Tələbələrin ev problemi - Sosial yataqxana necə olmalıdır?

 Tələbələrin ev problemi - Sosial yataqxana necə olmalıdır?
  03 Noyabr 2021    Oxunub:1826
“Ali təhsil haqqında” qanun layihəsinə əsasən ali təhsil müəssisələrində tələbələrin yataqxanada yaşayış yeri ilə təmin edilməsi məqsədilə sosial tələbə yataqxanaları yaradılacaq. Layihəyə əsasən, sosial yataqxanalara qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər nəzərdə tutula biləcək.
Azərbaycanda hazırda 12 universitetin tələbə yataqxanaları mövcuddur. Onlardan bəziləri bərpa olunub, bəziləri isə yenidən tikilib. Məsələn, Azərbaycan Tibb Universiteti, Dövlət Neft və Sənaye Universitetinin yataqxanaları vaxtilə məcburi köçkünlər qalırdı. Onlar yeni mənzillərlə təmin olunduqdan sonra bərpa edilərək tələbələrin istifadəsinə verildi. Bakı Dövlət Universitetinin 1 yataqxanası yenidən inşa edildi.

Təhsil eksperti Elçin Süleymanov AzVision.az -a açıqlamasında bildirib ki, sosial yataqxanaların açılması bir neçə ildir müzakirə olunur. Onun sözlərinə yataqxanalar tələbələrin, xüsusilə regionlardan gələnlər üçün çox vacib faktordur:

“Çünki tələbələr kirayə mənzil bazarında ev taparkən çətinlik yaşayırlar. Kirayə qiymətləri çox zaman tələblərin büdcələrinə ekvalent olmur. Tələbə yataqxanaları onların ictimai həyata hazırlanması, mənalı tələbəlik keçirməsi üçün önəmlidir. Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən məcburi köçkünlərin qaldıqları yerlərdən biri yataqxanalar idi.



Buna görə uzun müddət yataqxanalar təyintı üzrə istifadə edilmirdi. Yataqxanalarda yaşayan məcburi köçkünlər artıq başqa yerə köçürülüb. Lakin universitetlərin imkanı yoxdur ki, yeni yataqxana tiksin və ya mövcud yataqxananı müasir səviyyədə təmir etsin. Bunu proqram çərçivəsində həll edilməsi yaxşı olardı”.

E.Süleymanov qeyd edib ki, sosial yataqxanalar tələbələrə təhsil kreditlərində olduğu kimi güzəştli qiymətlərlə təklif edilə bilər: “Məsələn, Türkiyədə Kredit və Yataqxanalar qurumu tərəfindən ehtiyacı olan tələbələrə bu sistemdən yararlanmağa şərait yaradılır. Nəticədə tələbələr cüzi vəsait ödəyir.



Qalan borcu isə məzun olduqdan sonra işləyərək geri qaytarırlar. Eyni ilə tələbələ təhsil kreditində olduğu kimi. Tələbənin oxuduğu dövrdə həm təhsil, həm qalmaq haqqını dövlət öz öhdəsinə götürür. Məzun olduqdan sonra ödənişi geri qaytarır və o vəsaitdən qurum daha yaxşı, keyfiyyətli xidmət üçün istifadə edir və maliyyələşmə mexanizmini təmin edir”.

Ekspert qeyd edib ki, yataqxanaların olması universitetlərin reytinqdə önəmli nüanslardan və istifadə olunan meyarlardan biridir: “Hazırda bəzi universitetlərimizin yataqxanaları var və onlar komfortlu şəraitdədir. Lakin onların ödənişləri bahadır. Ona görə tələbə orada qalmaqda çətinlik çəkir. Bu səbədən sosial yataqxaanların açılması önəmlidir”.



Aytən Zəhra
AzVision.az




Teqlər: Tələbə   Yataqxana  





Xəbər lenti