Susan Elliott: "Peyvəndlər vaxtında və ədalətli paylanmır"

   Susan Elliott:    "Peyvəndlər vaxtında və ədalətli paylanmır"
  05 Noyabr 2021    Oxunub:1338
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı çağırış edib. Dünən forumda apardığımız müzakirələr çox təqdirəlayiq idi. Müzakirələrdən də gördük ki, burada COVID-19 peyvəndlərinin vaxtında, keyfiyyətli və ədalətli paylanmasında problemlər var".
AzVision.az xəbər verir ki, bunu Amerika Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti Susan Elliott VIII Qlobal Bakı Forumunda deyib. O bildirib ki, dünyanın kasıb ölkələrində əhalinin yalnız 10 faiz vaksinasiyadan keçib.

S.Elliotin sözlərinə görə, vaksinləşmə ilə bağlı xüsusilə Afrikada acınacaqlı vəziyyət müşahidə olunur: "Afrikanın yalnız 5 faizi əhalisi birinci doza vaksin olunub. Bununla yanaşı, bəzi ölkələrdə əhalinin 1,3 faizi peyvəndlənə bilib. Dünya əhalisinin 13 faizi vaksinasiyadan keçib. COVAX proqramından daha çox faydalanmaq lazımdır. ÜST-də vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. ÜST vaksinlərin dünyada ədalətli paylanmasına nəzarət etməlidir".

O qeyd edib ki, zəngin ölkələr vaksinlərin paylanmasında böyük rol oynamalıdır: "Vaksinlərin istehsalı ilə ABŞ, Rusiya, Çin, Avropa İttifaqına üzv olan dövlətlər məşğul olur. Bu baxımdan düşünürəm ki, buraya vəsait ayrılmalı və vaksinlərin paylanmasına dəstək göstərilməlidir. COVAX təşkilatında Çin, Yaponiya, Hindistan, Böyük Britaniya, Kanada, İsveçrə, Fransa, Polşa iştirak edir. Burada tanınmış eksperlərdən ibarət müzakirə paneli təşkil etdik. Hesab edirəm ki, müzakirələr sayəsində vaksinlərin ədalətli paylanmasına müəyyən kömək edə bilərik".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti