Azərbaycanda televiziya və radio işçiləri təbrik edildi

Azərbaycanda televiziya və radio işçiləri təbrik edildi
  06 Noyabr 2021    Oxunub:2616
6 noyabr Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramıdır.
AzVision.az xəbər verir ki, 1926-cı il 6 noyabr tarixində Azərbaycanın ilk radiosu – Azərbaycan Radiosu ilk dəfə yayıma çıxıb. Hazırda 95 yaşını qeyd edən Azərbaycan Radiosunun yaranma günü ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilib.

Ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət sahəsində öz sözünü demiş şəxslər, ekspertlər Azərbaycan Televiziyasının 65, Azərbaycan Radiosunun isə 95 illik yubileyi münasibətilə hər iki media qurumuna təbriklər ünvanlayırlar.

Həmin təbriklərdən bir qismini təqdim edirik:

“ASAN xidmət”in sədri Ülvi Mehdiyev: “Son illər Azərbaycan Televiziyasında aparılan islahatlar öz bəhrəsini verir. AzTV dəqiq xəbərləri, fərqli proqramları, operativliyi və peşəkarlığı ilə seçilir. Sizi Milli Televiziya və Radio Günü münasibətilə təbrik edir, “ASAN xidmət”in fəaliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirik”.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi: “Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və müxbirlər müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Bunlar, əlbəttə ki, təqdirəlayiq məqamlardır. Peşə bayramınız mübarək!”

Xalq artisti Murad Adıgözəlzadə: “Azərbaycan Televiziyasını və Mədəniyyət TV-ni hər zaman izləyirəm. Kanallardakı dəyişikliklərin gündən-günə artdığını müşahidə etmişəm. Mənə görə, ən gözəl yayımlar məhz sizin kanallardadır. Bu çətin işdə sizə müvəffəqiyyətlər arzu edirəm!”.

Xalq artisti Ənvər Sadıqov : “Qaytağı” instumental ansamblının bədii rəhbəri olaraq doğma televiziyamızın bütün rəhbərliyini və əməkdaşlarını bu mötəbər bayramlar münasibətilə təbrik edirəm. İşinizdə müvəffəqiyyətlər, uğurlar arzu edirəm. Etdiyiniz bütün yeniliklər uğurlu olsun!”.

Şair Nigar Həsənzadə: “Son illərdə Azərbaycan Televiziyası çox böyük dəyişiklik yolu keçdi. Bu dəyişikliklər bizim ürəyimizcə oldu. Nə yaxşı ki, varsınız!”.

Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev: “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC cəmiyyəti ölkədə həyata keçirilən islahatlar haqqında məlumatlandırır, Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək istiqamətində fəaliyyətini davam etdirir və sülhün və milli birliyin gücləndirilməsinə öz önəmli töhfəsini verir. Sizə Türkmənistan və Azərbaycan milli televiziyaları arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində göstərdiyiniz fəaliyyətə görə öz minnətdarlığımı bildirirəm”.

Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov: “Azərbaycan Televiziyası bu illər ərzində bir neçə nəslin ayrılmaz həyat tərzinə çevrilib. Hər zaman izləyicilərə maraqlı və gözoxşayan verilişlər təqdim edib. Əminəm ki, hələ bundan sonra da neçə-neçə nəsillər bu televiziyanın rəngarəng verlişlərini maraqla izləyəcəklər”.

Xalq artisti Faiq Ağayev: “Azərbaycanın ən qocaman televiziyası və radiosunun yubileyidir. Bu münasibətlə gözəl, mehriban kollektivi təbrik edirəm, davamlı naliyyətlər, uğurlar arzulayıram. Çox xoşdur ki, mən də Azərbaycan Televiziya və Radiosunun solistiyəm”.

Xalq artisti Azər Zeynalov: “Bizi xalqa tanıdan Azərbaycan Televiziyası olub. Bu səbəbdən AzTV-ni hər zaman minnətdarlıq hissi ilə xatırlayıram. Bu gün kanal öz qədim ənənələrinə sadiqdir. Verilişlərin yüksək səviyyədə hazırlanması tamaşaçılarda bədii-estetik zövqün inkişafına müsbət təsirini daim göstərir”.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə: “Azərbaycan Televiziyası uzun illər mübahisələrə, müəyyən tənqidə, müzakirələrə səbəb olan TV kanalı idi. Son illərdə aparılan ciddi kadr islahatları, yeni proqramlar, verilişlər, filmlərin hazırlanması, gənc kadrların, gənc və fərqli baxışların önə keçirilməsi efirə və kanalın özünüifadəsinə böyük təsir göstərdi.
AzTV yenidən peşəkar TV kanalına çevrildi. Bu gün Azərbaycan Televiziyasının repertuarında rəngarəng mövzular var. TV bu mövzuların hər birində tamaşaçı ilə, gənc nəsillə nəfəs alan və kreativ baxışlar ortaya qoyur”.

Tarix elmləri doktoru, professor Şahin Fazil: “Azərbaycan Televiziyasının tarixi mövzularda verilişlərini bəyənirəm. TV-nin Azərbaycanın tarixi ilə bağlı bütün verilişləri bir tarixçi kimi məni həmişə maraqlandırır. Çünki həmin televerilişlərin tariximizin təbliğində olduqca böyük rolu var”.
Əməkdar artist Sənubər İsgəndərli: “Azərbaycan Televiziyası uzun yol gəlib, uzun ömür sürüb. Bu illər ərzində uğuları da olub, uğursuzluqları da. Amma doğma televiziyamızın incəsənətə, teatra, sənətə, sənətkara verdiyi dəyər heç zaman dəyişməyib”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi: “Televiziyaların rolu cəmiyyətin formalaşması və inkişafında danılmazdır. Bu baxımdan Azərbaycan Televiziyası son dövrlər fəaliyyəti ilə xüsusən seçilir. TV-nin gəncləri inkişafa, elmə, mütaliəyə səsləyən proqramları diqqət çəkir. Milli dəyərlərimizi qoruyan və daim müasirliyə can atan ana televiziyamız və radiomuz yubileyini qeyd edir. Sizə fəaliyyətinizdə daima yenilikçi olmağı arzu edirəm!”.

Əməkdar incəsənət xadimi Ayaz Salayev: “AzTV mənim doğma ocağımdır. Bir peşəkar kimi məhz AzTV də yetişmişəm. Oranın qapısından keçəndə belə o qədər xoş duyğular yaşayıram ki... Son illər AzTV-də müsbət dəyişikliklər müşahidə edirəm, bu da məni sevindirməyə bilməz”.

Xalq yazıçısı Elçin Əfəndiyev: “Vətən müharibəsi zamanı Azərbaycan Televiziyası daha da doğma kanala çevrildi. Ali Baş Komandanın, Prezident İlham Əliyevin çıxışlarını, bəyanatları, qələbə xəbərlərini məhz AzTV-dən izləyirdik. AzTV işini operativ, yüksək peşəkarlıqla qurmuşdu”.

“Birgə və sağlam” ictimai birliyinin təsisçisi Aytən Eynalova “AzTV son bir neçə ildə istər texniki baza, istər keyfiyyətli kadr cəhətdən çox inkişaf edib, inklüziv sahə, xüsusi qayğıya ehtiyacı olan insanlar, sosial mövzulara həsr olunmuş keyfiyyətli, kvalifikasiyalı proqramlar yaradan bir qurum halına çevrilib. Ən önəmlisi isə odur ki, AzTV inkişafa açıqdır, xarici televiziya məkanlarındakı yenilikləri, inkişafı izləyərək ölkəyə adaptasiya olunmasında rol oynayan qabaqcıl qurumlardan biridir”.

Xalq artisti Mənsum İbrahimov: “Azərbaycan Radiosunun 95, Televiziyasının 65 yaşı tamam olur. Əziz kollektiv, peşəkar, fədakar insanlar, hər zaman sizdən gözəl xəbərlər eşitmişik. Ümid edirəm ki, bundan sonra da sizdən gözəl xəbərlər eşidəcəyik. Peşə bayramınız mübarək olsun!”.

Deputat Rəfael Hüseynov: “Var olduğu artıq bir əsrə yaxınlaşan müddətdə Azərbaycan Radiosu xalqımız üçün ən böyük sinif otağı, ən məhrəm dost, ən etibarlı müəllim, ən maraqlı kitab olub. Nəsil-nəsil insan bu möcüzədən bəhrələnib, biliklər alıb, zövq tərbiyəsi görüb, özünü və dünyanı tanımaq vərdişləri qazanıb. Azərbaycan Televiziya və Radiosu millətin səsidir. Arzumdur ki, bu millət səsi 65, 95-nə qədər olduğu kimi, bundan sonra da həmişə inamlı, gur səslənsin, həmişəki kimi ürəklərə yaxın olsun!”.

Əməkdar jurnalist Qulu Məhərrəmli: “95 yaşlı Azərbaycan Radiosu 65 ildir həm də Azərbaycan Televiziyası ilə yanaşı addımlayır. Bunlar paralel olaraq mədəniyyətimizin, ana dilimizin, milli-mədəni sərvətlərimizin təbliğində böyük rol oynayır. İnternet meydana çıxsa, televiziya böyük bir auditoriyanı radionun əlindən alsa da, radionun öz sadiq dinləyiciləri, sabit auditoriyası var. Bütün televiziya və radio işçilərini peşə bayramı münasibətilə təbrik edirəm!”.

Xalq artisti Eyyub Yaqubov: ““AzTV Azərbaycan televiziya məkanında bir fundamentdir. Bu fundament çox möhkəmdir və digər kanallar məhz bu fundament üzərində qurulub. Bəzi şablonlar var ki artıq köhnəlib, onlardan qurtulmaq lazımdır. AzTV bu yolda doğru addımlar atır.
TV kanalları arasında aparıcı mədəniyyətinə, bədii dilin təmizliyinə görə AzTV bu gün də lider olaraq qalır”.

Deputat Anar İsgəndərov: “44 günlük müharibənin işıqlandırılmasında, qələbə xəbərlərinin xalqımıza, dünyaya çatdırılmasında AzTV nin xüsusi rolu oldu. Maraqlıdır ki, Azərbaycan Radiosunun 95, AzTV-nin isə 65 illik yubileyi məhz zəfər günləri ərəfəsinə təsadüf edib. Əminəm ki, ana televiziya və radiomuz Azərbaycan həqiqətlərinin dünyaya bundan sonra da çatdırılmasında öz xidmətlərini göstərəcək”.

AzVision.az



Teqlər: Radio   TV  





Xəbər lenti