Müharibənin 40-cı günü: İrəvan üçün insan həyatı önəmli deyil

   Müharibənin 40-cı günü:  İrəvan üçün insan həyatı önəmli deyil
  05 Noyabr 2021    Oxunub:1616
Həmin gün Ermənistanın “168.am” nəşri “Dağlıq Qarabağda davam edən müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır”, - yazdı. Nəşrin bildirdiyinə görə, hökumətdə yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. Amma hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq və bunun cavabını verməli olacaq.
Əslində Ermənistanın bütün hökumətləri üçün insan həyatı heç vaxt önəm daşımayıb. Nə başqa xalqlara, nə də ki, erməni xalqına münasibətdə. Amma yalnız döyüş meydanlarında məhv edilən qəsbkarların ölümünə görə Ermənistan hökumətindən haqq-hesab istəniləcəyini yazan erməni mediası, erməni təcavüzünün və dinc insanlara qarşı törədilən soyqırımların 10 minlərlə azərbaycanlının qətlinə səbəb olduğunu xatırlatmır.

Məhz bu danılmaz həqiqəti Azərbaycanın Baş Prokurorluğu 2020-ci il noyabrın 5-də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ötən il sentyabrın 27-dən noyabrın 5-dək Ermənistanın yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 92 nəfər mülki şəxs qətlə yetirildi, 404 nəfər isə xəsarət aldı. Erməni təcavüzü nəticəsində 11 uşaq öldü, 48-i yaralandı. 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşdü.

Bu cinayətlərə döyüş meydanlarında layiqli cavab verən Ordumuz müharibənin 40-cı günü Ağdərə və Xocavənd istiqamətlərində düşmənin şəxsi heyətinə və hərbi texnikasına ciddi zərbələr endirdi. Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edildi.

Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına zərbə endirilməsi nəticəsində düşmənin şəxsi heyət arasında ölən və yaralananlar oldu, xeyli sayda sursatı partladıldı, artilleriya qurğuları tam sıradan çıxarıldı.

Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edildi.

Son sutka ərzində Qarabağda Ermənistan tərəfində döyüşən daha 12 PKK/YPG terrorçusu öldürüldü. Beləliklə də, öz layiqli cəzasını alan bu terrorçuların sayı 22-yə çatdı.

İspaniyanın EFE agentliyinə müsahibəsində jurnalistin müvafiq sualına cavabında Azərbaycan Prezidenti İlham Əliyev bu faktlara istinadən məhz Ermənistanın muzdluları döyüşlərə cəlb etdiyini vurğuladı.



- Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var , - Azərbaycan Prezidenti dedi.

Cəbhədəki məğlubiyyətlər isə Ermənistanda hərbi böhranı dərinləşdirirdi. Azərbaycanın işğal altındakı ərazilərindən qaçan erməni hərbçilərini yalnız fərarilikdə yox, artıq ölkədə silahlı qiyama hazırlaşmaqda da günahlandırmağa başladılar.

Laçın rayonunda müdafiə naziri David Tonoyanın qərargahına gələn genera Vitali Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edərək, naziri istefa verməyə çağırdı. O, habelə özünün müdafiə naziri təyin olunması barədə fərman imzalamağı tələb etdi. Tonoyanın kobud cavabı və mühafizəçilərə Balasnayanı qərargahdan qovulması əmrini verməsindən sonra mübahisə edənlər əlbəyaxa oldular.

Moskvadakı Vısoko-Petrovski monastrının keşişi Ruben Mkrtçyan isə Paşinyanın psixi qüsurlu olduğunu və Ermənistan qanunlarını pozaraq hakimiyyətə gəldiyini bildirdi.



İspaniyanın EFE agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev də Nikol Paşinyanla bağlı çox maraqlı məqama toxundu.

- Hazırda Paşinyanla bir masa arxasında oturmağın heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin ilk görüşlər istisna olmaqla onların hamısı tamamilə səmərəsiz və mənasız olub, - İlham Əliyev bildirdi.

Dövlət başçısı həmin müsahibədə şəxsən özünün bütün məsələlərdə verdiyi vədlərə sadiq qaldığını, müharibənin gedişatı və onun dayandırılması şərtlərini də açıqladı.
- Mən sözünə əməl edən insanam;
- Azərbaycan Ordusu cəbhədə üstünlüyə malikdir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik;
- Onlar qorxaqdırlar, gücümüzü görüb qaçırlar;
- Biz qadağan olunmuş silahlardan istifadə etmirik;
- Ermənistan kompromisdən danışanda konkret heç nə demir;
- Ermənistanın baş naziri Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməlidir. Əgər belə olmasa, hərb yolundan başqa variant qalmır.


ABŞ-ın “VICE News” kanalının jurnalisti Hind Hassan “Instagram” səhifəsində “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi ”, - sözlərini yazdı.

Əslində bu heç də təəccüblü deyildi. Çünki Azərbaycan öz ərazilərinin işğaldan azad olunması uğrunda Vətən müharibəsi aparırdı. Bu Vətən müharibəsinin hərəkətverici qüvvəsi isə məhz xalq-iqtidar birliyi idi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Müharibə   Zəfər  





Xəbər lenti