Müharibənin 17-ci günü: erməni terroru lənətlənir

  13 Oktyabr 2021    Oxunub :257
 Müharibənin 17-ci günü:  erməni terroru lənətlənir
Oktyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi rəsmi açqılamasında Silahlı Qüvvəllərimizin humanitar atəşkəs rejiminə əməl etdiyini, Ordu bölmələrimizin heç bir atəş açmadığını və hücum həyata keçirmədiyini bildirdi. Bununla belə, həmin gün Ermənistan tərəfi itkilərə məruz qaldı.
Sual oluna bilər ki, Azərbaycan tərəfinin humanitar atəşkəs rejiminə əməl etdiyi halda Ermənistan necə itkilər verə bilər? Məhz erməni tərəfin atəşkəs rejimini pozaraq, silahlı tərxribatlara əl atmasına Azərbaycan Ordusunun cavabı bu itkilərə gətirib çıxardı. Erməni hərbi hissələrinin bu təxribatları nəticəsində oktyabrın 13-də Ağcabədi rayonu Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərov həlak oldu. Bu erməni təcavüzü nəticəsində dünyasını dəyişən 3-cü məktəbli idi . Gün ərzində bir sıra cəbhəyanı rayonlarımızı atəşə tutan erməni hərbi bölmələrinə Silahlı Qüvvələrimizin cavabı qarşılığında düşmən müharibənin 17-ci günü daha 17 hərbçisinin itirdiyini açıqladı. Görünür, təqvimin günü ilə erməni tərəfin canlı qüvvə itikisinin üst-üstə düşməsi də ilahi qüvvə tərəfindən şərtləndirilən bir məqamdır.

Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edildi, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salındı, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarıldı. Habelə, Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edildi.

Bütün bunlar erməni tərəfin humanitar atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutmasına ordumuzun verdiyi cavabların nəticəsidir. Bu dəfə ölənlərin sayının çox olduğunu bildirən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyanın bəyanatının ruhu bir qədər fərqli oldu: “Ermənistan ordusunun öldürülən 550 hərbçisinin adı müəyyən edilib, digərləri barədə dəqiq məlumat yoxdur”. Maraqlıdır ki, bir neçə gün əvvələ qədər, ölənlərin həqiqi sayını gizlədən Ovannisyan heç vaxt “digərləri barədə dəqiq məlumat yoxdur” ifadəsini işlətmirdi. Elə oktyabrın 17-də də ümumi itkilərin sayını xeyli azaltsa da, bu ifadəni işlətməklə o, əslində erməni cəmiyyətini tədricən acı həqiqəti eşitməyə hazırlamağa başladı.



Ermənistanın öz itkilərinin həqiqi miqyasını gizlətdiyini ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Aleksandr Kots da təsadüfən ifşa etdi. Öz “Telegram” kanalında onlarla qanlı xərək fotolarını paylaşan Kots həmin şəkilləri dərhal sildi. Görünür, ianələrindən yararlandığı erməni ağaları ona səfehlədiyi barədə ciddi xəbərdarlıq etdilər. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim isə “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsinə” əlavələr etdi. Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın təsdiqlədiyi bu “qanun” muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsini nəzərdə tuturdu. Amma Azərbaycan Ordusunun Dəmir Yumruğu həmin “qanun”un da, Araikin də, elə erməni fitnə-felinə uyub təcavüzkara dəstək verməyə gələnlərin də aqibətini puça çıxardı. Müharibənin 17-ci günü əsasən, Gəncə terrorunun beynəlxalq miqyasda qətiyyətlə pislənməsi və Azərbaycanın haqq işinin dəstəklənməsilə tarixə düşdü.

Fransa mediasının “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallarında “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olundu. Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı hadisə yerindən BBC telekanlının hazırladığı reportajda bunun açıq-aşkar mülki əhalinin hədəfə alınması olduğu vurğulandı.Gəncənin dinc sakinlərinə qarşı törədilən terror aktının nəticələrini öz gözləri ilə görən İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Muriel Peneveyre beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklər çərçivəsində mülki əhalinin qorunmasının vacibliyini vurğuladı. Ermənilərin Gəncəyə hücumuna münasibət bildirən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də paylaşım edərək, bu hadisələrin onu sarsıtdığını, həlak olanların və yaralıların ailələrinə səbr dilədiyini yazdı. İtaliyalı parlamentarilərin bir qrupu Gəncəyə hücumu pisləyən bəyanatla çıxış etdi. Senator Stefano Lucidi İtaliya hökumətinin atəşkəsin Ermənistan tərəfindən pozulmasını qəti şəkildə pisləməli olduğunu dedi. Senator bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımından çox vacib olduğunu vurğuladı. Senator Maria Rizotti isə Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal bu cinayətləri dayandırmağa çağırdı və bunun mənəvi öhdəlik olduğunu bildirdi. O, beynəlxalq ictimaiyyəti və İtaliya hökumətini Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləməyə, BMT TŞ-nın qətnamələrinə əsasən Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməyə çağırdı.



