Müharibənin 34-cü günü: Qələbənin 10 addımlığında

    Müharibənin 34-cü günü:  Qələbənin 10 addımlığında
  30 Oktyabr 2021    Oxunub:1731
Azərbaycan ərazilərinin işğal altında olduğu müddətdə əksər beynəlxalq insan haqları təşkilatlarının sərgilədiyi laqeyd münasibət Vətən müharibəsində də dəyişmədi. Lakin Ermənistanın dinc soydaşlarımıza qarşı törətdiyi cinayətlər artıq elə bir həddə çatdı ki, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları da Bərdənin kasetli raketlərdən atəşə tutulduğunu təsdiqləmək məcburiyyətində qaldılar.
Qərbdən və bir sıra ölkələrdən beynəlxalq hüquqa söykənən ədalətli yanaşma görməyən, bunu gözləməyən Azərbaycan isə özü təcavüzkarı döyüş meydanlarında cəzalandırmaqda davam edirdi.
2020-ci il oktyabrın 30-da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev özünün “Twitter” səhifəsində
- Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! , - sözlərini yazdı.



Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Müharibənin 34-cü gününün ən maraqlı faktlarından biri də Ermənistanın döyüşlərə artıq din xadimlərini göndərdiyinin üzə çıxması oldu. Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlısı, Ermənistanın Gümrü şəhərindəki Adventist kilsəsinin pastoru Hovsep Araratoviç Sahakyan din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılaraq Azərbaycanın Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirdi.



Ermənistan rəhbərliyinin ordunu qadınlar, uşaqlar və digər “könüllü”lərlə məcburi şəkildə komplektləşdirməyə çalışdığı barədə sosial şəbəkələrdə məlumatlar yayıldı.
Düçar olduğu məğlubiyyətdən və itkilərdən lap azğınlaşan düşmən dinc əhalimizi və mülki obyektlərimizi atəşə tutmaqda davam edirdi.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın yaşayış məntəqələrini, mülki şəxsləri atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv oldu, 4 uşaq isə hər iki valideynini itirdi. Müharibənin 34-cü gününədək həlak olan 91 mülki şəxsin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıl idi.

Bundan başqa, Azərbaycana qarşı ekoloji terror aparan Ermənistan təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrimizi, flora və faunamızı məhv edirdi.

Müharibənin ilk günlərindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Fransa Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel bu ölkədəki erməni icması tərəfindən şiddətli hücumlara, təhqirlərə məruz qaldığını yazdı.

“Fransadakı erməni icmasının bir sıra üzvlərinin öz işlərini görən jurnalistlərə, öz fikirlərini ifadə etmək hüququ olan millət vəkillərinə qarşı hücumları tamamilə dözülməzdir. Bu, ermənilərin onların tərəfində olmadığını düşündükləri şəxslərə qarşı törədilən əsl terror təhdidləridir” , - Mansel bildirdi.

Amma keçmiş fransalı deputatdan fərqli olaraq, erməni icmasının yedəyində gedən Fransa prezidenti Emmanuel Makrona bu faktlar yəqin ki, “məlum” deyildi.
Belə həqiqətləri onun diqqətinə çatdırmaq üçün azərbaycanlı oxuculardan biri Makrona yazdığı məktubda ona çox ibrətamiz məsləhət verdi.

“Əgər sizlər geosiyasi maraqlarınız naminə ənənəvi təhrikedici “sevginizi” azaldıb, bizim işlərimizə qarışmasanız, inanıram ki, adət-ənənələri, mətbəxi, musiqisi, ümumiyyətlə, məişəti bir-birinə çox yaxın olan bu iki qonşu xalq tezliklə yenə ümumi dil tapıb, öz problemlərini asanlıqla özləri həll edə bilərlər” -azərbaycanlı oxucu vurğuladı.

Amma erməni “sevgisi”ndən hələ də qurtula bilməyən və yaxud da ki, qurtulmaq istəməyən Makron ipə-sapa yatmadı. Heç müharibədən sonra da.
Yəqin onda heç özü də və havadarlıq etdiyi Ermənistan da bilmirdi ki, Azərbaycan Ordusu böyük Qələbnin 10 addımlığındadır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Müharibə   Makron  





Xəbər lenti