Çinin yeni silahı hərbi balansı dəyişirmi?

  Çinin yeni silahı  hərbi balansı dəyişirmi?
  02 Noyabr 2021    Oxunub:2138
Bir müddət əvvəl Çin nüvə silahı daşıya bilən hipersəs sürətli ağır raket buraxmaqla yeni növ kosmik silahın sınaq uçuşunu həyata keçirdi. Raket orbitdə az bir müddət olub. Bu barədə məlumat verən Britaniyanın “Financial Times” qəzetində dərc edilən məqalədə bildirilir ki, sınağı keçirməklə Pekin hipersəs sürətli silah sahəsində misilsiz inkişafa nail olduğunu və ABŞ-ın rəsmi şəxslərinin düşündüyündən daha çox irəl getdiyini sübuta yetirib.
AzVision.az xəbər verir ki, məsələni şərh edən “Washington Post” qəzeti ABŞ-ın təhlükəsizliyini şübhə altına almaq istəyən bəzi şərhçilərin gözlənilidyi kimi, bu sınaqlardan yapışdığını yazaraq, sual edib ki, “axı niyə də yapışmasınlar?!” Çünki hipersəs sürətli silahın imkanları həqiqətən də ciddi təəssürat doğurur. Məsələn, onun yükqaldırma gücünün frontal müqavimətə yüksək dərəcəli nisbəti bu silahın mühərriksiz də hədəfə çatacağına və qitələrarası ballistik raketdən xeyli uzağa uça biləcəyinə dəlalət edir. Hipersəs sürətli silah aşağı yüksəkliklərdə uçur, radarlardan və raket əleyhinə müdafiə sistemlərindən yayınmaq üçün manevr edə bilir. Bu silah çox tez bir zamanda ətrafındakı molekulları hərfi mənada dəyişir, onları ya bölür (dissosiasiya), ya da ki, elektrik yükü kimi yığır (ionlaşma).

Çinin keçirdiyi sınaq kökü “soyuq müharibə”yə gedib çıxan orbital bombardmanla bağlı çoxdankı gizli qorxuları gündəmə gətirib. Ötən əsrin 60-70-ci illərində Sovet İttifaqı ABŞ rəhbərlərini iki onillik ərzində düşünməyə vadar edən “orbital yaylım bombardman sistemi (FOBS)” adlı qorxunc silahı hazırlayıb sınaqdan keçirdi.


Nəzəri cəhətdən FOBS Sovet İttifaqına orbitə nüvə başlığını çıxarmaq və onu yerdəki hədəflərə atmaq imkanı verirdi. Orbitə bir dənə də olsun nüvə başlığı çıxartmayan Kreml 1983-cü ildə bu proqramdan imtina etsə də, FOBS-un hərbi-siyasi əhəmiyyəti “soyuq müharibə”nin bitməsindən sonra hələ uzun müddət rezonans doğurdu.

Birləşmiş Ştatlarda Hərbi hava qüvvələrinin (HHQ) ballistik raketlər bölməsi və “Rand Corporation” şirkəti orbital silahın üstünlüklərinin qiymətləndirilməsi yönündə çoxsaylı tədqiqatlar aparıblar. Onda yüksək rütbəli generallar sputnik bobardmanlarını “təhdidin qarşısının alınması” siyasətinin “növbəti məntiqi addımı” kimi alqışlayırdılar. Hərbi analitiklərin kitablarında orbital bombardmanlar mövzusu gələcək müharibənin proqnozları çərçivəsində yer alırdı.
Sovet İttifaqı öz növbəsində, FOBS-un üç ayrı-ayrı proqramlarından birincisinə 1961-ci ilin martında start verdi. Bir neçə ildən sonra digər iki prototip Qırmızı meydandakı paradlarda nümayiş etdirildi. Moskva radiosu lovğalıqla deyirdi: “Bu tip raketlərin əsas xassəsi düşmənin obyektini istənilən istiqamətdən vura bilmək bacarığıdır ki, bu da onları raket hücumundan müdafiə vasitələri üçün faktiki olaraq əlçatmaz edir”.
O zaman fövqəldövlətlərin kosmik silaha söykənən strateji inqilabın astanasında olduqlarını yoxlamaq çox asan idi. Qanunvericilər, alimlər və hərbi liderlər orbital bombardmanlar üçün qəza proqramları, peyk əleyhinə silahlar və hətta Ayda baza da daxil olmaqla, Sovet İttifaqına qarşı kosmosda daha aqressiv mövqe sərgilənməsini təkidlə tələb edirdilər. Barri Qolduoter bu mövzunu özünün prezident seçkiləri kampaniyasının əsas sütununa çevirmişdi.

Təlaş siyasətçilər üçün faydalı silaha çevrildi

Amma sonradan baş verənlər silahlanma yarışının və daha geniş mənada soyuq müharibənin məntiqinə zidd oldu. Alimlər və hətta hərbi cameənin bəzi üzvləri orbital bombardmanın texniki əsaslarını şübhə altına almaqla yanaşı, yerüstü və sualtı qitələrarası ballistik raketlərlə müqayisədə FOBS-un fədəfə çatdırma sisteminin qeyri-effektiv olduğunu bildirdilər. Məsələn, FOBS raketinin orbitə çıxarılması nüvə başlığının çəkisinin azaldılmasını nəzərdə tuturdu. Orbit onların trayektoriyasını proqnozlaşdırmağa və beləliklə də vurulmasına imkan yaradırdı.

Bu arada sputniklərin kəşfiyyat və hərbi dəstəyinin daha mükəmməl rejiminin yaradılması naminə Pentaqon orbital bombardmanlar üzrə özünün əvvəlki tədqiqatlarından imtina etdi. Kennedinin və Consonun hakimiyyəti illərində rəsmi düşüncə bundan ibarət idi ki, əgər Birləşmiş Ştatlar kosmosda silah yerləşdirməkdən çəkinsələr, Sovetlər də bunu dayandıra bilər. 1966-cı ildə danışıqlar aparan amerika və sovet mütəxəssisləri kosmosun “müstəsna şəkildə dinc məqsədlərlə” istifadəsi yönündə beynəxalq saziş imzaladılar. Nəticədə 1967-ci ildə qüvvəyə minən kosmos üzrə Müqavilə orbitdə, səma cisimlərində və ya “kosmik səmada istənilən digər yolla” nüvə silahının yerləşdirilməsinə qadağa qoydu. Bir neçə il ərzində onlarla ölkə bu sazişi təsdiqlədi.

Reallıq dəyişdimi?

Çinin hipersəs sürətli silahı yeni ağılsız silahlanma yarışına təkan verə biləcək radikal texnologiya kimi görünsə də, FOBS-un tarixi sübut edir ki, istər təxəyyüldə olsun, istərsə də kağızda və ya zavodda, silahlanma sisteminin işlənib-hazırlanması oyun qaydalarının dəyişəcəyinə təminat vermir. Strateji debatlar aparmaq əvəzinə Kubada yaşanan raket böhranı, nüvə silahlarına nəzarət yönündə qətiyyətli proqram və ABŞ-la Sovet İttifaqı arasında rəqabət fonunda FOBS-u yaradırdılar. Bu baxımdan hökumət daha dinc və faydalı kosmos proqramı hazırlaya bilərdi.

“Bu gün qərar qəbul edən şəxslər əvvəlkindən heç də asan olmayan problemlərlə üzləşirlər. Lakin yeni kosmik silah da köhnə silahın tələblərini ortaya qoyacaq: tarazlıq, hövsələ və diplomatiyadan bir qədər artıq anlayış”, - “Washington Post” yazıb.

Maraqlıdır ki, bəzi analitiklər Amerikanın məşhur nəşrindəki bu yanaşmanın arxasında əslində Vaşinqtonun “pis oyunda yaxşı sima nümayiş etdirmək” siyasətinin gizləndiyini bildirirlər. Digər tərəfdən isə ötən əsrin 80-ci illərində “Strateji müdafiə təşəbbüsü” adlı proqramla bağlı siyasi spekulyasiyalar apararaq SSRİ-ni kosmosda nüvə silahlanması yarışına sövq etməklə son nəticədə onu çökdürən dövlət məhz ABŞ oldu. Elə son vaxtlartda bəzi amerikalı ekspertlər Vaşinqtonun bu oyunu təkrarən gündəmə gətirməsi zərurətini vurğulayırlar. Amma indi kələk hədəfi kimi Rusiya yox, məhz Çin seçilib. Bəs onda niyə “Washington Post" Çinin kosmosa nüvə silahının çıxarılması məqsədilə keçirdiyi sınağa elə də kəskin reaksiya verməməyə çağırır? Bax əsas sual budur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kosmos   silahlanma  





Xəbər lenti