"Azərbaycan torpaqlarını geri qaytardı və 30 illik ədalətsizliyə son qoyuldu" - Ərdoğan

   "Azərbaycan torpaqlarını geri qaytardı və 30 illik ədalətsizliyə son qoyuldu" -    Ərdoğan
  04 Noyabr 2021    Oxunub:616
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb. AzVision.az xəbər verir ki, müraciəti Türkiyənin sabiq baş naziri Binəli Yıldırım səsləndirib. Onun sözlərinə görə, bu forum il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır:
“Hər birimiz pandemiyanın mümkün qədər tez başa çatmasını arzu edirik. Bu baxımdan, hazırkı forum xüsusi əhəmiyyət kəsb edir”, – müraciətdə deyilir.

“Təəssüf ki, xüsusilə də ÜST heç də bütün məqsədlərə çata bilməyib. Bəzi ölkələr pandemiya ilə mübarizə aparmaqla məşğul olduqları bir zamanda Azərbaycan kimi ölkələr digər ölkələrə yardım əlini uzadır. Əlbəttə ki, bütün ölkələrin pandemiya ilə mübarizədə bərabər imkanlara malik olmasını istərdik, lakin bir sıra ölkələr bu baxımdan geri qalır”, - müraciətdə diqqətə çatdırılır. Türkiyə Prezidenti pandemiyanın ölkələrin iqtisadiyyatına güclü təsir göstərdiyini də vurğulayıb.

Türkiyə Prezidenti öz müraciətində Ermənistanın, təxminən, 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb: “Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da, 30 illik ədalətsizliyə son qoyuldu”, - R.T.Ərdoğan bildirib.

O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib: “Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.

AzVision.az



Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti