Müharibənin 32-ci günü: Bərdə faciəsi

 Müharibənin 32-ci günü:  Bərdə faciəsi
  28 Oktyabr 2021    Oxunub :492
2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə kasetli bombalarla zərbələr endirdi. Nəticədə 21 soydaşmız həlak oldu, 70-ə yaxın şəxs yaralandı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.
Bu faciədən bir gün əvvəl - oktyabrın 27-də Ermənistanın Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutması nəticəsində 5 dinc sakin həlak oldu, 13 nəfər isə yaralandı.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev öz “Twitter” hesabında
“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək” , - sözlərini yazdı.

Faciə ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edən Birinci vitse-prezidenti Mehriban Əliyeva düşmənin bu yolla bizi haqq yolundan dönməyə məcbur edə bilməyəcəyini vurğuladı.

Bəli, düşməndən elə həmin gün Bərdə qurbanlarının qisası alındı və bu Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi döyüş meydanlarında baş verdi.

Vətən müharibəsinin 28-ci günü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza daha 13 kənimizin düşmən işğalından azad olunması müjdəsini verdi.

- Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! ,-Azərbaycan Prezidenti özünün rəsmi “Twitter” səhifəsində bildirdi.



Zəngilan rayonu ərazisində düşmənin diversiya qrupu məhv edildi.
Ermənistanın müdafiə nazirliyi döyüşlərdə həlak olan hərbçilərinin sayının 1096-nın adının müəyyənlşədirildiyini yazdı.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməsi cəhdləri artıq fiaskoya uğrayırdı. Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün oldu. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirdilər.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ermənilərə müraciət edərək onları səbrli olmağa çağırıb. Əvvəllər “qələbə bizimlədir”, “İrəliləyirik” yalanları paylaşan Avinyanın ritorikası indi xeyli dəyişdi

“Bütün gücümüzlə mübarizə aparmaqdan başqa çarəmiz yoxdur. Gələn pis xəbərlərdən ümidi kəsməməliyik. Daha sonra kədər və sevinc üçün vaxtımız olacaq. İndiki vaxtda əsəblərimizi sərt bir daşa çevirməliyik. Tarixdə daha ağır vaxtlarımız olub” ,-erməni məmur öz “Facebook” səhifəsində yazdı.

Bununla bərabər, Ermənistan hakimiyyəti hərbi xidmətdən yayınanlara qarşı ağır cəza tədbirləri görülməsi bağlı parlamnetə qanun layihəsi təqdim etdi.
Hadrutda erməni hərbçilərin atıb getdiyi 85 yaşlı Babayan Yevqeniya Pavlovnanın dedikləri Ermənistanın hərbi-siyasi və mənəvi məğlubiyyətini bir daha təsdiqlədi



- Müharibə başlayanda erməni əsgərləri bizi atıb getdi. Sağ olsun Azərbaycan əsgərləri bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. İnanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşaya bilərlər, - Yevqeniya Babayan bildirdi.

Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etdiyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
- Putinə dedim ki, Cənubi Qafqazdakı münaqişəyə son qoyaq. Gəlin, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Bu məsələdə səmimi addım ataq. Bu işi bitirməliyik ,-deyə vurğuladı.

Həmin gün Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev hərbi-siyasi nizamlama yeganə mümkün yol olduğunu, siyasi nizamlama barədə razılığa gəlinərsə, erməni qoşunlarının Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmasının vacibliyini bildirdi. Dövlət başçısı habelə hərbi toqquşmaların məhz indi baş verməsinə və humanitar atəşkəs rejimiinin pozulmasına görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü təsdiqləyən tutarlı faktları da açıqladı. İlham Əliyev Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsinin regionun xeyrinə ola və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə biləcəyini qeyd etdi. Bu proseslərin daha da sürətlənməsi üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunması çox vacibdir.

İlham Əliyevin Ermənistan rəhbərliyinə və onun xarici havadarlarına ünvanladığı ən sərt mesaj isə belə səsləndi
- Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar... Mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın ,-Azərbaycan Prezidenti vurğuladı.

Bütün vədlərinə sadiq qalan Prezident İlhəm Əliyev bu sözünü yerinə yetirdi. Bir lider kimi, bir vətəndaş kimi və bir müdrik insan kimi.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Müharibə   Bərdə  







Xəbər lenti