayıdıb və Filippin Diliman Universitetində jurnalistika magistri dərəcəsi alıb.
Jurnalist karyerasına hökümət telekanalı RTV 4-ün xəbərlər bölməsində başlayıb. 1987-ci ildə avtoritar prezident Ferdinand Markosu hakimiyyətdən kənarlaşdıran xalq hakimiyyəti inqilabından sonra ölkədə jurnalist araşdırmalarını yayan “Probe Productions” müstəqil şirkətinin təsisçilərindən biri olub.

1988-1995-ci illərdə Amerikan telekanalı CNN-in Manila bürosuna rəhbərlik edib, telekanalın Asiya bölməsinin aparıcı tədqiqatçı reportyoru olub. 1995-ci ildən telekanalın Cakarta (İndoneziya) filialına rəhbərlik edib. Həmin dövrdə regionda baş verən mühüm hadisələri – İndoneziyadakı iğtişaşları (1998), Şərqi Timordakı böhranı (1999), Filippindəki ikinci Xalq İnqilabını (2001) işıqlandırıb. Cənub-Şərqi Asiyadakı terrorçu fəaliyyətin araşdırılması üzrə ixtisaslaşıb.

2004-cü ildə ABS-CBN Filippin telekanalının xəbərlər bölməsinə rəhbərlik edib, paralel olaraq CNN və The Wall Street Journal üçün yazıb. 2012-ci ildə o, jurnalist araşdırmaları ilə məşğul olan İnternet media şirkəti “Rappler”in təsisçilərindən biri olub və bu gün də ona rəhbərlik edir. Bu media resursu prezident Rodriqo Dutertenin narkotikaya qarşı elan etdiyi və minlərlə insanın edam edildiyi mübarizəni işıqlandırıb. 2018-ci ildə “Time” jurnalı Mariya Ressanı bir sıra digər jurnalistlərlə birlikdə “İlin adamı” adına layiq görüb.

Fillipində jurnalisti fırıldaqçılıqda, vergidən yayınmada və MKİ-dən pul almaqda suçlayıblar. 2019-cu ilin fevralında “Rappler” saytında dərc etdiyi məqaləyə görə onu “kiber-böhtan” atmaqda ittiham ediblər. 2020-ci il iyununda məhkəmə onu təqsirli bilib. Mariya Ressanı 6 aydan 6 ilədək həbs cəzası və 8 min dollar məbləğində cərimə gözləyir.

Cənub-Şərqi Asiyada terrorizmin artmasına həsr olunan iki kitabın müəllifidir: “Əl-Qaidə”nin yeni mərkəzi haqqqında şahidin dedikləri” (2003), “Bin Ladendən Feysbukadək: 10 günlük qaçırılma, terrorizmin 10 ili” (2013).

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Nobel   Muradov   Tesla  





Xəbər lenti