Cəmiyyətdən iraqda: İraqdan gətirilən uşaqların psixoloji reabilitasiyaya ehtiyacları var

  Cəmiyyətdən iraqda:  İraqdan gətirilən uşaqların psixoloji reabilitasiyaya ehtiyacları var
  29 Oktyabr 2021    Oxunub:968
Hazırda İraqdan gətirilən 38 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin müvafiq sığınacaqlarında yerləşdirilib. Onların sığınacaqda olma müddətləri reabilitasiya prosesindən asılıdır. ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin əməkdaşı Məftunə İmayılova AzVision.az-a bildirib ki, həmin uşaqlar ilkin tibbi müayinələrdən keçirildikdən sonra onların reintiqrasiya və reabilitasiya prosesinə xidmət planı hazırlanır.
- Uşaqların hər birinin problemləri araşdırılacaq, yönləndiriləcəkləri istiqamətlər müəyyənləşdiriləcək. Dövrü olaraq onların hər biri haqqında dövlət orqanlarına məlumatlar təqdim edilir. Həmin uşaqların sığınacaqlarda reabilitasiya müddəti 15 gün-1 ay, maksimum 3 aya qədər nəzərdə tutulur. Bu günə qədər təcrübədə 20-25 gündən artıq sığınacaqda qalan uşaq olmayıb. Çünki o mühitdən qopub, sığınacağa adaptasiya olub, təzədən ailələrə verilən uşaqlarda növbəti travma qazanılır. İlkin qiymətləndirmə aparılır. Uşağın ağır problemi olmursa, onun bioloji qohumlarına təhvil verilməsi həyata keçirilir,- o bildirib.

Agentlik əməkdaşı 21 uşağın xəstəxanaya yerləşdirilməsinin onların səhhətlərində ciddi problemlərin olması ilə əlaqəli olmadığını vurğulayıb. Bildirib ki, onlar əsasən 2-6 yaş arası uşaqlardır. Həm də onların bəzisi bacı-qardaş olduğundan, bir-birlərindən ayırmamaq üçün xəstəxanaya yerləşdiriliblər. Azyaşlıların əksəriyyəti doğulan andan həbsxana mühitində olduqları üçün onların tam olaraq tibbi müayinəsi dövlət tərəfindən həyata keçiriləcək. Bundan sonra onlar digər uşaqyönümlü sığınacağa yerləşdiriləcəklər. Uşaqların xəstəxanada qalma müddəti tibbi müayinədən asılı olaraq, 2-5 gün çəkəcək. Lakin xəstəxanada belə azyaşlılar palatalarda yatızdırılmır. Onlar üçün oyun otaqları da var.

Gətirilən uşaqlardan bəziləri uşaq evlərində qalanlar olub ki, onların hər iki valideyni rəhmətə gedib. Hazırda 38 uşaqdan 2-nin hər iki valideyni yoxdur. Digər 36 uşaq həbsxanada analarının yanında olanlar idi. Gətirilənlərin əksəriyyəti 2-6 yaş arası uşaqlardır.
- Gətirilən uşaqlarla psixoloji söhbətlər zamanı əsasən bağlılıq problemlərinin olması müşahidə edilir. Bu da ailə müitindən kənar böyüdükləri üçün yaşanır,- Məftunə İmayılova bildirib - Onlar doğulan andan həbsxanada ananın yanında olsalar da, hücrədə yaşadıqları, ailə mühitini görmədikləri üçün bağlılıq, davranış problemləri müşahidə edilir. Təcrid vəziyyətində olduqları üçün real həyata adaptasiya problemləri yaşayırlar, çölə çıxanda hər gördüyü şey təəccüblü gəlir. Yeniyetmələrdə travmaların aşkarlanması üçün onlarla davamlı işləyirik. Elə uşaqlar var ki, 2018-ci ildən gətirilib, hələ də reabilitasiyaları davam edir. Elə də uşaqlar var ki, tez adaptasiya olur və travmaları aradan qaldırılır. Lakin uşaqlıq travması ən ağırdır və insanın həyatını izləyir. Bu uşaqlar heç vaxt nəzarətdən kənarlaşdırılmır. Dövrü olaraq həmin uşaqlar monitorinq edilir, vəziyyətləri öyərənilir.

Yeniyetmələrin döyüşlərdə yaşadıqları ağır travmalar, valideynlərini itirməsi, üzərinə gedəcək valideyn qəbrinin olmaması onlara pis təsir edir. Bəziləri hətta ata-analarının öldüyünü belə bilmir. Hələ də onların nə zamansa geri qayıdacağını düşünür. Qohumlarını görmədikləri üçün adaptasiya çətin gedir. Gətirilənlərin yeniyetmələrdən bəzilərinin əlinə silah da verilib. Amma reabilitasiya zamanı hər hansı çətinlik yaşanmadı. Onlara ölkəmizdə bu yaşlı uşaqların təhsilə cəlb olunması barədə məlumat verilir. Həmin uşaqlar tez adaptasiya olunduğu kimi, orada olduqları mühiti də unudurlar. Lakin bir neçə uşaq böyük yaşda olduğu üçün onların hərbiyə bir qədər gec çağırılması üçün dövlət orqalarına məlumat verilib. Çünki reabilitasiya proqramını başa çatdırmaq lazımdır. Yəni gətirilən hər bir uşağın həyatı hərtərəfli düşünülür.

- Əvvəllər gələn uşaqlardan nə olmaq istədiklərini soruşanda heç nə demirdilər, nəyəsə həvəs göstərmirdilər. Amma artıq bir il keçib. Sosial həssas qrupdan olanlar kurslara getməkdə köməklik istəyir, dil öyrənməyə çalışırlar. Bu mühitə adaptasiya olublar və ayaqlarının üzərində qalmaq üçün cəmiyyətə can atırlar.

Qeyd edək ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan Respublikasının vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: İraq   Uşaq  





Xəbər lenti