“Məşğulluq marafonu”nda fəal iştirak edənlərə təşəkkürnamələr təqdim olunub

“Məşğulluq marafonu”nda fəal iştirak edənlərə təşəkkürnamələr təqdim olunub
  04 Noyabr 2021    Oxunub:885
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində şəhid ailələri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nda fəal iştirak edən işəgötürənlərlə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzVision.az -a verilən məlumata görə, görüşdə agentliyin sədri Mustafa Abbasbəyli çıxış edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il Vətən müharibəsində möhtəşəm Zəfərə nail oldu, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi. Tarixi Zəfərin qəhrəmanlarının – 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunub ki, 31 mindən çox vətəndaşı əhatə edən tədbirlər çərçivəsində həmin kateqoriyalara aid 5420 şəxs də özünüməşğulluq proqramına cəlb edilib, 2250 şəxs isə münasib işlərlə təmin edilib.

Bu ilin iyununda “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında nazirlik tərəfindən başlanılan “Məşğulluq marafonu” da şəhid ailələrinin üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyıb.

Ötən dövrdə 570 işəgötürən (299-u dövlət, 271-i özəl müəssisə) milli həmrəylik və sosial məsuliyyət mövqeyindən çıxış edərək “Məşğulluq marafonu”na qoşulub. Onlar tərəfindən marafona 3314 vakansiya təqdim edilib ki, həmin vakansiyalar üzrə 162-si şəhid ailəsi üzvü və 874-ü qazi olmaqla 1036 nəfər işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət və milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.

Görüşdə “Məşğulluq marafonu”nda fəal iştirak edərək Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğunun təminatına, bununla onların rifahı naminə aparılan dövlət siyasətinə sosial məsuliyyət və həmrəylik prinsipi ilə yaxından dəstək olduqlarına görə işəgötürənlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəkkürnamələri təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti