"Ermənistanın qisas fikrindən imtina etməsi lazımdır" - Hikmət Çətin

   "Ermənistanın qisas fikrindən imtina etməsi lazımdır" -    Hikmət Çətin
  04 Noyabr 2021    Oxunub:445
"Bakıya, Azərbaycana yenidən gəldiyim üçün çox şadam. Azərbaycanın 1990-cı illərin əvvəllərində qara günlərinin şahidi olmuşam. Gülən insanları az görürdüm, hər kəs qəm-kədər içində idi. İndi isə böyük zəfərin qazanılmasından sonra Bakıya gəldiyim üçün çox sevincliyəm. Bakının üzü gülür. Əvvəllər jurnalistlər mənə "problemi necə həll edə bilərik?" deyirdilərsə, indi "daha nələr edə bilərik?" deyirlər.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumuna dair təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, VIII Qlobal Bakı Forumunun keçirilməsi çox təqdirəlayiq haldır:

"Mən ilk forumlardan iştirak edirəm. Bu forum isə fərqli mövzuda təşkil olunub. COVID-19 virusu bütün dünyanı işğal edib. Varlıya, kasıba, pisə, yaxşıya baxmadı. Bütün dünya bundan təsirləndi və hələ də pandemiya davam edir. Bu forumda COVID-19-dan sonra dünyanın başqa dünya olacağını danışacağıq. Hər şey dəyişəcək. Sağlamlıq mövzusunda insanlara çox şey öyrədildi, maskalı dünya haqqında danışırıq".

Hikmət Çətin bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülhü, istiqlalı və rifahı saxlamaqdadır:

"Bu mövzuda problem yaradan və suala cavab verməli olan Ermənistan tərəfidir. Prezident İlham Əliyev bir neçə dəfə sülhün necə bərqərar olunacağını deyib. Ermənistanın qisas almaq fikrindən imtina etməsi lazımdır. Bu mövzunun bundan sonra müharibə ilə həll olunacaq tərəfi yoxdur. Ermənistan, Türkiyə və Azərbaycanın ortaq bir nöqtəyə gəlməsi, dostluq əlaqələri qurması lazımdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti