Qaynar dəniz: Cənubi Çin sularında hərbi gərginlik niyə artır – TƏHLİL

      Qaynar dəniz:    Cənubi Çin sularında hərbi gərginlik niyə artır –    TƏHLİL
  01 Noyabr 2021    Oxunub :2172
ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarandan sonra bütün gücünü Çinə qarşı səfərbər edib. Bu gedişatın anonsunu Amerika prezidenti Co Bayden hələ bir ay əvvəl BMT Baş Assambleyasındakı çıxışı zamanı vermişdi. O, konkret Çinin adını çəkməsə də, ABŞ-nin Hind-Sakit okean regionuna xüsusi diqqət ayıracağını söyləmişdi: “ABŞ hazırda və gələcəkdə ən vacib rola malik olan Hind-Sakit okean regionuna xüsusi diqqət yetirəcək. Biz qlobal problemlərin həllində irəliləyişə nail olmaq üçün öz tərəfdaşlarımızla əməkdaşlığı genişləndirəcək və daha da möhkəmləndirəcəyik”.
Bayden bu çıxışı edərkən artıq Amerika, Britaniya və Avstraliya arasında AUKUS adlanan hərbi koalisiyanın yaradılması barədə razılaşma imzalamışdı. Razılşamanın Avstraliya üçün atom sualtı gəmilərinin inşası məqsədilə imzalandığı elan olunsa da, Baydenin çıxışından sonra aydın oldu ki, Vaşinqton Çinə qarşı hərbi alyans yaradır. Bu o deməkdir ki, artıq uzun müddətdir Çin ilə ABŞ arasında gedən geosiyasi qarşıdurma Cənub-şərqi Asiya regionunda hərbi rəqabətə çevrilməkdədir.

Cənubi Çin dənizində yerləşən xırda adalarla bağlı region ölkələri arasında yaranmış gərginlk artıq qlobal miqyaslı qarşıdurma xarakteri qazanıb. ABŞ hərbi gəmilərini Cənubi Çin dənizinin mübahisəli sularına göndərir və təlimlər aparmaqdan ehtiyatlanmır, Çin isə öz növbəsində dənizdə zəbt etdiyi adalarda yaratdığı hərbi hissələrdə silahların sınağı ilə məşğuldur.

Yayılan son məlumata görə prezident Co Bayden Çinin səsdən sürətli raketləri sınaqdan keçirməsindən narahat olduğunu bəyan edib. Bu raketlərin nüvə başlıqlı olduğu və əsasən komanda-qərargah mərkəzləri və hərbi gəmilər kimi mobil hədəflərin vurulması üçün nəzərdə tutulduğu ehtimal olunur.


Müəllifin əvvəlki yazıları:
Regionda böyük gizli anlaşmanın izləri – TƏHLİL
Rusiyanın dini ekspansiyası bölgəmizə hansı təsiri göstərə bilər – TƏHLİL
“Xəngəl məhbusu”: Saakaşvili oyunu “3+3” formatı ilə bağlı ola bilərmi – TƏHLİL

Baydenin bəyanatına cavab olaraq, Çinin rəsmi nümayəndəsi Çjao Liçzyan ölkəsinin raket deyil, kosmik aparatı sınaqdan keçirdiyini bildirib. Hər halda, ölkələrin bu tip hərbi güc yarışına qoşulması artıq “Soyuq müharibə”nin başlanmasından xəbər verir. Baxmayaraq ki, Bayden BMT-dəki çıxışı zamanı Amerikanın dövlətlərin hərbi bloklarda birləşməsi və növbəti “Soyuq müharibə”nin başlamasına qarşı olduğunu söyləmişdi.

Bu qlobal mübahisənin kökündə isə dənizin cənubunda yerləşən Spartli və şimalındakı Paresel arxipelaqları dayanır. Qayalıqlardan ibarət Spartli xırda adalar qrupunun ümumi ərazisi 5 kvadrat kilometr, Paresel arxipelaqının ərazisi isə ümumilikdə 7.8 kv.km-dir. Onilliklərdir bu adaların hansı ölkəyə mənsub olması ilə bağlı sahilyanı 5 ölkə - Bruney, Vyetnam, Çin, Tayvan və Filippin arasında mübahisələr gedir.

