Qış turizmi potensialımızı reallaşdırmaq vaxtıdır – Ekspert

   Qış turizmi potensialımızı reallaşdırmaq vaxtıdır –    Ekspert
  03 Noyabr 2021    Oxunub :573
Adətən “istirahət” deyəndə ağla ilk gələn yay olur. Yəqin, həm də ona görə ki, “istirahət” sözünün özü “isti” kəlməsindən yaranıb. Çünki əvvəllər insanlar soyuqda necə dincəlməyi təsəvvür edə bilmirdilər. Amma indi vəziyyət tamam dəyişib: Dünya Turizm Təşkilatının statistikasına görə, hər il səyahət etmək istəyənlərin təxminən 30-35%-i məhz qış fəslini seçir. Və bu rəqəm getdikcə artmaqdadır.
İqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin sözlərinə görə, qış fəslini insanlar üçün cazibəli edən hər şeydən əvvəl, fərqlilikdir: “Eyni dağlıq əraziyə həm yayda, həm qışda gedin və siz tamam fərqli mənzərə görəcəksiniz. Dağları qışda görmək lazımdır. Təsadüfi deyil ki, əsrlər boyunca şairlər “dağ” və “qar” sözlərini yanaşı hallandırıblar. Dağların qış mənzərəsi insanda tamam fərqli bir psixoloji ovqat yaradır, onu il boyu sürən enerji ilə təmin edir. Nəhayət, qarlı yamacda xizəyin üstündə dayanmağın yaşatdığı həyəcan çoxlarına zövq verir”.

Amma ekspert onu da vurğulayır ki, dağlar qışda təhlükəli ola bilər. Buna görə də, uzun müddət qış turizmi dünyada bu sənayenin lüks seqmentinə aid edilib və ancaq varlılar üçün münasib istirahət sayılıb. Çünki dağlarda turizm üçün lazımi infrastrukturu yaratmaq çətin olduğundan, bu əyləncə çox baha başa gəlirdi. Yalnız 80-ci illərin sonlarından dünyada vəziyyət dəyişməyə, qış turizmi kütləviləşməyə başlayıb. İndi isə yay turizmi ilə bərabər rəqabət aparır. İsveçrə, Skandinaviya ölkələri, Çexiya, ABŞ, Kanada, Rusiya qış turizminin ənənəvi liderləri sayılırlar. Son illərdə qardaş Türkiyə Uludağ, Palandöken, Kartepe, Kartalkaya, Sarıkamış, Erciyes, Davras kimi ünvanlarla qış turizmi piroqundan yaxşı pay qopara bilib. Qonşu Gürcüstan da dağlıq bölgələrində müvafiq imkanlar yaratmağa başlayıb. Bəs biz necə, qış turizminə nə təklif edə bilirik?!

- Azərbaycanda bu sahədə potensial böyükdür, amma onun reallaşması təəssüf ki, o qədər də yaxşı getmir. Bizdə Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı, Gədəbəy, Zaqatala və Naxçıvanın qış turizmi üçün yaxşı imkanları var. “Şahdağ” və “Tufandağ”ın təcrübəsi göstərir ki, bu potensial reallaşdırılanda həqiqətən gözəl nəticə əldə etmək mümkündür. Fəqət təəssüf ki, digər bölgələrdə proses çox ləng gedir. Nəticədə qış fəslində “Şahdağ” və “Tufandağ”da qiymətlər o qədər yüksək olur və otellər elə yüklənir ki, çoxları sadəcə, gedib, şəkil çəkib, geri qayıdırlar. Naxçıvanda Ağbulaq İstirahət Mərkəzində samballı infrastruktur yaradılsa da, təəssüf ki, reklamı arzulanan səviyyədə deyil,- Əlibala Məhərrəmzadə bildirib.


Onun sözlərinə görə, nəticədə belə alınır ki, ölkədə qış turizmi üçün nəhəng potensial olsa da, çox az hissəsi reallaşdırıldığından, vətəndaşlarımız doğma təbiətin qış gözəlliyindən yetərincə zövq ala bilmirlər. Bir qismi bu məqsədlə qonşu ölkələrə üz tuturlar, nəticədə turizm sənayemiz xeyli gəlirdən məhrum olur.
- Düşünürəm, bu sahədə vəziyyəti əsaslı şəkildə dəyişməyin vaxtıdır. Yaxşı olardı ki, sırf qış turizminin inkişafı ilə bağlı ayrıca bir Dövlət Proqramı qəbul edilsin. Qış turizmi elə bir sahədir ki, dövlətin dəstəyi olmadan özəl biznesin nəyəsə nail olması çətindir. Çünki burada uyğun infrastrukturun yaradılması üçün ciddi logistik işlərə də ehtiyac var ki, bunu dövlət edə bilər. İndi dövlətin əsas diqqəti Qarabağda quruculuq işlərinə yönəlib və bu, belə də olmalıdır. Yeri gəlmişkən, Qarabağın özü də orta perspektivdə qış turizmimizə əlavə potensial qatacaq. Təkcə Kəlbəcərin imkanlarını xatırlatmaq kifayətdir. Amma buna qədər hələ müəyyən vaxt keçəcək. Həmin müddətdə isə digər bölgələrimizdə olan qış turizmi potensialını reallaşdırmaq üçün xüsusi Dövlət Proqramının qəbulu həm ölkəmizə, həm də insanlarımıza çox böyük fayda gətirə bilər,- ekspert qeyd edib.

Teqlər: Qış-turizmi  







Xəbər lenti