Süzün badələrə!.. Azərbaycanda şərabçılıq turizminin potensialı necədir?

  Süzün badələrə!..  Azərbaycanda şərabçılıq turizminin potensialı necədir?
  18 Oktyabr 2021    Oxunub :813
Şərabçılıq turizmi - enoturizm şərabı birbaşa zavodda dadmaq, istehsal prosesini izləmək, üzüm bağlarını gəzmək, şərab festivallarında iştirak etmək və yerindəcə bəyəndiyin şərabı almaqdır. Bəzi ölkələr üçün yeni olan bu turizm növü Avropada artıq populyarlaşıb. Milyonlarla turist İtaliya, Fransa, İspaniyadakı şərab festivallarına gedir, üzüm yığır, onu həvəslə tapdalayır, həmin yerə məxsus şərabı dadır və alır.
Şərab turizminə maraq ildən-ilə artmaqdadır və ölkələr bundan yaxşı gəlir əldə edirlər. Məsələn, ABŞ-da 27 milyon səyahətçi və ya turistlərin 17 faizi şərab dadmaq üçün səyahət edir. İtaliyada isə bu rəqəm 5 milyondur və hər il ölkə bundan 25 milyon avro pul qazanır. Almaniyada hər il 50 milyon turist bu tip səfərlərə 5,5 milayrd avro pul xərcləyir. Adətən enoturizmi şərabçılıqda dünyada şöhrət qazanmış ölkələrlə - İtaliya, Fransa, İspaniya, Gürcüstan ilə əlaqələndirilir. Ancaq bu meydana yeni oyunçular da daxil olmaqdadır.

Azərbaycanda üzümçülük qədim və ənənəvi istehsal sahələrindən biri olduğu üçün burada şərabçılıq geniş inkişaf edib. Hələ Sovet vaxtından Azərbaycan şərabları, xüsusilə, şirin şərablar medallara layiq görülüb. SSRİ dağılandan sonra üzüm bağlarının məhv edilməsi, torpaqların paylanılması nəticəsində bu sahə də tənəzüllə uğradı. Lakin son illərdə Azərbaycanda şərabçılıq yenidən inkişaf edir. Bu istiqamətdə görülən tədbirlər, həyata keçirilən dövlət proqramları da öz nəticəsini verir. Artıq Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda yetişdirilən üzüm sortları və istehsal edilən şərablar nəinki ölkə daxilində, eləcə də xarici ölkələrdə populyarlıq qazanıb.

Azərbaycanın şərabçılıq sənayesi son 10 ildə yüksək keyfiyyətli texnologiyaya böyük sərmayə qoyaraq beynəlxalq səviyyədə tanınan üzüm sortları yetişdirir, həm də bir çox yerli altenativlərlə güclü təcrübəni sürətlə inkişaf etdirir.

Şərabçılığın inkişafı ona olan marağı da artırır - insanlar getdikcə daha çox üzüm sortlarını deyil, onun hansı şəraitdə yetişməsini, necə qulluq edilməsini və şərab istehsalı prosesinin necə olduğunu öyrənməyə üstünlük verirlər. Bir çox şərabçılar isə turistlərə əyləncələr də təklif edir. Məsələn, payızda şərab turlarına qoşulsan, məhsulu bağdan yığmaq və onu tapdalamaq şansını əldə edəcəksən. Belə turların digər tərəfi, şərabı əlləri ilə düzəldən insanlarla və həmin regionla tanış olmaqdır. Nəticədə yerində olan satışdan şərab şirkətləri gəlir də əldə edirlər.

Bu səbəbdən Azərbaycanda son 2-3 il ərzində şərab turizm sahəsində yüksək inkişaf müşahidə edilir. Müxtəlif turizm şirkətləri tərəfindən şərab zavodlarına turlar təşkil edilir, istehsal olunan şərab barədə turistlərə məlumat verilir, şərab daddırılır. Hətta 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçirilib. Bu festival şərabsevərlər, yerli və xarici turistlər arasında böyük marağa səbəb olmuşdu. Pandemiya səbəbindən iki il festivalın keçirilməsi mümkün olmadı. Lakin növbəti ildən şərab festivallarının yenidən bərpa edilməsi gözlənilir.

Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova bildirib ki, şərabçılıq turizminin inkişafı üçün qurum 2019-cu ildən müəyyən işlər görüb. Bu istiqamətdə “Azerbaijanwine.az” portalının yaradılmasını, şərab zavodları ilə işləməyi, şərab turizmi ilə bağlı onlara dəstək göstərilməsini, təlimlər keçirilməsini misal göstərmək olar. Görülən işlərə Azərbaycanın 2019-cu ildə beynəlxalq “Iter Vitis” şərab marşrutuna daxil olması da aiddir.

“Iter Vitis” Avropa Şurası tərəfindən yaradılmış mədəni marşurutlar şəbəkəsi olub, maddi və qeyri-maddi şərabçılıq irsinin qorunub saxlanılmasının dəstəklənməsi missiyasını daşıyır. Marşrutu əhatə edən ölkələrdə, həmçinin müxtəlif maarifləndirici və mədəni görüşlər də təşkil olunur.



