Miqrant faciələrinin yazıçısı: Əbdülrəzzaq Qurnaha "Nobel" niyə verildi

 Miqrant faciələrinin yazıçısı:  Əbdülrəzzaq Qurnaha "Nobel" niyə verildi
  11 Oktyabr 2021    Oxunub:2303
2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı əslən müasir Tanzaniyanın Zənzibar adasından olan yazıçı Əbdülrəzzaq Qurnaha verildi. Nobel Komitəsinin qərarında deyilir ki, o, “müstəmləkəçiliyin nəticələrinin mahiyyətini, mədəniyyətlər və qitələr burulğanına düşən qaçqınların taleyini barışmaz şəkildə və mərhəmətlə dərindən işıqlandırdığına görə” mükafata layiq görülüb.
“O, Afrikanın post-müstəmləkə dövrünün aparıcı yazıçılarının biri kimi tanınıb. Əsərlərində Qurana və “Min bir gecə” nağıllarına istinadlar var. O, mədəniyyətlərarası, onu cəzb edən keçmiş və indiki həyatın içindəki məkanda olur, ancaq bu, aşılması heç vaxt mümkün olmayacaq qeyri-müəyyən bir durumdur”,- Nobel Komitəsi Akademiyasının sədri Andres Ulsson mətbuat konfransında söyləyib.

Akademiyanın qərarına qaçqınlarla bağlı vəziyyətin (xüsusilə də, Avropada) necə təsir etdiyi ilə bağlı suala Ulsson belə cavab verib: “Biz gələcəyə baxırıq və belə bir mükafat üzərində işləyərkən vaxt lazım olur. Avropada və Aralıq dənizi ətrafındakı kəskin situasiyanın bu ilin mükafatına hər hansı təsir etdiyini düşünmürəm. Qurna özünü hələ 1980-ci ildən tanıdan yazıçıdır və biz onun yaradıcılığını çoxdan izləyirik. Amma onun yaradıcılığının məhz indi, həm Avropada, həm də bütün dünyada maraq doğurması tamamilə təbiidir. Mənə elə gəlir ki, planetimizdə baş verənlərin bizə təsiri var, bunun olmaması hətta təəccüblü olardı”.
Onun dediyinə görə, Nobel Komitəsi laureatların seçiminə yanaşmada İsveç Akademiyasının tələblərini də nəzərə alıb.

Əbdülrəzzaq Qurnah ərəb mənşəli Tanzaniya yazıçısıdır. Hazırda Böyük Britaniyanın Şərqi Sasseks əyalətinin Brayton şəhərində yaşayır. 1948-ci ildə ərəb mənşəli müsəlman ailəsində doğulub. 1968-ci ildə Zənzibardakı anti-ərəb ovqatıyla əlaqədar Böyük Britaniyaya köçüb. 1980-1982-ci illərdə Nigeriyanın Bayero Universitetində mühazirələr oxuyub. 1982-ci ildə Böyük Britaniyanın Kent universitetində doktorluq dərəcəsi alıb. 1985-ci ildə elə həmin universitetin müəllimi olub və post-müstəmləkə ədəbiyyatına, ilk növbədə Böyük Britaniyanın Şərqi Afrikadakı, Hindistandakı və Karib adalarındakı müstəmləkələrindən çıxmış diaspor yazıçılarının yaradıcılığına dair mühazirələr oxuyub. Hazırda Kent universitetinin professorudur və ingilis dili kafedrasında aspiranturaya rəhbərlik edir.

Onun başlıca elmi marağı post-müstəmləkə ədəbiyyatına və müstəmləkəçiliklə bağlı diskurslaradır. Müasir post-müstəmləkə yazıçılarının yaradıcılığını tədqiq edir. 2008-ci ildən Britaniya Kral ədəbi cəmiyyətinin üzvüdür.
Qurnahın 10 romanı və çoxlu hekayələri dərc olunub. Bu əsərlərin əsas mövzusu qaçqınların mürəkkəb həyatıdır. İlk üç romanı – “ Köçürülmə haqda xatirə” (Memory of Departure, 1987), “Zəvvarların yolu” (Pilgrims Way, 1988) və “Dotti" (Dottie, 1990) müasir Britaniyadakı immiqrant talelərini müxtəlif rakurslardan işıqlandırır. “Cənnət” (Paradise, 1994) romanındakı hadisələr Birinci Dünya müharibəsi illərində müstəmləkə olan Şərqi Afrikada cərəyan edir. “Sükutdan heyranlıq” (Admiring Silence, 1996) romanı Zənzibarı tərk edərək, İngiltərəyə köçən, orada evlənən və müəllim olan gəncin həyatından bəhs edir.

“Cənnət” romanı 1994-cü ildə ingiliscə yazılan və Böyük Britaniya, yaxud İrlandiya ərazisində çap olunan ən yaxşı romana verilən Buker mükafatının qısa siyahısına (“short list”) düşüb. 2001-ci ildə də “Dəniz sahilində” (By the Sea, 2001) romanına görə, “Los Angeles Times” qəzetinin kitab mükafatı nominantlarının siyahısında yer alıb.

Əbdülrəzzaq Qurnah “Afrika ədəbiyyatına dair esselər” adlı ikicildliyin məsul redaktoru, “Salman Rüşdiylə həmsöhbət” və “Vasafiri” jurnallarının redaktorudur. V.S.Naypol, Salman Rüşdi və Zoi Ukomb daxil olmaqla bir sıra müasir postkolonial yazıçıların yaradıcılığına dair tədqiqatların müəllifidir.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Nobel   Qurnah  





Xəbər lenti