Naxçıvanlılar Vətən borcunu ödəməyə yollanıblar

   Naxçıvanlılar Vətən borcunu ödəməyə yollanıblar
  30 Oktyabr 2021    Oxunub:627
Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 3-də imzaladığı Sərəncama əsasən, Azərbaycanda, o cümlədən muxtar respublikada həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi məlumata görə, xidmət tərəfindən sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində muxtar respublikada Silahlı Qüvvələrimizin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Oktyabrın 1-dən başlayan çağırış müddətində müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə bərabər həkim mütəxəssislərin də iştirak etdiyi komissiyalarda çağırışçılar tibbi müayinədən xüsusi dəqiqliklə keçirilib. Xidmətin şəhər və rayon idarələrində müəyyən qrafikdə fəaliyyət göstərən komissiyanın tələblərinə cavab verən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlar komissiyanın müsbət rəyi əsasında Vətən borcunu ödəməyə yollanıblar.

Vətənə və xalqına xidmət edəcəkləri üçün qürur hissi yaşayan gənclər hər dəfə olduğu kimi, bu çağırış müddətində də Silahlı Qüvvələrimizin sıralarına qoşulmağa böyük ruh yüksəkliyi ilə yollanıblar.

Qeyd edək ki, sərəncama əsasən 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986–2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıb.

AzVision.az



Teqlər: Səfərbərlik   Naxçıvan  





Xəbər lenti