Gürcüstan: Seçki bitib, mübarizə başlayır

  Gürcüstan:  Seçki bitib, mübarizə başlayır
  01 Noyabr 2021    Oxunub:969
Oktyabrın 30-da Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkilərinin ikinci turunda hakim “Gürcü Arzusu” Partiyası qalib gəlib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, hakim partiyanın namizədləri 20 şəhərdən 19-da qələbə qazanıb.
Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,5% faizini alaraq, yenidən vəzifəsinə seçilib. Onun rəqibi, müxalif “Vahid Milli Hərəkat” Partiyasının namizədi Nika Meliya isə 44,5 faiz səs toplayıb. Rustavi, Kutaisi, Poti və Batumi kimi digər böyük şəhərlərdə də “Gürcü Arzusu”nun namizədləri qələbə qazanıblar. Müxalifətin namizədi yalnız Tsalenjika şəhərində mer vəzifəsinə seçilib.

Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də keçirilmişdi. “Gürcü Arzusu” Partiyası birinci turda 46,7 faiz səs alaraq 64 bələdiyyədən 44-də qalib olub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB) seçkilərin ikinci turu ilə bağlı ilkin qiymətləndirməsini açıqlayıb. DTİHB missiyasının rəhbəri Albert Conson ikinci turun yaxşı təşkil olunduğunu, lakin davam edən qütbləşmə və xoşagəlməz ritorikanın prosesə mənfi təsir göstərdiyini deyib. Onun sözlərinə görə, bütövlükdə namizədlərin seçki kampaniyasını maneəsiz aparmaq imkanlarına malik olmalarına baxmayaraq, hələ də şikayətlər var: "Kampaniya rəqabətli olub və bütün ölkəni əhatə edib. Ümumiyyətlə, namizədlərin sərbəst şəkildə təşviqat aparmaq imkanı var idi, lakin hədə-qorxu və təzyiqlə bağlı şikayətlər qeydə alınıb".

O, hakim partiyanın üstünlüyü barədə də danışıb, resurslar baxımından ciddi bərabərsizliyin olduğunu və bunun "Gürcü Arzusu"nun xeyrinə əlavə rol oynadığını, balansın qorunmadığını söyləyib. Missiya rəhbəri özəl televiziya kanallarının aydın qərəz və yüksək qütbləşmə nümayiş etdirdiyini əlavə edib.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin bəyanatında isə seçkilərdə əsas çatışmazlıqların aradan qaldırılması üçün ciddi addımlar atılmadığı vurğulanıb: “Birinci turdan sonra bildirmişdik ki, Gürcüstanda sui-istifadə halları normaya çevrilməməlidir. Təəssüf edirik ki, seçki bu baxımdan əldən verilmiş fürsət oldu. Beynəlxalq müşahidəçilərin dəqiq qiymətləndirməsinə baxmayaraq, əsas çatışmazlıqların aradan qaldırılması üçün ciddi addımlar atılmayıb. Əksinə, xüsusən Gürcüstanın siyasi rəhbərliyinin inzibati resurslardan sui-istifadəsi və aqressiv ritorika ilə bağlı yeni çatışmazlıqlar üzə çıxıb ki, bu da onsuz da dərin siyasi qütbləşməni daha da alovlandırır.
Biz Gürcüstan liderlərindən ölkə vətəndaşlarının gözləntilərini doğrultmaq üçün əlverişli siyasi ab-hava yaratmaq üçün real səylər göstərəcəklərini gözləyirik. Bura, məhkəmə sistemində məzmunlu islahatlar, Aİ və Gürcüstan arasında demokratik dəyərlərə, insan hüquqlarına hörmətə və qanunun aliliyinə əsaslanan öhdəliklərin həyata keçirilməsi daxildir”.

Yerli müşahidəçilər də səsvermənin ikinci turu zamanı müxtəlif pozuntular, o cümlədən bəzi seçki məntəqələrinə hücumlar və onların işinə maneçilik törədilməsi barədə məlumat veriblər. Ədalətli Seçkilər və Demokratiya Naminə Beynəlxalq Cəmiyyət seçicilərin rüşvətlə ələ alınması ilə bağlı iki hadisə barədə açıqlama yayıb.

250-yə yaxın müşahidəçi ilə ikinci turu izləyən “Transparency International - Georgia” təşkilatı isə yüzə yaxın kiçik və nisbətən daha ciddi pozuntular barədə məlumat verib. Qurumun açıqlamasına görə, günün birinci yarısı əsasən sakit keçsə də, sonradan bir çox ərazilərdə vəziyyət gərginləşib, qarşıdurma və mübahisələr baş verib. Ölkənin Daxili İşlər Nazirliyi jurnalistlərə qarşı fiziki zorakılıq və onların işinə mane olma şikayətləri ilə bağlı səkkiz fakt üzrə araşdırmaya başlandığını elan edib.

