Gürcüstan səfirliyində anım tədbiri keçirilib - FOTO

Gürcüstan səfirliyində anım tədbiri keçirilib -    FOTO
  11 Oktyabr 2021    Oxunub:600
Gürcüstanın Azərbaycandakı səfirliyinin binasında dövlət bayrağı endirilib.
Azvision.az bu barədə Gürcüstanın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Gürcüstan hökumətinin qərarına əsasən, Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, oktyabrın 11-i bu ölkədə matəm elan edilib. Bu gün səfirlikdə matəm tədbiri keçirilib. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gürcüstan səfiri Zurab Pataradze diplomatik korpus adından həlak olanların ailələrinə başsağlığı verib: “Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi. Ölənlərin, hər biri üçün, xüsusən də uşaqlara görə kədərlənirik. Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik. Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq. Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm”.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində 7 mərtəbəli binanın çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində aparılan təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfər saxlanılıb.





Pərvanə Sultanova
Azvision.az




Teqlər: Gürcüstan   Matəm  





Xəbər lenti