Əslində adalar hüquqi olaraq heç bir ölkəyə aid deyil. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra qalib ölkələrlə Yaponiya arasında 1951-ci ildə imzalanmış San-Fransisko sülh müqaviləsinə əsasən, Tokio həmin adalardan imtina edib. Faktik olaraq bu müqavilə Yaponiyanı Cənubi Çin dənizindən çıxarılması anlamına gəlirdi. Lakin razılaşmada adaların hansı ölkənin ərazisinə qatılması da göstərilmirdi. Çin 1947-ci il tarixli xəritəyə istinad edərək iddia edir ki, adaların 80 faizi tarixən ona aid olub.

Ümumiyyətlə, Yaponiyanın adalardan imtina etməsindən sonra uzun müddət dənizin ortasındakı bu qayalıqlar heç bir ölkəni maraqlandırmayıb. Yalnız 60-cı illərin sonu, 70-ci illərin əvvəlində dənizdə aparılmış tədqiqatlar nəticəsində aşkar olunub ki, dənizin dibində zəngin neft və qaz yataqları mövcuddur. Cənubi Çin dənizinin dibində 190 trilyon kubmetr təbii qaz, 11 milyard barrel neft ehtiyatların olduğu ehtimal edilir. Tək Spartli adasının ətrafında 50 trilyon kubmetr qaz və 5 milyard barrel neft yatır.

Məhz bundan sonra sahilyanı ölkələr arasında adalar uğrunda mübarizə başlayıb. Vyetnamla Çin arasında əvvəlcə Parasel adaları uğrunda 1974-cü ildə, daha sonra Spartli adalarına görə 1988-ci ildə hərbi qarşıdurma baş verdi və hər iki halda Pekin qələbə qazanaraq adaları öz nəzarətinə keçirdi. Spatli adalarının Filippin sahillərinə yaxın hissəsinə Çinin iddia etməsinə qarşı çıxan Manila isə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etdi və 2016-cı ildə qalib gəlsə də, Pekin beynəlxalq məhkəmənin qərarını tanımadı.


Qeyd etmək lazımdır ki, adaların əhəmiyyəti təkcə burada olan təbii sərvətlərlə bağlı deyil. Söhbət ondan gedir ki, Çin də daxil olmaqla 5 sahilyanı ölkənin xarici ticarət dövriyyəsi Cənubi Çin dənizi vasitəsilə həyata keçirilir. Bu dənizdən daşınan malların illik ümumi dövriyyəsi 5.3 trilyon dollar təşkil edir. Məhz bu səbəbdən Çin zəbt etdiyi adaları süni yolla torpaq tökərək genişləndirir və hərbi bazalar yaradır ki, əsas ticarət marşrutlarını öz nəzarətində saxlaya bilsin.

ABŞ Çinin ən zəif yerini bilir və məhz bu amildən istifadə etməyə çalışır. Vaşinqton anlayır ki, Cənubi Çin dənizində hərbi gərginliyin yaranması ilk növbədə ticari gəmilərin hərəkətinə məhdudiyyətlər yaradacaq və nəticədə Çin iqtisadiyyatı zərər görəcək.
Əslində Çinin Böyük İpək Yolu layihəsinə sərmayə yatırmasının əsas səbəblərindən biri də yalnız bir ticari marşrutun asılılığından çıxmaq istəyilə bağlıdır. Odur ki, Pekinin Amerika və koalisiya tərəfdaşları ilə hərbi konfliktə girişəcəyi az ehtimal olunur.
Amerikanın əsas məqsədi Pekinin Cənubi Çin dənizində hegemonluğuna yol verməməkdir. Bu səbəbdən ehtimal etmək olar ki, Çin Vaşinqtonun təzyiqləri qarşısında geri addım atmaq məcburiyyətində qalacaq və məsələnin sülh yolu ilə çözülməsini istəyəcək.

Tofiq Vahid
AzVision.az

Teqlər: Çin   ABŞ  







Xəbər lenti