Gürcüstan müxalifəti seçkilərin nəticələri ilə razılaşmır və aksiyalar keçirməyi planlaşdırır.

Hakim partiyanın əsas rəqibi olan “Vahid Milli Hərəkat”ın sədri Nika Meliya bildirib ki, müxalifət bir həftə ərzində etiraz aksiyaları keçirəcək. Onun sözlərinə görə, bir çox bələdiyyələrdə müxalifətin qələbəsi oğurlanıb: “Əgər kimsə düşünürsə ki, bu ölkədə İvanişvilinin (Hakim partiyanın qurucusu və keçmiş sədri Bidzina İvanişvili nəzərdə tutulur) şərtləri ilə seçkilər keçirilə bilər, mən bununla heç vaxt razılaşmayacağam, çünki mən ona inanmıram”.

Meliya hələ ki, müxalifətin konkret planları barədə danışmayıb, onların bazar günü məlum olacağını deyib: “Söz verirəm ki, mübarizə güzəştsiz olacaq”.

“Droa” (Zaman) partiyasının lideri Elene Xoştariya da noyabrın 6-da, yaxud 8-də etiraz nümayişinin keçirilə biləcəyini söyləyib.

“Gürcüstan Naminə” Partiyanın lideri, ölkənin keçmiş baş naziri Giorgi Qaxaria yerli seçkiləri sərt tənqid edib: "Bu seçkilər nə azad, nə də ədalətli keçirildi. Seçkilərdə puldan istifadə, inzibati resurslardan sui-istifadə halları barədə ciddi düşünmək lazımdır. Dövlət sektorunun siyasi neytrallığı təmin edilməlidir. Əks halda, səsvermənin mənasız şouya çevrilməsi riski var”, - Qaxaria “Twitter”də yazıb.


Qaxariya, həmçinin eks-prezident Mixail Saakaşvilinin həbsini “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”ın birgə təşkil etdiyi “maskarad” hesab edir. Siyasətçiyə görə, baş verənlər səsvermənin nəticələrinə də təsir edib: “Bu, keçmişdən iki siyasi qüvvənin planlaşdırdığı xüsusi hadisə idi. Bu, maskarad idi".

Gürcüstan parlamentinin keçmiş spikeri və müxalifətdə olan “Vahid Gürcüstan” Partiyasının lideri Nino Burcanadze ölkənin qərb tərəfdaşlarını seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifəti dəstəkləməyə çağırıb.

"Mən avropalı dostlarımıza müraciət etmək istəyirəm. Burada səfirliklər var, hamı hər şeyi görür. Onlara müraciət edib demək istəyirəm: dostlar, indi sizin köməyinizə ehtiyacımız var. Biz, ümumiyyətlə inqilab istəmirik, amma əgər inqilab baş versə, hökuməti dəyişsək və hakimiyyətə gəlsək, o zaman bizimlə danışacaqlar. Onlar “Talibanla” da danışırlar, çünki hakimiyyətə gəlib və deyirlər ki, onlarla danışmalıyıq... Bizim indi çox aydın köməyə ehtiyacımız var”.

Siyasətçi Qərb tərəfdaşlarının ikili standartlarına da işarə edib: “Qərbli həmkarlarıma hörmətlə yanaşıram, amma bağışlayın, bu, ikili standart kimi görünmür? Belarusda seçkilər saxtalaşdırılıb, Gürcüstanda yox? Başqa nə baş verməlidir? Bu, seçki deyil, hər şey öz adı ilə çağrılmalıdır”.

Ümumilikdə, "Vahid Milli Hərəkat"ın başçılıq etdiyi müxalifət qrupu seçkilərin saxtalaşdırıldığını bəyan edərək, nəticələrini tanımaqdan imtina edib. Müxalifət liderləri seçkilərin nəticələrinə ləğv edilmiş bülletenlərin sayının təsir etdiyini və seçkilərin zorakılıq, rüşvət və təhdidlər fonunda keçirildiyini açıqlayıblar.

Xatırladaq ki, bu gün Gürcüstan MSK 196 seçki məntəqəsində səsvermənin nəticələrini yenidən saymaq niyyətindədir.

Yeri gəlmişkən, hakim partiya müxalifətin bəyanatlarına cavab olaraq, iğtişaşlara yol verilməyəcəyinə dair xəbərdarlıq edib.

Sabiq prezident Mixael Saakaşvili Ukraynadan Gürcüstana gizli qayıtdıqdan bir neçə gün sonra, oktyabrın 1-də həbs edilib. O, azadlığa buraxılmasını tələb edərək bir aya yaxındır ki, aclıq aksiyası keçirir. Sabiq dövlət başçısı səsvermə günü ərəfəsində həmvətənlərinə müraciət edərək onları seçkilərdə fəal iştiraka çağırıb. Saakaşvili deyib ki, onun taleyi, ölməyi və ya yaşamamağı seçkilərin nəticəsindən asılıdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Seçki   Müxalifət   Aksiya  





Xəbər lenti