Şərifə Həsənova “Iter Vitis Azerbaijan” və Azərbaycan, Rusiya və Gürcüstanın daxil olduğu “Iter Vitis Caucasus” şərab marşrutları üzrə layihələrin hazırlandığını qeyd edib:
"“Iter Vitis Caucasus” marşrutu Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır. Azərbaycanda bu marşrut Bakıdan start götürür, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuz rayonlarını əhatə edir. Eyni zamanda Balakən də bu marşruta daxil ediləcək. Biz Gürcüstanda işlərin başa çatdırılmasını gözləyirik, bundan sonra “Iter Vitis Caucasus” şərab marşrutu istifadəyə veriləcək. Bu marşurut üzrə təşkil ediləcək turlar çərçivəsində şərabın dequstasiya edilməsi, milli şərabçılıq mədəniyyətinin, yerli üzüm sortlarının, eləcə də Azərbaycanda şərabçılığın tarixi və xüsusiyyətlərinin nümayiş etdirilməsi nəzərdə tutulub”.

Şərabçılıq üzrə ixtisaslaşmış 8 rayondan keçən 3 böyük şərab marşrutuna ev sahibliyi edən Azərbaycan günbəgün inkişaf edən şərab sənayesinə və bu sahə üzrə tarixi olan təcrübəyə malikdir. Azərbaycanın Şimal, Qərb və Şimal-Qərb turizm marşrutları üzrə 25 şərab zavodu mövcuddur.

ATB nümayəndəsi bildirib ki, eyni zamanda işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində yeni şərab klasteri yaradılacaq: “Tuğ ərazisində əvvəllər şərab zavodu mövcud olub. Bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlərə təqdim ediləcək. Beləliklə burada şərab turizminin inkişaf etdirilməsi nəzərdə tutulur”.
Bu gün enoturizm və ya şərab turizmi daxili turizm sənayesində yeni olsa da, ekspertlər onun inkişaf üçün böyük potensiala malik olduğunu vurğulayırlar. Şərab turizmi şərabçıların bir-birilə ünsiyyəti, turistlərin yeni məkanlar kəşf etmək, şərab dequstasiya etmək və almaqlarına imkan verir.



Azərbaycan Turizm Asossiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, şərab turizmini inkişaf etdirmək üçün ənənələri davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar:

“Dövlət qurumları təbliğ və təşviqat aparmalıdırlar. Bu sahənin geniş reklamı olmalıdır, eyni zamanda Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir. Şərab istehsalçıları assosasiyaları ilə turizm şirkətləri sıx təmasda işləməlidirlər. Görülən işlər çərçivəsində Bakı şəhərində gözəl dequstasiya zalları açmaq, orada Azərbaycan şərablarını yaxşı təbliğ və təşviq etmək olar. Sovet dönəmində indiki Əziz Əliyev küçəsində dequstasiya zalı olub. İndi bu zallar yoxdur. Zalları təşkil etməklə, şərablarımızı təbliğ etməklə turistləri mütəmadi ora aparmaq olar. Həmin dequstasiya zallarına gələn turistlər yaxşı gəlir gətirəcək.

Eyni zamanda retoranlarda bu təbliğat aparılmalıdır. Restoran biznesində şərabları dadmaq üçün təqdim edən, onların tarixi haqqında danışan somelyelər-saqi hazırlana bilər. Həmçinin turizm şirkətləri turistləri hər hansı qida müəssisələrinə aparanda orada Azərbaycan şərabları haqqında müfəssəl məlumatlar verməli və bu şərab növünün Azərbaycanda necə inkişaf etdirilməsinin tarixini danışmalıdırlar. Xüsusilə alman məskənləri olan indiki Göygöl rayonunda, eləcədə Gəncə şəhərində şərab turizminin tarixindən bəhs edilməlidir”.

Azərbaycan şərablarının qədim tarixi olduğunu deyən ekspert qeyd edib ki, onları düzgün təbliğ etmək və düzgün təqdim etmək bacarığına malik olmalıyıq:

“Dequstasiya zallarında Azərbaycan şərabları gözəl qablaşdırmada təqdim olunmalıdır. Biz bunu gürcülər və digər qonşularımızda görmüşük. Onlar öz içkilərini elə təqdim edirlər ki, sanki bundan dünyada yoxdur. Təbliğat kağız və videoçarxlarla deyil, dequtasiya zalları ilə də edilməlidir. Bu gün Azərbaycan şərabları nəinki ölkə daxilində, eləcə də xarici ölkələrdə yetirəncə bəyənilir və alınır. Biz bu fürsətlərdən yararlanmalıyıq”.

Şərab turları çərçivəsində şərabın necə hazırlandığı haqqında daha çox məlumat əldə etmək, üzüm növlərini anlamağa başlamaq, şərabları fərqli qəlyanaltılar ilə dadmaq və cütləşdirmək qaydalarına yiyələnmək mümkündür. Dequstasiya ilə sadəcə içki içmirsən, həm də şərabın rəngini və ətirini, dadını və dadının çalarlarını qiymətləndirirsən, onun necə açıldığını hiss edirsən. Dadmaq içkinin miqdarından yox, keyfiyyətindən asılıdır. Beləliklə, şərablar haqqında nə qədər məlumatlı olsan, bir o qədər də diqqətli olarsan.

Aytən Zəhra
AzVision.az

Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir


Teqlər: Şərab   Turizm  







Xəbər lenti