Ərdoğan Qlazqoya getməməsinin səbəbini açıqlayıb

   Ərdoğan Qlazqoya getməməsinin səbəbini açıqlayıb
  01 Noyabr 2021    Oxunub:725
“Tələblərimiz yerinə yetirilmədiyi üçün Qlazqoya getməkdən imtina etdik". AzVision.az xəbər verir ki, bunu Romadan “G20” sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə deyib.
Şotlandiyaya getməməyinin səbəbi haqqında danışan Ərdoğan söyləyib ki, BMT-nin “İqlim dəyişikliyi” zirvəsi üçün tələb etdkləri təhlükəsizlik protokolu standartları var: "Bunlar bütün beynəlxalq səfərlərimizdə bizə və bütün digər liderlərə protokolda həmişə tətbiq edilən standartlar idi. Ancaq bizə son anda bunların qarşılanmayacağını söylədilər. Sonradan bizim üçün imtina edilən standartların başqa bir ölkə üçün istisna olaraq qarşılana bildiyini öyrəndik".

Ərdoğan bunun diplomatik praktikaya uyğun olmadığını əlavə edib: "Bunu qəbul edə bilməzdik. Müvafiq şəxslər danışıqları davam etdirdilər. Sağ olsun, Boris Conson da proseslə maraqlandı. O, əvvəlcə problemin həll olunduğunu bildirdi. Ancaq sonda bizə Şotlandiya tərəfinin çətinlik yaratdığını söylədi. Tələblərimiz yerinə yetirilməyəndən sonra Qlazqoya getməkdən imtina etdik. Son nəticədə bu, təkcə öz təhlükəsizliyimizlə bağlı deyil, həm də ölkəmizin reputasiyası ilə bağlı məsələ idi. Biz millətimizin reputasiyasını qorumaqda cavabdehik. Ölkəmizin ləyaqətinə və şərəfinə heç bir yerdə xələl gəlməsinə icazə vermirik. Biz bir daha göstərdik ki, yalnız bərabərhüquqlu yanaşma ilə daha ədalətli bir dünya qura bilərik”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rəcəb-Tayyib-Ərdoğan   Qlazqo  





Xəbər lenti