"Güzəştlər ölkədə yeni avtomobillərin sayını artıracaq" - Ekspert

 "Güzəştlər ölkədə yeni avtomobillərin sayını artıracaq" -    Ekspert
  03 Noyabr 2021    Oxunub:1412
Vergilər Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən ölkəmizə idxal edilən hibrid avtomobillər əlavə dəyər vergisindən azad oluna bilər. Belə ki, təkliflər qəbul olunarsa, hibrid avtomobilər gələn il 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək. Mühərriki 2500 kubsantimetrdən yüksək olan bu kateqoriya avtomobillərə isə hər hansı bir güzəştin tətbiq ediləcəyi gözlənilmir. Elektromobillər həm idxal, həm də daxili bazarda satış zamanı vergiyə cəlb edilməyəcək.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı AzVision.az -a açıqlamasında bildirib ki, hibrid avtomobillərə güzəştlərin tətbiq edilməsi barədə dəyişiklər müsbət haldır:
“Bu məsələ Prezident İlham Əliyev tərəfindən “Yol hərəkəti təhlükəsizliyinə dair” Dövlət Proqramında əksini tapıb. Orada qeyd olunur ki, bu cür nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi situmullaşdırıcı addımlar atılmalıdır. Burada vergi və digər güzəştlər olmalıdır ki, vətəndaşlar onu almağa maraqlı olsunlar. Dövlətin burada marağı ətraf mühitin qorunmasının təmin olunmasıdır. Hibrid avtomobillər 50 faizə qədər yanacaq istifadə etmir, qəanet edir. Bu o deməkdir ki, 50 faizə qədər atomosferi, ətraf mühiti çirkləndirmir”.



E.Muradlı qeyd edib ki, güzəştlərin istismar müddəti 7 ilə qədər olan avtomobillərə şamil olunması ilə ölkəmizdə daha təmiz və müasir standartlara cavab verən nəqliyyat vasitələrinin sayını artıracaq:
“Elektromobillər də güzəşt kateqoriyasına aiddir. Lakin ölkəmizdə onlara maraq elə də çox deyil. Çünki onun servis, usta xidməti, infrastrukturu, doldurma məntəqələri azdır, yox dərəcəsindədir. Həmçinin bu cür avtomobillər çox bahadır. Hibrid avtomobillər onlara nisbətən ucuz başa gəlir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Avtomobil   Güzəşt  





Xəbər lenti