“Dərs deyil, hərzəvü-hədyandı bu!..” – Tural Bakuvinin yazısı

   “Dərs deyil, hərzəvü-hədyandı bu!..” –    Tural Bakuvinin yazısı
  15 Oktyabr 2021    Oxunub :1945
Tural Bakuvi
Tarixçi, bəstəkar
AzVision.az üçün

Dənizlərdə fərqli xassəli suların “bir-birinə qarışmaması” kimi bəsit təbiət hadisəsinin "möcüzə" deyə təqdim olunmasını Azərbaycan cəmiyyətinə məşhur şarlatan Harun Yahya (Adnan Oktar) özünün pesvdoelmi “kitab”larında sırımışdı. İndi özü həbsxanada olsa da, başlatdığı iş təəssüf ki, davam edir və çiçəklənir.
Bu fırıldağın 6-cı sinfin fizika dərsliyinə salınması çox dərin təəssüf doğurur. Balalarımz oxuyurlar ki, guya okenda fərqli xassəli suların bir-birinə qarışmasına "gözə görünməz pərdə" mane olur və bu, 7-ci əsrdə Quranda yazılıbmış: "Birinin suyu dadlı və şirin, digərininki duzlu və acı olan iki dənizi qovuşduraraq, aralarında keçilməz sədd qoyan Odur" (Furqan/53). Və guya bunu biləndə məşhur okeanoqraf Jak İv Kusto İslamı qəbul edibmiş.

Əvvəla, Kusto ilə bağlı fakt tamamilə yalandır: O, heç vaxt müsəlman olmayıb, Cəbəllütariq boğazındakı kimyəvi-fiziki hadisəni də heç vaxt Quranla bağlamayıb. Bu da bir çox digər “Quran möcüzələri müjdəsi” kimi saxta bilgilərdən biridir. Şəkildə müsəlman hacı Kustonun məzarını görürsünüz:


İkincisi, lap deyək ki, Kusto bilməyib, amma biz axı bilirik ki, hələ 4 min il əvvəl Finikiya koloniyaçıları bu məsələdən xəbərdar idilər. Eradan əvvəl 7-6-cı əsrlərdə Yunan tacirləri də oralarda olmuş, bunun səbəbini öyrənməyə çalışmış, hətta, təbiətşünas Plini az duzlu və çox duzlu suları təmas etdirərək, sınaq da aparmışdı. Belə olan halda, əlbəttə ki, 7-ci əsrdə Aralıq-Qırmızı dəniz sahillərinə yaxın bölgənin insanlarının bundan xəbərdar olmasında qeyri-adi heç nə yoxdur.
"Burada nə qəbahət var ki?!" - "Fizika" dərsliyinin müəllifi

Nəhayət, suyu “şirin və dadlı” olan dəniz varmı?! Aydındır ki, burada “acı və duzlu” deyərkən Aralıq dənizinin, “şirin və dadlı” deyərkən isə Atlantik okeanının suyu nəzərdə tutulur. Əziz dostlar, bu gün kimsə okean suyuna “şirin və dadlı” desə onu axmaq və ya cahil hesab edərsiniz, elə deyilmi?!

Hələ mövzu ilə əlaqəli digər bir ayədə görün, nə deyilir: "İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat və içənə ləzzət edən, digərininki isə həddindən artıq şor və acıdır (35/12). Təsəvvür edirsiniz, Atlantik okeanın suyu içənə ləzzət edir, boğazdan yumşaq gedir... Bəh, nə gözəl!
Bu sözü - Okean suyunun içənə ləzzət verdiyini,- günümüzdə biri desə, onu ağılsız hesab edərsiniz, elə deyilmi? 14OO il əvvəl biri deyibsə, sizin üçün dəyişən nə olur axı?!

Ümumiyyətlə, din kitablarında elmə aid xəbərlər verilməsi və numerologiya oyunbazlığı yəhudi ilahiyyatçıları Eliyahu Ripps, ardından Mixael Krosnin kimi şəxslər tərəfindən uydurulub. Onların "Tövratın kodları" adlı əsərlərini oxusanız, görəcəksiniz ki, “Quran möcüzəsi” kimi bildiyiniz hər şey – 19 rəqəmi, ağır buludlar, “böyük partlama”, dişi arılar, acı-şirin su və ümumiyyətlə, hamısı! - əslində, “Tövrat möcüzəsi” imiş və hətta bunlar da yəhudilikdən kopyalanmadır.

Keçək məsələnin sosial-mənəvi tərəfinə.


6-cı sinifdə oxuyan pak, gül kimi saf balalarımızı belə “elmi fakt”larla Quranın “möcüzəvi” kitab olduğuna əmin etsək, onlar gərək həmçinin inansınlar ki:
- Günəş məğribə çatandan sonra qara bir palçığın içində batır;
- Ulduzların yerin ən yaxın göyünə düzülmüş qəndillərdir ki, şeytanları yandırsın;
- Dağlar zəlzələ olmasın deyə var;
- Külək əsməsə, gəmilər üzməz;
- Yerin qübbəsi var və o möhkəm bəndlərdən asılıb ki, göy yerin üstünə düşməsin;
- Ümumiyyətlə, Yer düzdür və Günəş onun ətrafında fırlanır (“Günçıxan”, “günbatan” sözləri də elə bu səbəbdən mövcuddur);
- Yağış ona görə yağır ki, oradakı insanlar ruzi-bərəkət əldə etsin və bu, ilahi rəhmətdir;
- İldırım o yerlərdə çaxır ki, oranın insanları cəzaya məhkumdur...

Quranı ciddi “elmi” kitab kimi qəbul edən balalarımız həmçinin inanacaqlar ki:

- İsrail İmperatoru Süleymanın cinlərdən, quşlardan ibarət ordusu var idi və Süleyman onlarla söhbət edirdi. Arada cinlərini düşmən ölkənin taxtını oğurlamaq üçün göndərirdi;
- Kimlərsə suda gəzir, ölüləri dirildir, dənizi ikiyə yarır və ya kimlərsə balıq qarnında 3 sutka yaşayırdı;
- İlk kişi palçıqdan yaranıb, ilk qadın onun qabırğasından və onların iki oğlundan isə 4 rezurs qan qrupuna malik milyardlarla insan törəyib və hazırda onlarla fərqli irqlər halında yaşayırlar;
- Bir gün Nuh adlı biri baş verəcək fəlakəti bilərək, bütün canlıları – arılardan tutmuş, suitilərə, koalalara, kenqurulara qədər,- gəmisinə yığıb, daşqın fəlakətindən xilas etmiş və yenidən törəmələri üçün şans vermişdi;
- Kainatı yaradan gücün nə kainatdan, nə qalaktikalardan, nə planetlərdən xəbəri var, nə qədim canlılardan, dinozavrlardan, nə yer üzüdə olmuş paleontoloji və geoloji mərhələlərdən…

Gözəl balalarımız həmçinin bu ruhda böyüyəcəklər ki :

- Qadın ərinə itaət etməlidir, ümuiyyətlə, onun məhsul əkdiyi tarladan ibarətdir, ər onu döyə bilər, onunla yanaşı çoxlu kəniz saxlaya və 4 qadınla evlilik yaşaya bilər;
- Bir insan qul ola bilər, bir insanın çoxlu qulu və qadın köləsi – cariyəsi ola bilər;
- Qullara və kənizlərə necə davranmaq lazımdır;
- Müsəlman olmayanları - kafirləri necə öldürmək lazımdır;
- Yer üzündə İslam dini hakim olana qədər hansı şəkildə savaşmaq lazımdır;
- Kimsə sənin qardaşını öldürəndə, onun qardaşını, arvadını öldürəndə onun arvadını necə öldürmək lazımdır…

İnanın, bu siyahını o qədər uzatmaq olar ki, oxuduqca, oxuyarsınız… Aydındır ki, bu cür yetişdirdiyimiz övladlarımız "cahillik çökəkliyinə" enməklə yanaşı, hansısa güclərə meyillənib, arzuladığımız kimi bir vətəndaş ola bilməyəcəklər.
Bizim milli hədəfimiz budurmu?!
Bizə bumu lazımdır?!
Axı, söhbət həm də dövlət və milli maraqlarımızdan gedir!

Əziz Təhsil Nazirliyi! Lütfən, bir bunları düşünün...

Teqlər:   Dərslik   Fizika   Quran  







Xəbər lenti