Gəncə terroru ilə bağlı dünyanın bir sıra ölkələrinin parlamentlərində təmsil olunan siyasi partiyalar və beynəlxalq parlament təşkilatlarının nümayəndələri də Ermənistanın təxribatlarını pislədilər və bu ölkənin cəbhə xəttində törətdiyi təxribatlarla bağlı sərt bəyanatlarla çıxış etdilər. 2020-ci il oktyabrın 13-də Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə əlaqədar bəyanatla çıxış edən Azərbaycanın Rus İcması atəşkəs rejimini kobud şəkildə pozan erməni hərbi bölmələrinin Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının kəndlərini atəşə tutduğunu, dinc sakinləri öldürdüyünü və yaraladığını, mülki infrastruktur obyektlərinə ciddi ziyan vurduğunu qətiyyətlə pislədi. Bəyanatda Ermənistanın Gəncə şəhərinə endirdiyi raket zərbələri insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətinə ənənəvi qaydada, ümumi söz yığnağından ibarət “münasibət” bildirdilər.

-Azərbaycan və Ermənistanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada qəbul edilmiş razılaşmanı tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırırıq. İstənilən şəraitdə mülki itkilərin olması qəbuledilməzdir. Cəsədlərin və hərbi əsirlərin, saxlanılanların mübadiləsini həyata keçirmək üçün tərəfləri dərhal humanitar atəşkəsi tətbiq etməyə və təcili olaraq atəşkəs rejiminə nəzarət mexanizminin razılaşdırılmasına çağırırıq,- bəyantda vurğulanır.

ABŞ Dövlət katibi Mayk Pompeo “ Twitter” hesabında paylaşım edərək insan həyatının itirilməsindən kədərləndiklərini və sülh yolu ilə nizamlanmaya sadiq qaldıqlarını vurğuladı. O, Vaşinqtonun Azərbaycan və Ermənistanı atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə, Gəncə və digər şəhərlərdə mülki əraziləri hədəf almağa son qoymağa çağırdığını bildirdi. 30 il ərzində olduğu kimi yenə də həmsədrlər və onların təmsil etdiyi dövlətlər hər şeyi öz adı ilə çağırmaq istəmir, sanki hər iki tərəfin eyni dərəcədə günahkar olduğu təəssüratını yaratmağa çalışırdılar. Məhz bu reallıq qarşılığında Gəncə terroru ilə bağlı sərt reaksiya sərgiləyən Pakistan Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin sədri Müşahid Hussain Sayed dünya birliyinin Ermənistanın təcavüzkar hərəkətlərinə susmasının iki səbəbini vurğulayıb: “Birincisi müsəlmanların məsələlərinə gəldikdə ikili standartlarla yanaşma, ikincisi isə Ermənistanın lobbi qruplarının Qərbdəki təsiridir”.



Hətta Gəncə terroru qarşılığında belə, Ermənistanın törətdiyi cinayətlərə ikili standartlardan yanaşanlara münasibətdə İsrailli politoloq Yuri Boçarov daha sərt mövqe sərgilədi: "Təəssüf ki, bir tərəfdə otuz ildir qanuni ərazilərinin 20 faizindən çoxu işğal altında olan Azərbaycan, digər tərəfdə dünyadan praktiki təcrid edilmiş, çox aqressivliyinə rəğmən dünya güclərinin çoxunu razı salan Ermənistan var. Azərbaycan Ordusunun ən ciddi uğurları fonunda otuz illik “status-kvonun” pozulması açıq şəkildə ATƏT-in Minsk Qrupunun üzvlərinin hamısını qane etmir. Beləliklə, onların hər biri qərar verir, öz maraqları naminə Azərbaycan Ordusunun uğurlarını dondurmağa çalışır. Ancaq mən əminəm ki, Azərbaycan Ordusu öz ərazilərini işğalçılardan azad etmək üçün həyata keçirdiyi haqlı işi davam etdirdiyi müddətdə hamı yalnız danışa və qınaya bilər, amma açıq şəkildə bu prosesə mane ola bilməzlər. İndi əsas odur ki, ölkəyə qarşı real güc tətbiq etməyə imkan verəcək hər hansı bir təxribatdan uzaq olaraq, bu işi ağılla sona çatdırasan. Sözlərə gəlincə qoy danışsınlar, Şərqdə deyildiyi kimi: “it hürər, karvan keçər”, - Yuri Boçarov bildirdi. Yeri gəlmişkən, israilli politoloqun qeyd etdiyi qüvvələr Xankəndində Azərbaycan dilində “Xoş gəlmisiniz” afişasını hazırlamaqla azərbaycanlılara bir növ sülh mesajı ünvanlayan yaşlı erməni qadının Ermənistan hərbi polisinin nümayəndələrinin vəhşicəsinə döyməsinə də laqeyd qaldılar. Ermənistan ordusunu və həmin erməni qadını vəhşicəsinə döyən erməni hərbi polisini döyüş meydanlarında həm fiziki, həm də mənəvi cəhətdən əzişdirən Azərbaycan Silahlı Qüvvələri təcavüzkar ölkəyə də, onun havadarlarına da haqq-ədalətin gec-tez öz yerini tutacağını nümayiş etdirdi.



Sahil İsgəndərov
Azvision.az

Teqlər: Azərbaycan   Vətənmüharibəsi   Ermənistan   cinayətkar  







Xəbər lenti