"Azərbaycanın təcrübəsinin digər ölkələrdə yayılması vacibdir"- Haykens

"Azərbaycanın təcrübəsinin digər ölkələrdə yayılması vacibdir"-   Haykens
  04 Noyabr 2021    Oxunub:816
Noyabrın 4-də Milli Məclisdə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev UNICEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildiriblər ki, görüşdə Bəxtiyar Əliyev hələ ötən əsrin 90-cı illərindən etibarən BDU-nun psixologiya kafedrasının xətti ilə UNICEF ilə əməkdaşlıq etdiklərini, birgə səylərlə Azərbaycanda məcburi köçkünlərin psixoloji reabilitasiyası proqramını hazırlayaraq həyata keçirdiklərini, yeniyetmə məcburi köçkünlərin psixoloji vəziyyəti ilə bağlı araşdırmalar apararaq tövsiyələr hazırladıqlarını bildirib. Hazırda münaqişəyə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu və dağıdılmış ərazilərin ağıllı şəhər, ağıllı kənd konsepsiyası əsasında qurulduğunu deyib. 30 ilə yaxın işğal altında qalmış doğma Ağdam şəhərində Azərbaycan Prezidenti tərəfindən böyük tarixi olan 1 saylı ümumtəhsil məktəbinin təməlinin qoyulduğunu, qarşıdakı illərdə əhalinin doğma yurd yerlərinə qayıdışının və məskunlaşmasının baş tutacağını qeyd edib.

Milli Məclisin komitə sədri işğaldan azad olunmuş bölgələrdə çoxlu sayda orta və peşə təhsili məktəbləri, Qarabağ Universiteti, innovasiyalar mərkəzləri yaradılacağı barədə qonağı məlumatlandırıb. Qeyd edib ki, həmin ərazilərdə elm və təhsilin yeni infrastrukturunun yaradılması həm məktəbəqədər, həm də məktəb təhsilinin yüksək səviyyədə təşkili üçün kadr hazırlanmasına da geniş imkan yaradacaq.

Bəxtiyar Əliyev Milli Məclislə UNICEF arasında geniş spektrdə əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan tərəfdən ratifikasiya edilmiş konvensiyaların milli qanunvericilikdə implementasiyası istiqamətində mühüm addımlar atıldığını, yeni qanun layihələrinin hazırlanıb qəbul olunduğunu, xüsusilə sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə əlaqədar inklüziv təhsilin həyata keçirilməsi üçün qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edildiyini bildirib. Yeni çağırışlarla bağlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə edib.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens birgə fəaliyyət sayəsində ölkəmizdə əldə olunmuş uğurları yüksək dəyərləndirib. Bir sıra istiqamətlərdə Azərbaycanın təcrübəsinin digər ölkələrdə yayılması vacibliyindən danışıb. Münaqişənin və pandemiyanın son 2 ildə yaratdığı çətinliklərə toxunub. Postmüharibə dövründə ölkəmizdə reallaşdırmaq istədikləri layihələr barədə məlumat verib. İnklüziv təhsil, məktəbəqədər təhsil, sosial biznes modeli, uşaqların erkən inkişafı, ANAMA ilə əməkdaşlıqları və digər layihələrdən söhbət açıb.

Aleks Haykens Milli Məclisin Elm və təhsil komitəsi ilə əməkdaşlığı vacib saydıqlarını vurğulayıb.

AzVision.az



Teqlər: UNİCEF  





Xəbər lenti