Sülh İranı qorxudur - Nikolay Zamikulanın yazısı (Eksklüziv)

  12 Oktyabr 2021    Oxunub :773
  Sülh İranı qorxudur  -  Nikolay Zamikulanın yazısı (Eksklüziv)
Nikolay Zamikula
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
Xüsusi olaraq AzVision.az üçün

İranın yeni Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianın vəzifəyə keçdikdən sonra tezliklə Rusiyaya səfər etməsi təəccüb doğurmur. Qərbə qarşı birləşən Moskva və Tehran beynəlxalq arenada çoxdandır ki, birgə kontekstdə işləyirlər. İranın bu yaxınlarda tamhüquqlu üzv kimi Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması və Azad Ticarət Zonası sazişi barədə Avrasiya İqtisadi İttifaqı ilə apardığı danışıqlar da bunu sübut edir.
Hərçənd, İranla Rusiya arasında dostluğun olmadığını və əməkdaşlıqdan hər tərəfin özü üçün mənfəət götürdüyünü unutmaq lazım deyil. Praktik müstəvidə əksər məsələlərdə onların arasında ziddiyyətlər mövcuddur. Əvvəllər Suriyada vəziyyətin sabitləşməsi məsələsində Moskva ilə Tehranın fərqli baxışlarının olduğu, Bəşər Əsədin ətrafındakı rusyönümlü və iranyönümlü qütblər arasında qarşıdurmanın mövcudluğu barədə məlumatlar açıqlanırdı. İran və Rusiya həmçinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində də fərqli mövqelər sərgiləyirdilər. Təsadüfi deyil ki, Tehran 2018-ci ilin avqustunda imzalanmış Konvensiyanı hələ indiyədək təsdiqləməyib.
ABŞ və İsrail İranı vura bilərlər – Dimitri Solonnikovun yazısı (Eksklüziv)

Son hadisələr Cənubi Qafqaz probleminə münasibətdə də fəqrli baxışların meydana çıxdığını göstərir. Azərbaycanın İkinci Qarabaq müharibəsində qələbəsi regionda qüvvələr nisbətini dəyişib. Müttəfiqi olan Ermənistanın məğlubiyyəti Rusiyanın da, İranın da mövqeyinə təsir göstərib. Lakin Moskva münaqişə zonasında öz sülhməramlı kontingentini yerləşdirməklə və İrəvan üzərində birbaşa nəzarəti gücləndirməklə yaranmış vəziyyətdən müəyyən xeyir götürə bildi. Rusiya həm də regionda nəqliyyat dəhlizlərinin açılmasında iqtisadi maraqlara malikdir. Maraqlarına cavab verən şərtlər əsasında Kreml müəyyən mənada hətta Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını da qəbul edə bilər.

İran isə əksinə, tamamilə uduzmuş mövqedə qaldı. Mahiyyət etibarilə, əgər Ermənistan nəzərə alınmasa, daha çox uduzmuş tərəf məhz İrandır. Onun münaiqəşədə itirak etmədiyini nəzərə alsaq, həqiqətən də bu, paradoksal bir haldır. Azərbaycanın qələbəsi regionun İran hakimiyyətini qane etməyən istiqamətdə yeni transformasiyası üçün şərait yaradır. Türkiyə-Azərbaycan ittifaqının güclənməsindən qorxan İran bunda türkçülük ekspansiyasının təhlükəsini görür. Tehran daim Türkiyə ilə Azərbaycan arasında əlaqələr sistemini əngəlləyən faktor saydığı Ermənistanın məğubiyyətindən narahatdır.

Ən nəhayət isə, İrəvanla Bakı arasında sülh müqaviləsi perspektivi Tehranın maraqlarına təhdid yaradır. Ermənistanın regional təcriddən çıxması bu ölkənin hakimiyyəti üçün İranın əhəmiyyətini demək olar ki, heçə endirəcək. Bu isə hazırda iranlıların sanksiyalar blokadasını pozmasına qismən imkan yaradan və Ermənistandan keçən nəqliyyat dəhlizinə təhlükədir.

Bu reallıqdan çıxış edən İran hakimiyyəti Azərbaycanın uğurlaırnı sarsıtmağa və regionda münasibətləri əngəlləməyə çalışır. Tehranın Bakıya qeyri-dostyana yanaşması əvvəllər də məlum idi. İran hərbçilərinin İkinci Qarabağ müharibəsi zamanı hərəkətləri barədə Azərbaycan tərəfinin bu yaxınlarda açıqladığı faktlar (2020-ci ilin oktaybrında Azərbaycanın sərhədlərini pozulması) bunun parlaq sübutudur.

İranın prezidenti postuna mühafizəkar İbrahim Rəisinin seçilməsi fonunda vəziyyət daha da qəlizləşir. Son həftələr əzrində Tehranın təxribatçı ritorikası, habelə Azərbaycan sərhədləri yaxınlığında keçirilən hərbi manevrlər bunu sübut edir. Sonuncu qeyri-dostyana addım – İranın Naxçıvana hərbi yüklərin daşınması üçün hava məkanını bağlanması,- iranlıların Azərbaycana dost münasibətləri barədə bəyanatlarının, habelə hansısa islam həmrəyliyinə istinadlarının boş sözlər olduğunu göstərir.

Amma İranın bu hərəkətlərinə Rusiyanın necə cavab verəcəyi sualı açıq qalır. Moskva regionda dövlətlərarası münasibətlərin real sabitləşməsində maraqlı deyil. O, öz maraqları naminə ölkələr arasındakı ziddiyyətlərdə oynayır. Bu, İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesində onun hər iki ölkəyə təsirini gücləndirir. Belə vəziyyətdə İranın aqressiv davranışı Moskvanın planalarına kömək etməkdən çox, onları əngəlləyir. Bu baxımdan, Azərbaycan-İran münasibətlərindəki aktual böhran Rusiya-İran əməkdaşlığında daha bir sualtı daş ola bilər.

Hazırladılar: Cavad Muradov, Sahil İsgəndərov

Teqlər:   İran   Rusiya  







Xəbər lenti