İspandilli xəbər portalları: Şuşa müharibədən sonra yenidən dirçəlir

      İspandilli xəbər portalları:    Şuşa müharibədən sonra yenidən dirçəlir
  10 Oktyabr 2021    Oxunub:994
İspaniyanın EFE xəbər agentliyinin saytında, “SWI swissinfo.ch”, “eldiario.es” xəbər portallarında və Paraqvayın “abc.com.py” platformasında “Şuşa Qarabağdakı müharibədən bir il sonra yenidən dirçəlir” sərlövhəli məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, yazıda işğaldan azad ediləndən bir il sonra Şuşa şəhərinin tarixi, mədəni və memarlıq görkəmini tədricən bərpa edən və əhalisinin təxminən otuz ildən sonra geri qayıdışına hazırlaşan nəhəng tikinti meydançasını xatırlatdığı qeyd olunur.

EFE-nin müxbiri Şuşa sakini Səyad Səmədovla söhbətləşib, onun təəssüratlarını dinləyib. S.Səmədov deyib: “Şuşaya qayıtdığım üçün çox sevincliyəm. Doğma torpağa qayıtmaq böyük xoşbəxtlikdir. Mən heç vaxt buradan ayrılmayacağam, yaxınlarımın və qonşularımın gəlişini səbirsizliklə gözləyirəm”.

İspandilli mətbuat yazır ki, Prezident İlham Əliyev tərəfindən mayın 7-də “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilən şəhər işğal altında olduğu 28 il ərzində Ermənistan tərəfindən dağıdılıb, 2020-ci il noyabrın əvvəllərində azad edilib.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın EFE-yə verdiyi müsahibəyə istinadla qeyd edilib: “Şuşada minaların təmizlənməsi işləri ilə paralel olaraq, evlərin bərpası və sakinlərin qayıdışı üçün infrastrukturun yaradılması prosesi də sürətlə davam edir. Geri dönən keçmiş məcburi köçkünlərin normal və təhlükəsiz şəraitdə yaşaya bilmələri üçün bütün tədbirlər görülür”.

Yazıda, həmçinin Zəfər yolu barədə məlumat verilir, Füzulidə qısa müddətdə hava limanının tikildiyi diqqətə çatdırılır. Eyni zamanda, qeyd olunur ki, bu bölgədə müharibənin izləri hələ də qalmaqdadır – dağıdılmış binalar və evlər, minalanmış sahələr, məhv edilmiş infrastruktur və sair.

Azvision.az



Teqlər: Şuşa   İspaniya  





Xəbər lenti