Bakıda ticarət obyektlərindəki yanğın söndürülüb -VİDEO + YENİLƏNİB-1

 Bakıda ticarət obyektlərindəki yanğın söndürülüb -VİDEO + YENİLƏNİB-1
  16 Oktyabr 2021    Oxunub:1989
Oktyabrın 16-da paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
FHN-in mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kvadratmetr müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görülüb.

****

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda FHN əməkdaşları hadisə yerində yanğının tam söndürülməsi prosesini icra edir.




****

Bakıda ticarət mərkəzlərindən birində yanğın başlayıb.

AzVision.az xəbər verir ki, hazırda Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektləri yanır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

AzVision.az



Teqlər: Yanğın  





Xəbər lenti