"Qızılgül"-2? Saakaşvili hakimiyyətə gələcəkmi? – Gürcü ekspertlərin rəyi

  "Qızılgül"-2?  Saakaşvili hakimiyyətə gələcəkmi? –    Gürcü ekspertlərin rəyi
  20 Oktyabr 2021    Oxunub :872
Tiflisin mərkəzi meydanında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarının mitinqləri zamanı səhnədəki monitorlarda Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun, Ali Radadakı “Sluqa naroda” franksiyasının rəhbəri David Araxamiyanın və jurnalist Dmitri Qordonun çıxışları səsləndi. Onlar Saakaşviliyə dəstəklərini ifadə etdilər və siyasətçini azad etməyə çağırdılar. Bütün bunlar Gürcüstanda gözlənilən mümkün ssenarilərlə bağlı bir sıra suallar doğurur.
AzVision.az -ın Gürcüstanda nə baş verdiyi, ölkədə hadisələrin bundan sonra necə inkişaf edəcəyi ilə bağlı suallarına gürcü politoloq Gela Vasadze və gürcü eksperti, siyasi və hərbi elmləri doktoru Vaxtanq Maisaya cavab veriblər.

“Bu hadisələr göstərdi ki, milli hərəkatın nəinki nəhəng resursları, Saakaşvilinin tərəfdarları var, onlar həm də fəaldır və səfərbər olmağa qadirdirlər”, - G. Vasadze bildirdi.


- Mitinqdə on min iştirakçı vardı. Təxminən eyni sayda insan da “Gürcü arzusu” partiyasının 2012-ci ildə “Azadlıq” meydanında təşkil etdiyi mitinqində iştirak etmişdi. Yəqin ki, bu, “Qızılgül inqilabı” dövründəkindən az idi, çünki o vaxt kritik bir dövr idi. Orada, əlbəttə, situasiya tamam başqa idi. Bu nə deməkdir? O deməkdir ki, hakimiyyət hesabda yanıldı - o mənada ki, partiya rəhbərliyinin bu aksiyanı sabotaj edəcəyini düşünürdü, axı Saakaşvilinin ən azından partiya rəhbərliyinə qayıtması onlara sərfəli deyil. Bu o deməkdir ki, “Gürcü arzusu”nun diplomatik korpus və beynalxalq aləmlə problemləri yaranıb, çünki hamı xalqın reaksiyasının necə olacağına baxırdı. Xalqın reaksiyası var: 10 min insan gəldi. Bir daha deyirəm: Gürcüstanın ən iri mitinqlərindən biri oldu. Fakt budur ki, hakimiyyət bunu şərh etmək istəmir. İnsanların sayı çox mühümdür. Hadisələrin bundan sonrakı inkişafı müxtəlif formalarda ola bilər. Hazırda müxalifət üçün ən başlıcası seçkilərdir. Tam aydın şəkildə deyilib ki, heç kəs inqilab etməyə hazırlaşmır. Digər bir məsələ odur ki, əgər seçkilər bu dəfə də saxtalaşdırılsa, onda müxalifət ciddi addımlar ata bilər, - o qeyd edib.

V. Maisaya hesab edir ki, Saakaşvili öz gücünü, ona böyük dəstək verildiyini göstərmək, eyni zamanda “Gürcü arzusu” partiyası tərəfdarlarına, baş nazir və onun həmkarlarının tərəfdarlarına qarşı psixoloji müharibə təşkil etmək üçün insanları səfərbər edib.


“Xalqın onlara böyük dəstək verdiyini göstərmək istədilər. Digər tərəfdən isə 2003-ci ildə “Qızılgül inqilabı” adlandırdıqları hadisələrin ssenarisini təkrarlamağa çalışdılar. Bəzi iştirakçıların əlində qızılgüllər olması təsadüfi deyildi. Qızılgüllər inqilabın simvoludur və milli hərəkatın indiki sədri Nika Meliya açıq şəkildə dedi ki, oktyabrın 30-da seçkilərin ikinci turu keçirilən kimi, onlar hakim partiya əleyhinə daimi etiraz aksiyalarına başlayacaqlar. Mənə elə gəlir ki, bu, inqilaba çağırışdır. Saakaşvili “Qızılgül-2” inqilabı edir. Hakim partiya bunu çox aydın başa düşür və öz tərəfdarlarını səfərbər edir. Mənə də müraciət ediblər, halbuki əvvəllər belə şey olmayıb, çünki bu partiya ilə aramızda ixtilaf vardı. Məncə, hər iki tərəf öz tərəfdarlarını toplayacaq. Bundan sonra milli hərəkat avantüraya gedəcək və dövlət çevrilişi etməyə cəhd göstərəcək.

Texnologiya belədir: onlar Gürcüstanın əsas şəhərlərində qalib gələcək, legitimlik və şəhərlərin başçısı statusunu qazanacaqlar. Bu isə elə qismən legitimlikdir. Kim ki həmin şəhərlərdə seçkini udur, faktiki olaraq qələbə qazanmış olur, "hakim partiya" statusu alır. Situasiya belə ola bilər: 1917-ci ildə də bolşeviklər və menşeviklər bir-birinə bərabər siyasi qüvvələr idi və bərabər legitimliyə sahib idilər, ancaq bolşeviklər qalib gəldi. Saakaşvili də bu ssenari ilə gedir və ciddi şəkildə hazırlaşırlar. Hakim partiyanın xalq arasında dəstəyi yoxdur. Onlar inqilabi ssenaridən çox qorxurlar. Saakaşvinin həbsxanada olmasından daha çox qorxurdular ki, bu kabus artıq onlar üçün reallıqdır.

Bundan başqa, İrakli Qaribaşvilinin xalq arasında nüfuzu aşağıdır. Onlar inzibati resursu səfərbər edə bilərlər, ancaq bu resurs da faktiki olaraq dağılıb. Beləliklə, dünən milli hərakatı Çapayev üsulu ilə aparan psixoloji hücum Tiflisdəki seçkilərdə də hakim partiyanın əleyhinə işləyə bilər, - ekspert vurğulayıb.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az

Teqlər: Gürcüstan   Saakaşvili  







Xəbər lenti