Dövlət Sərhəd Xidmətində Zəfər Günü qeyd olunub

Dövlət Sərhəd Xidmətində Zəfər Günü qeyd olunub
  07 Noyabr 2021    Oxunub :259
Dövlət Sərhəd Xidmətində Zəfər Günü qeyd olunub.
DSX-dan AzVision.az -a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Hey­dər Əliyevin xati­rəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib. II Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşda həlak olmuş igid oğulların xatirəsi anılıb.

Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində davam edən və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Res­pub­likası Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.



Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qo­yularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının parlaq qələbəsi ilə başa çatdığını xüsusi vurğulayıb.



Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əmə­liyyatlarda Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

Müzəffər Ali Baş Komandanın sərhədçiləri “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görməsi, orden və medallarla təltif etməsi, cari ilin aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində yeni hərbi hissənin açılış mə­ra­simində “Sərhədçilərin ümumi zəfərdə rolu böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamış 3 yeni hərbi hissəyə gəlişinin Azərbaycanın Sərhəd Mühafizəsinə göstərilən ali etimadın ifadəsi olduğu vurğulanıb.



Tədbirdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə qovuşmuş oğullarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad edi­ləcəyi, ulu əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidləri­mizin müasir tariximizə yazdıqları şücaət dastan­larının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri, milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edəcəkləri vurğulanıb.



Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bü­tövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşə­karlıqla rəhbərlik etdiklərinə, döyüşlər zamanı şəxsi igidlik və sücaət göstərdiklərinə görə təltifləndirilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub, həmçinin xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri müsbət nəticələrə görə və 8 noyabr “Zəfər Günü” münasibətilə bir sıra hərbi qulluqçular və işçilər təltif olunublar.



Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin “Zəfər Günü”nə həsr etdikləri bayram konsertini izləyib.



AzVision.az

Teqlər:







Xəbər lenti