Qreta Tunberq dünya liderlərini yenə ittiham edir

   Qreta Tunberq dünya liderlərini yenə ittiham edir
  02 Noyabr 2021    Oxunub:2194
Son illər iqlimin qorunması üzrə protest hərəkatının ikonasına çevrilmiş isveçli Qreta Tunberq iqlim dəyişikliyi ilə bağlı BMT-nin keçirdiyi konfransın iflasa uğradığını, tədbirdə iştirak edən dünya liderlərini isə nəyisə dəyişməyi bacarmayan yalançılar olduğunu bildirib. Rusiyanın “TASS” agentliyinin məlumatına görə, Qreta Tunberq bu sözləri iqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə konvensiyası iştirakçılarının iki həfətəlik 26-cı Konfransının (COP26) keçirildiyi Şotlandiyanın Qlazqo şəhərində öz tərəfdaşlarına deyib.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, iseçli iqlim müdafiəçisi bu qəbildən olan tədbirlərin əhəmiyyət kəsb etmədiyini bildirib.
“Bu konfrans da digərləri kimidir. Onlar isə nəticəsiz oldular. Orada sadəcə əllərində hakimiyyət olan siyasətçilər və insanlar toplaşdılar. Onlar özlərini elə göstərirlər ki, guya gələcəyə və artıq iqlim böhranı ilə üzləşmiş insanların indiki vəziyyətinə bütün ciddiliyi ilə yanaşırlar. Siyasətçilər, prinsip etibarilə, Yer kürəsində iqlimin dəyişməsi problemini həll etmək qabiliyyətində deyillər, ona görə də dəyişikliklərin hərəkətverici qüvvəsi sayılan cəmiyyət qətiyyətli tədbirlər sayəsində buna nail olmalıdır” , - Qreta Tunberq deyib.

Kütləyə müraciətində Qlazqo Konfransına qatılmış 120 dövlət və hökumət başçılarının ünvanına yazılması mümkün olmayan ifadə işlədən iqlim müdafiəçisi bildirib ki, insanlar “iqlim ədaləti” tələb etməli və “sonsuz bla-bla-bla” ilə barışmamalıdırlar.

İqlim dəyişikliyi üzrə Qlazqoda keçirilən COP26 konfransına siyasətçilər, jurnalistlər, qeyri-kommersiya və biznes qurumlarının təmsilçiləri də daxil olmaqla, 196 ölkədən 25 min adam qatılıb. Onların təhlükəsizliyinin təminatı üçün 10 min polis işçisi cəlb olunub. Bu konfransda 2015-ci ildə Parisdə imzalanmış iqlim razılaşmalarının 5 illik dövrünün nəticələrinə baxılır.



O vaxt keçirilən COP21 Konfransında qəbul olunan Paris sazişinə əsasən, atmosferə atılan zəhərli qazların ixtisarı, 2100-cü ilə planetdə mövcud ola qlobal temperaturun səviyyəsinin iki dərəcədən çox artmaması və bu istiləşmənin 1,5 dərəcə civarında saxlanması nəzərdə tutulurdu.

Çoxsaylı ekspertlərin fikrincə, hazırda bu müstəvidə ən real göstərici 2,5-2,7 dərəcə sayıla bilər və məhz yaxın 10 ildə qəbul olunacaq qərarlar dünyanın nəzərdə tutulan ilkin məqsədlərə çatıb-catmayacağını müəyyənləşdirəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tunberq   iqlim  





Xəbər lenti