Azərbaycanın almaq istədiyi "JF-17" qırıcılarının özəlliyi nədir?

 Azərbaycanın almaq istədiyi  "JF-17" qırıcılarının özəlliyi nədir?
  02 Noyabr 2021    Oxunub:4719
Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov Bakının Pakistanın istehsal etdiyi “JF-17 Thunder” (İldırım) qırıcılarını almaqda maraqlı olduğunu deyib. Pakistan KİV-lərinə istinadən xəbər verən “Sputnik.az” agentliyi polkovnik Mehman Novruzovun Pakistandan “JF-17 Thunder” təyyarələrinin alınmasını bizim gündəliyimizin əsas elementi kimi qiymətləndirdiyini də yazıb.
AzVision.az “Sputnik.az” agentliyinə istinadən xəbər verir ki, polkovnik Mehman Novruzov Azərbaycanın öz Hərbi Hava Qüvvələrini modernləşdirmək üçün Pakistanla birgə işlədiyini və bu kontekstdə Bakının İslamabaddan “JF-17” qırıcılarının “Block 3” modifikasiyasını almaq niyyətində olduğunu deyib. Bu modifikasiyalı təyyarələr pilot kabinasının elektronikasının və radar sistemlərinin modernləşdirilməsi ilə seçilir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da Azərbaycanın yaxın gələcəkdə yeni hərbi təyyarələr alacağını bildirib.

Bu baxımdan, Azərbaycanda maraq yaradan “JF-17” qırıcılarının tarixinə və texniki göstəricilərinə nəzər salmaq yerinə düşür.

Çoxhədəfli yüngül “JF-17 Thunder” (İldırım) qırıcısı Çinin istehsal etdiyi “J-7” qırıcısının modernləşdirilmiş versiyasıdır. Maraqlıdır ki, “J-7” qırıcısı isə özlüyündə lokal müharibə və münaqişələrdə çox aktiv şəkildə istifadə edilən sovet istehsalı olan “MiQ-21” qırıcısının törəməsidir.
“JF-17” qırıcısı 1990-cı illərin sonunda Çin-Pakistan əməkdaşlığı çərçivəsində yaradılıb. “MiQ-21” qırıcısını tam şəkildə modernləşdirilməyi planlaşıdran Çinin “Chengdu Aircraft Corporation” şirkəti bu tip qırıcıları dördüncü nəsil qırıcılar səviyyəsinə çatdırmaq yönündə işə başlayıb. Maraqlıdır ki, bu qırıcılar Çin ordusunun silahlanması üçün yox, yalnız ixraca çıxarılmaq üçün istehsal olunub.



Elə ilkin mərhələdə sözügedən layihəyə maraq göstərən İslamabad onun əhəmiyyətli hisəsini maliyyələşdirərək, texnologiyalara yiyələnmək, öz ərazisində bu qırıcıları istehsal etmək və satmaq hüququ qazanıb.
2007-ci ildə uçuş sınaqları yekunlaşdıqdan sonra “JF-17” qırıcıları Pakistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub.
2019-cu ildə təyyarənin üçüncü versiyasının-“Block III”-ün təlim uçuşları həyata keçirilib. Gələn ildən isə qırıcının 4+ nəslinin kütləvi istehsalına başlanması nəzərdə tutulur.
Arsenalında “hava-hava” və “hava-yer” raketləri olan “JF-17” qırıcısı 100 kilometr uzaqlıqda yerləşən hədəfləri vura bilir. Müasir qırıcılar orta və kiçik hündürlüklərdə kompüterləşmiş uçuşu idarə etmək və yüksək manevr bacarığına malikdir. Yaxın məsafəli döyüşlər üçün heç də pis xüsusiyyətlərə malik olmayan “JF-17” kifayət qədər yüksək sürətlə hərəkət edə bilir və pilot üçün çox komfortludur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti