Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO
Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başlanıb.
Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Kamran Əliyev qeyd edib ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad etməklə yanaşı Ermənistanı öz məğlubiyyətini etiraf etməsinə və kapitulyasiya aktını imzalamasına məcbur edib.
Tədbirdə həmçinin, 44 Günlük Vətən Müharibəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket zərbələri nəticəsində xəsarət alan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ozal Həsənov, eləcə də müharibə zamanı dinc mülki əhalimizə qarşı törədilən cinayətlərin istintaqının aparılmasında fəal iştirak etmiş Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Orxan Rzayevin çıxışları dinlənilib. Sonda isə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Zəfər Meydanı” adlı sənədli film nümayiş etdirilib.
AzVision.az
Teqlər: Zəfər-Bayramı Baş-prokurorluq