Əsəd Qeysər: "Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"

      Əsəd Qeysər:    "Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"
  06 Noyabr 2021    Oxunub:643
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər 8 Noyabr - Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, məktubda Milli Assambleyanın sədri 44 günlük Vətən müharibəsinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb. Ötənilki müharibədə Azərbaycanın Qələbəsini əlamətdar nailiyyət kimi qiymətləndirib.

Əsəd Qeysər Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin Pakistanda da qeyd olunduğunu vurğulayıb. Bildirib ki, bu nailiyyətə görə Azərbaycan rəhbərliyi, Silahlı Qüvvələri və xalqı hörmətə və alqışa layiqdir.Məktubda Azərbaycan torpaqlarının azad edilməsində yüksək peşəkarlıq və şücaət göstərmiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram ifadə olunub.

Həmçinin diqqətə çatdırıb ki, Pakistan hökuməti, parlamenti və xalqı hər zaman BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində ölkəmizi bundan sonra da dəstəkləyəcək. Pakistan Milli Assambleyasının sədri qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıb.

AzVision.az


Teqlər: Pakistan   Azərbaycan  





Xəbər lenti