O, Hitlerə işləməyib: Mustafa Şokayın adını miflərdən təmizləmək lazımdır

      O, Hitlerə işləməyib:    Mustafa Şokayın adını miflərdən təmizləmək lazımdır
  10 Oktyabr 2021    Oxunub:952
İndiyədək barəsində çoxlu mübahisələr aparılan tarixi şəxsiyyətlərdəndir Mustafa Şokay. Doğulduğu Qazaxıstanda bu tarixi şəxsiyyətin adına küçələr verilib, abidələr qoyulub. Keçmiş SSRİ ölkələrində bir qayda olaraq adı faşistlərin ortağı olaraq anılır. Onun tərəfdarları da var, əleyhdarları da. İnsanlar bu haqda müzakirələrə biganə yanaşmırlar. Bu isə Şokayın qeyri-standart, tipik olmayan və çoxtərəfli şəxsiyyətinə maraqdan qaynaqlanır.
Təəssüf ki, indi Mustafa Şokayın Böyük Vətən Müharibəsinin başlanğıcına qədərki tarixi bioqrafiyası insanlar üçün az maraq kəsb edir. Siyasətçi, publisist, Sovet əleyhdarı, emiqrant, öz xalqının rifahının qoruyucusu... Bu siyahını daha da uzatmaq olar. Lakin əfsuslar olsun ki, bunun heç bir faydası yoxdur. İndi cəmiyyəti (və təkcə türk cəmiyyətini yox) ən çox maraqlandıran sual Şokayın Hitler Almaniyası ilə əməkdaşlıq edib-etmədiyi və nə dərəcədə məhsuldar əməkdaşlıq etməsi ilə bağlıdır. Beləliklə, o, nasizmin cinayət ortağı (və ya indi dəb halını almış şəkildə ifadə etsək, "kollaborsionist") olub, ya yox?

Düşünüb, lakin etməyib

Öncə, "kollaborsionist" termininin mənasını aydınlaşdıraq. Beynəlxalq hüquqda bu anlayışın təfsiri - düşmənlə onun maraqları və öz dövlətinin ziyanına yönəlik şüurlu və könüllü əməkdaşlıq deməkdir. Elə məhz burada çətinliklər başlanır.


Əgər hadisələrin xronologiyasını izləsək, o zaman qarışıq mənzərə canlanar. 1941-ci ilin 22 iyunu - SSRİ üzərinə hücum olan gün nasistlər Parisdə aralarında Fransa vətəndaşı Mustafa Şokayın da olduğu məşhur emiqrantların saxlanması ilə bağlı əməliyyat keçirir. Tutulanlar Kompenye qəsrinə aparılır, orda isə kifayət qədər sərbəst şərtlər altında saxlanılırlar. Almaniya onların simasında potensial müttəfiqlər görür.

Şokay orda qaldığı dövr barəsində kifayət qədər müsbət formada bəhs edir. "Mən çox maraqlı insanlarla-həm ruslarla, həm də xaricilərlə tanış oldum...",- deyə o, həyat yoldaşı Mariyaya məktubunda yazırdı - Orada özümü gəncləşmiş hiss etdim, Peterburqdakı tələbəlik illərimi, mühazirələri və yığıncaqları xatırladım. Kompenyedə açıq havada möhtəşəm mühazirələr, siyasi debatlar təşkil edilirdi".

Bütün bu müsbət təəssüratlara baxmayaraq, Mustafa Şokay radioda propaqanda nitqi ilə çıxış etməkdən imtina edir. "Əsir həmvətənlərimlə görüşməyənə qədər təbliğata qoşulmayacağam",- deyə elə həmin məktubda həyat yoldaşına yazırdı.


Lakin illüziyalar tez bir zamanda dağıldı. Digər millətçi liderlərdən fərqli olaraq, Şokay çox tez anlayır ki, Hitler Almaniyası xalqlara heç bir şəkildə azadlıq gətirmir.
Onun türk hərbçilərin təlimləndirilməsilə bağlı təklifi Almaniya tərəfindən laqeydliklə qarşılanır. Lakin Mustafa Şokay xüsusi komissiyanın tərkibinə daxil edilir. O, Qırmızı Ordudan olan hərbi əsirlərin düşərgəsində gördüklərindən dəhşətə gəlmişdi. Saxlanma şəraiti və ən vacibi, türk və digər millətlərin nümayəndələrinə qarşı münasibət arilərin qullarına qarşı münasibəti kimi idi.

Bundan başqa, dostu və həmvətəni Vali Kayum-Xana olan məktubu var. SSRİ tərəfdarları, daha dəqiq desək, Şokayın əleyhdarları bu məktubdan arqument kimi istifadə etməyi sevirlər.
"Bəli, bizim anti-bolşevik, Sovet Rusiyası və bolşevizm üzərində qələbə arzusundan savayı başqa çıxış yolumuz yoxdur. Bu yol bizim iradəmiz xaricində Almaniya tərəfindən açılıb. Və Debiçedə vurulanların cəsədləri ilə doludur. Bizim tapşırığımız çətindir, əziz Vali. Lakin biz yenə də ləngitmədən tapşırıqlarımızın icrasını davam etdirməliyik",- məktubda yazılmışdı.

Heç kim bu məktubun hansı şərtlər altında yazıldığını nəzərə almır. Hitlerin dağıdıcı maşını, onun güllələmələri və nəticələrilə üzləşən mülki şəxs tərəfindən yazılan məktub...
Tərəzinin bir gözündə gənc asiyalı oğlanların real həyatı, digər tərəfində isə Şokayın 20 il ərzində olmadığı mücərrəd bir dövlət var idi.
Lakin bütün bunlara baxmayaraq, Mustafa Şokay klassik ziyalı kimi addım atdı. Onun hitlerizmə qarşı müqavimət göstərmək gücü yox idi. O, sadəcə bu sistemdə iştirak etməkdən imtina etdi və bu, ona həyatı bahasına başa gəldi. "...Mən təklifi qəbul edə bilmərəm.... Türküstan legionuna rəhbərlikdən və sonrakı əməkdaşlıqdan imtina edirəm. Mən bu qərarımın nəticələrini dərk edirəm". Bu da sitatdır.


Hər şeyin necə bitdiyi artıq hamıya məlumdur. Türküstan legionunun nəzəri olaraq yaradılmasının elan edildiyi gün Mustafa Şokay xəstəxanaya aparılır. 5 gün sonra - 27 dekabr, 1941-ci ildə o, rəsmi versiyaya əsasən, tif xəstəliyindən ölür. Dul qalmış həyat yoldaşı, qızlıq soyadı Qorina olan Mariya Şokay əmindir ki, ərini zəhərləyiblər. Və beləcə, sonradan Mustafa Şokayın adından Hitler Almaniyasının propaqanda işində geniş şəkildə istifadə edildi. Bir ölünün adından pafoslu şəkildə istifadə etmək, diri inadkarı inandırmaqdan daha müvəffəqiyyətli idi.

İndi isə gəlin ümumiləşdirək... Mustafa Şokay əslində Nasist Almaniyasının tərəfdarları tərəfindən fəxri girov götürülüb (yəni nasistlərin tərəfinə öz xidmətlərini təklif edərək könüllü keçməyib) Onun fəaliyyəti konslagerlərə səfərdən tutmuş, bir neçə şəxsi məktubun yazılması, işdən imtina və xəstəxanadakı ölümünə qədər bir neçə ayı əhatə edib. Burda hansı dövlətə hansı zərərdən (kollaborasionizmin nəzərdə tutduğu) söhbət gedə bilər?

Ümumiyyətlə isə Mustafa Şokayın faşizmin əsl ortağı Vlasovun reabilitasiyasına, Krasnova abidələr ucadılmasına cəhd edildiyi, ölkənin keçmiş paytaxtının blokadasının aktiv təşkilatçılarından biri- general Mannerheymə lövhələr qurulduğu bir ölkənin sakinləri tərəfindən ittiham edilməsi yəqin ki, anormal və yanlışdır. Yuxarıda sadalananlardan fərqli olaraq, Şokay heç kimə zərər verməyib. Bu, hətta sənədlərlə də təsdiqlənir. SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi 18 may 1948-ci ildə Berlin əməliyyat sektoruna “25.12.1890-cı il təvəllüdlü Mustafa Şokay barədə ittihamedici dəlillərlə bağlı arayış verilməsi” xahişilə müraciət etmişdi. Berlin operativ əməliyyat sektorunun ikinci şöbəsindən (№4), alman qurumlarının açıq və qapalı materiallarını hərtərəfli yoxladıqdan sonra "məxfi kart indeksində belə bir məlumatın olmadığı” bildirilib. (РГВА. Ф. 1358 к. Оп. 3. Д. 45б. Б.л)

Əfsanələrin yaranması

Uzun müddət Mustafa Şokayın adı kifayət qədər az çəkilirdi. Bu qadağa 1990-cı illərdə, SSRİ-nin dağılmasından sonra qalxdı. O dövrdə nəyin bahasına olursa-olsun, bolşevizmə qarşı mübarizə aparan və buna görə kiminlə desən, ittifaqa hazır olan milli “xalq liderləri” ideallaşdırılırdı. Baltikyanı ölkələrdə "meşə qardaşları"nı reabilitasiya etdilər, Rusiyada general Vlasov və onunla əlbir olan Krasnov və Şkuro bəraət aldı, eyni zamanda Ukraynada Bandera və Şuxeviçi tərifləməyə başladılar. Qazaxıstanda da israrla belə bir personaj axtarılırdı. Yerli millətçilər - digərlərindən daha pis olmamaq üçün xaricdəkilərə isə kolaborasionizmin kütləviliyini və beynəlmiləlliyini göstərmək və dolayısı ilə buna haqq qazandırmaq məqsədilə.

90-cı illərin KİV-ləri bənzəri olmayan sərbəstlik əldə edərək, kütləvi şəkildə fantastik və saxta tarixi mövzular çap etməyə başladılar. İndi həmin yazıların müəlliflərini tapmaq mümkün deyil və bu mifləri çap edən nəşriyyatlar da artıq fəaliyyət göstərmirlər. Millətçi-kollaborasionistlərin (əsl!) qəhrəmanlaşdırılması “dəb”i artıq geridə qaldı. Lakin təəssüf ki, o vaxtdan bəri qurulan informasiya stereotipi davam edir. Bu mənada Mustafa Şokay məxfi şəkildə bu “legion”a daxil oldu. Amma o, Vlasov kimi hərbi xəyanət etməmiş, Krasnov və Şkuro kimi Hitlerə xidmət etməmiş, millətçi yeraltı şəbəkə yaratmamış, Bandera və Şuxeviç kimi xalqları məhv etməyə çağırmamışdı. Şokayın Almaniya ilə “əməkdaşlığı” barədə isə biz artıq danışmışıq.

Əgər həmin dövrdə real informasiyalar minimum idisə, 90-cı illərin sözdə tarixçiləri haradan ilhamlanır və fikirlərini nəyə əsaslanaraq yazırdılar? Təəccüblüdür ki, Sovet ədəbiyyatı kökündən fərqli bir tərzdə də olsa, onlar üçün mənbəyə çevrilmişdi. “Faşist suç ortağı Mustafa Şokay haqqında əfsanə” hələ Sovet dövründə meydana gəlmişdi və bu, prinsipcə başadüşləndir. Həmin illərdə sevilən bir ifadə vardı: Əgər ideoloji rəqib təslim olmasa, o zaman məhv edilir - həm mənəvi, həm də ölümündən sonra.

Bunun bariz sübutu Serik Şakibayevin “Böyük Türküstanın süqutu” kitabıdır. Bu kitabda Şokay Türküstan legionunun əsas ideoloqu, ilham mənbəyi və öndəri kimi təsvir olunur. Bir çox opponentlər nədənsə bu əsərdə kifayət qədər səhvlərin olduğunu unudaraq, Şakibayevin kitabına istinad edirlər. Bir fakt - əsərdə Mustafa Şokayın 1942-ci ilin yazına qədər sağ qalmasının qeyd olunması - bu kitabın obyektivliyinə şübhə ilə yanaşmağa kifayət edir.


Bu qəribə və gülünc səhv hardan yaranıb? Axı Şakibayev savadlı və peşəkar yazıçı idi. Təəssüf ki, müəllifin öz personajına müəyyən etdiyi ölüm tarixi bu səhvin təsadüfən edilmədiyi qənaətinə gəlməyə əsas verir. Məhz həmin vaxt gələcək Türküstan legionu real olaraq formalaşıb. Yazıçı əsl ölüm tarixini dərc etsəydi, Mustafa Şokayı legion yaratmaqda günahlandırmaq bir qədər problemli olardı.

Bəs bu əfsanə haradan yarandı? Araşdırmalar göstərir ki, hitlerizmin təbliğatından. Mustafa Şokayın ölümündən sonra Türküstan legionunda onun adından təşviqat aparılmışdı. Yaşayan insanı inandırmağın mümkün olmayacağını anlayıb, təşviqat üçün (təşviqatçılar burada həqiqətən uğurlu idi!) mərhum liderin nüfuzundan istifadə edildi.
Nə qədər kədərli olsa da, etiraf etməliyik ki, bir neçə onilliklər ərzində hamı əvvəlcə hitlerizmin, sonra Sovet təbliğatının, ən nəhayət savadsız, saxta tarixçilərin uydurduğu mifi təkrarlayırıq. Nəhayət, dayanmağın və Mustafa Şokayın şəxsiyyəti barədə həqiqətən düşünməyin vaxtı deyilmi? Canlı, narahat emosional bir insan haqqında düşünməyin vaxtıdır, bir abidə elementi hqqında yox.

Kim olub Mustafa Şokay? Alim, publisist, siyasətçi, humanist? Bəli. Vətənpərvər? - Şübhəsiz ki. Satqın? – xeyr, deyildi. 1941 -ci ildəki fəaliyyətinin nə Fransaya, nə də Şokayın heç vaxt vətəndaşı olmadığı SSRİ-yə heç bir zərəri olmayıb.
Mustafa Şokayın ölümündən 80 ilə yaxın vaxt ötür. Bir çox tarixi sənədlərin məxfiliyi ləğv edilib, məlumat əldə etmək açıqdır.
Amma nədənsə biz gözlərimizi yumub, əvvəlcə Hitlerin, sonra isə Sovet təbliğatının şablonlarını təkrarlayırıq – kimimiz müsbət, kimimiz də mənfi mənada. Əlimizdəki faktlardan öz nəticələrimizi çıxarmağı öyrənməyin vaxtı çatmadı?



Teqlər: Mustafa-Şokay   Qazaxıstan  





Xəbər lenti