Qani ölkədən külli miqdarda pulla qaçıb - Sabiq mühafizə rəisi

   Qani ölkədən külli miqdarda pulla qaçıb -    Sabiq mühafizə rəisi
  09 Oktyabr 2021    Oxunub:795
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani ölkədən qaçarkən özü ilə yüz milyonlarla dollar aparıb.
Azvision.az xəbər verir ki, bu barədə Qaninin mühafizə xidmətinin sabiq rəisi, general Piraz Ata Şərifi "Daily Mail" nəşrinə deyib.

Onun sözlərinə görə, Qaninin yüz milyonlarla dollarla ölkədən qaçdığını təsdiqləyən video görüntülər mövcuddur: "Mənim əlimdə Prezident sarayının müşahidə kameralarından köçürülmüş görüntülər var. Orada ölkəni tərk etməzdən əvvəl Əfqanıstan Mərkəzi Bankından gələn bir nəfərin Qaniyə külli miqdarda pul gətirməsini nümayiş etdirən görüntülər əks olunub. Söhbət yüz milyonlardan, bəlkə də milyardlarla dollardan gedir. Bu pullar valyuta mübadiləsi üçün nəzərdə tutulmuşdu”.

Mühafizənin keçmiş rəisi təhlükəsiz yerdə olandan sonra oğurluqla bağlı sübutları paylaşacağını deyib.

Məlumata görə, o, Əfqanıstandan təxliyyə oluna bilməyib və ölkədə “Taliban” yaraqlılarından gizlənir. Onun axtarışa verilməsi ilə bağlı elanlarda 300-dək silaha sahib olduğu bildirilir. Özü isə bunu inkar edir. Şərifinin olduğu yer barədə məlumat verənə bir milyon əfqani (təxminən 11 min dollar) mükafat veriləcək.

Onun sözlərinə görə, Britaniya Müdafiə Nazirliyinə və parlament üzvü Conni Merserə elektron məktub göndərib. Sabiq rəis Britaniyada sığınacaq üçün də müraciət edib.


Pərvanə Sltaanova
Azvision.az




Teqlər: Əfqanıstan   Əşrəf-Qani  





Xəbər lenti