"Azərbaycan regionda yeni reallıqlar yaradıb"- Bozkır
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan spiker bildirib ki, iki dost və qardaş dövlətlərimiz arasında münasibətlər bu gün ən yüksək səviyyədədir. Milli Məclisin sədri qeyd edib ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.
S.Qafarova qonağa Ermənistanla Azərbaycan arasında mövcud olmuş və 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış yeni reallıqlar barədə də məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, münaqişə artıq keçmişdə qalıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb və regionda daimi sülh və əmin-amanlığın təmin olunmasına çalışır.
Sahibə Qafarova qonağın BMT Baş Assambleyasının prezidenti olduğu dövrdə Azərbaycanın bu təşkilatla uğurlu əməkdaşlığının bu gün də davam etməsindən razılığını ifadə edib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən BMT Baş Assambleyasının sabiq prezidenti Volkan Bozkır Azərbaycanın regiondakı aparıcı rolundan məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda yeni reallıqlar yaradıb. Türkiyə də azərbaycanlı qardaşlarına işğaldan azad edilmiş ərazilərin bərpası, bölgənin yenidən dirçəldilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərinə düşən köməkliyi göstərməyə hazırdır.
Sonra görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: